Yenə qayıdıram ata yurduma,
Ürəyim gizlincə hey inildəyir.
Gedirik qürbətdən, bir ürək, bir mən.
Körpəlik illərim məni səsləyir.
Yenə o dağlardan alacaq nəfəs.
İllərlə dərdimi çəkən ürəyim.
Yenə təndir üstə xumarlanacaq.
Babamdan yadigar isti çörəyim.
Yenə səhər-səhər qulaqlarıma
Gələcək nəğməsi tənha bülbülün.
Şirin yuxularda hey duyacağam
Ətrini utancaq tək qızılgülün.
Yenə yandıracaq ayaqlarımı
Babamın gəzdiyi o isti torpaq.
Xəyallar çəkəcək ötən illərə.
Deyəcəklər: "Gedək bənövşə tapaq".
O kolun dibində yoxdur bənövşə.
Bilirəm, zamanla köçür güllər də.
Bir qürbət nəfəsim, hicran harayım.
Qaldı bu vətənsiz, soyuq illərdə.
Deməyin, sormayın, kimdir günahkar.
Tale qələmini kim yoza bilər?
Bax belə dağınıq, həm də ağrılı,
Keçir ömrümüzdən qayıtmaz illər.
Brest 19.05.2013