Səni yaşantınla baş-başa qoydum,
Nə yanında qaldım, nə taleyində.
İnadın səni də, məni də yıxdı,
İndi öz-özünə küs də, deyin də.
Ayrıldıq qurtardı söz-söhbətimiz,
Necə istəyirdin elə də oldu.
Gözü götürmürdü çoxunun onsuz,
Çoxları əzabdan, bəladan oldu.
Başında ayrılıq havası gəzdin,
O qan nə qanıydı, oynatdı səni.
Hissini bu qədər ucuz bilməzdim,
Bu eşqin qanına boyatdı səni.
Gedən ömür oldu, dərdə qalan sən,
Günahlar könlünü silkələmədi.
Sənin ürəyində ölən duyğular,
Nə yaxşı ki, məni tərk eləmədi.
İndi yol qalmayıb, düşüb getməyə,
Bütün körpüləri yandırdıq, heyif.
Özümüz nə vaxtsa çıxıb gedənik,
Bu kamsız sevgini sındırdıq, heyif.