Əziz Qadin.Netlilər.İlk xəbərimi anama yazdığım etirafla başlamışdım. ALLAH bütün valideynlərə can sağlığı versin, haqq dünyasına köçənlərə də rəhmət eləsin. Mənim anam arada şeir yazırdı. Bir gün əlimə onun şeir dəftəri keçdi. O da öz atasını 3 yaşı olanda itirib, anasının da 54 yaşı olanda rəhmətə gedib. Bunu deməkdə məqsədim odur ki, anam da bütün həyatını şeirlərində əks etdirib. Oxuduqca göz yaşlarıma hakim ola bilmirdim. Bu şeirlərdən qardaşıma və anasına yazdığı şeirləri sizlərlə bölüşmək istəyirəm.
Əziz oğlum, can-ciyərim.
Budur sənə vəsiyyətim.
Kimi sevsən hörmət elə,
Odur sənin aqibətin.
Polad kimi möhkəm ol sən.
Bəslə onu sevincinlə.
Heç bir zaman qəmgin olma
Bərkiyəcək o da sənlə.
Sev onu sən lap ürəkdən,
Hər işinə kömək elə.
Olma ona sən biganə.
Bu törədər əngəl sənə.
Çünki sənin canın odur.
Onsuz həyat bir məzardır.
Elə et ki, inciməsin.
Sınan ürək heç düzəlmir.
Sirr saxlama ondan ayrı.
O olacaq sənə kömək.
Məsləhətçin, canın odur,
Ömrün, günün, ruhun odur.
Odur gözəl incin sənin,
Göz oxşayan qönçən sənin.
Heç bir zaman qəlb sındırma.
Açan gülü sən soldurma.
Bu sözləri unutma sən.
Mən deyənə əməl etsən.
Xoşbəxt olub şad yaşarsan.
Ömrün boyu şən olarsan.
Ana
Taleyim olsaydı anam qalardı,
Dərdimə, şərimə yanan qalardı.
Yox imiş əzəldən taleyim mənim,
Görünür bu imiş qismətim mənim.
Ahu zarımdan əsir ürəyim,
Onun zərbindən yanır kürəyim.
Gecəli-gündüzlü hey çırpınıram,
Qəfəsə salınmış bir bülbül kimi.
Əlimdən gedibdir gül üzlü anam,
Sağıma-soluma hey baxıram mən.
Gözümə görünmür o istəkli can,
Odur ki, daima hey ağlayıram.
Göz yaşımdan yerə nohur salıram.