Qadin.NET / Atamın qaçqın dünyasından sətirlər

Atamın qaçqın dünyasından sətirlər

Atam  həmişə  şeir yazarmış. Qaçqın düşdükdən sonra atamın şeir yazdığını bildim. Onlardan bir neçəsini sizinlə bölüşmək istərdim...

Bənzəmir

Sıldırım qayalı meşəli dağlar,

Əfsus bizim dağımıza bənzəmir.

Alması var, heyvası var, narı var,

Bağlar bizim bağımıza bənzəmir.

 

Qızların başında nazik örpəyi,

Naxışlı corabı, zərli köynəyi,

Bənzəsə də danışmağı, gülməyi

Nazı bizim nazımıza bənzəmir.

 

Sərin bulaqları, gur çeşmələri,

Ovsunlar insanı gur meşələri.

Kol dibindən boylansa da gülləri,

Yazı bizim yazımıza bənzəmir. 

                

    Damğa götürməyəydim

Kömək eləmədi Laçına kimsə,

Tanımadıq, qardaş dedik iblisə.

Baş əyincə nadürüstə, nakəsə

Mamır olub daş üstündə bitəydim.

Köçkün damğasını götürməyəydim.

 

Anlamazlar cərgəsinə qoyulduq,

Nadanların qapısında qul olduq,

Evsiz qaldıq, ordan-ora qovulduq.

Yatdığım səngərdə yerə girəydim,

Köçkün damğasını götürməyəydim.

 

Elimdə, obamda olmuşduq ağa

Qaçqın olduq, təzim etdik qoduğa,

Üstümüzə çəmkirəndə qurbağa,

Yerimdəcə qara daşa dönəydim,

Qaçqın damğasını göturməyəydim.

 

Elin həsrətindəyəm

Qəlbimiz göynəyir, gözlər yaşarır,

Xəyal məni məndən alıb aparır,

Viran qalmış yurdumuza qaytarır,

Laçın boyda elin həsrətindəyəm.

 

Ocaq sönüb, qızınıram közümlə,

Dəli kimi danışıram özümlə,

Kaş ki gedib seyr edəydim gözümlə,

Dağdan axan selin həsrətindəyəm.

 

Ömür yaşamışıq cənnət içində,

Oynayıb qaçmışıq güllər içində,

Keçəllərdə, Dəyirman dərəsində

Bitən nərgizgülün həsrətindəyəm.

 

Ətri vardı təzə şumun, torpağın,

Ətri vardı hər bostanın, hər bağın,

Meşələrdə xışıldayan yarpağın,

Dağda əsən yelin həsrətindəyəm.

 

Bulaqları billurdan şəffaf idi,

Adamları sulardan da saf idi,

Qurban vermək Laçını dəhşət idi,

Laçınlı günlərin həsrətindəyəm.

 

Atamın qaçqın dünyasından sətirlər

 

Möhtacam

Könlüm qubarlıdır, kövrəlib dolub,

Bir həlim kəlməyə, sözə möhtacam.

Bağımız odlanıb, bağçamız solub,

Qor tutub sönməyən közə möhtacam.

 

Dərdlər qalaqlanıb, başım açılmır,

Dərmanım qəhətdir, neynim, tapılmır.

Gecələr uzundu, səhər açılmır,

Gözümə dikilən gözə möhtacam.

 

Düşdük biyabana, düşdük qürbətə,

Dözdük tənələrə, dözdük möhnətə,

Bir şirin söhbətə, şirin iffətə,

Ziya nur tökülən gözə möhtacam.

 

Çoxları söz verib, hasil olmayıb,

Şamlıqdadır, donuz hələ çıxmayıb,

Yenişə, yoxuşa nəfəs qalmayıb,

Üç arşın enində düzə möhtacam 


     Haralısan, haralı...

Gündüzlər burada, gecə Laçında,

Kənd-kəsəyin dərdi-səri başımda,

Bir canım burdadır, bir canım orda

Heç bilmirəm oralıyam, buralı

Məndən sorma haralısan, haralı.

 

Tərlan idim, düşürdülər, sar oldum

Bəd əslə könül verdim, xar oldum,

Dil bilməzə, bimürvətə yar oldum,

Könül bağçam o vaxtdandır yaralı,

Məndən sorma haralısan, haralı.

 

Harda qaldı Almatayı, Horgədik ,

Yollarımız bağlı qaldı, getmədik.

Meyvələrin nübarını dərmədik,

Yurdumuzdan gen düşmüşuk aralı.

 

Vətəniydi Soltan Xosrov bəylərin,

Dağ cüssəli, dağ qüvvəli nərlərin,
Oylağıydı Koroğlunun, Nəbinin,

Hor Gədiyi, İsgəndəri, Qalalı

Məndən sorma haralısan, haralı.

 

Gün olurmu yaşarmaya gözlərim,

Çin çıxaydı yuxuda gördüklərim,

Gedəm kəndə, unudula dərdlərim,

Yəqin mənə yer saxlayıb Babalı

Məndən sorma haralısan, haralı. 

Müəllif: Həsənov Səxavət

 

Atamın qaçqın dünyasından sətirlər

Hamınızın saf ürəklə oxuyaraq səmimi sözlərinizi gözləyirəm.

Ardı var...

14 iyun 2013
GO BACK