Düşmə şeytan kəməndinə, sığın Allahın rəhminə,
Hazır ol hər bir əmrinə, əgər Allahı sevənsən.
Nifrəti, kini kənar et, hər işi səbrlə həll et,
Günahkarı sən də əfv et, əgər Allahı sevənsən.
Hər yalan sözə inanma, dünyanı əbədi sanma,
Heç kimin qəlbini qırma, əgər Allahı sevənsən.
Yıxılanı sən də yıxma, özgəyə pis gözlə baxma,
Etdiyini gözə soxma, əgər Allahı sevənsən.
Kimsənin haqqını kəsmə, boş yerə heç kəsdən küsmə,
Əlini Allahdan üzmə, əgər Allahı sevənsən.
Kimsəyə etmə paxıllıq, insana zinətdir saflıq,
Heç kimə etmə yamanlıq, əgər Allahı sevənsən.
Hazır ol hər imtahana, hazır ol şərə-böhtana,
Heç zaman uyma şeytana, əgər Allahı sevənsən.
Səcdə eylə sən Qurana, hörmət eylə hər kəlama,
Nahaq əl basma Qurana, əgər Allahı sevənsən.
Əgər salehi-əməlsən, yetimə sığal çəkərsən,
Oruca namaza gəl sən, əgər Allahı sevənsən.
Sidq ilə eylə ibadət, saxla məhşədə əmanət,
Yaxşılığı eylə adət, əgər Allahı sevənsən.
Kimsənin günahın alma, özünü bəlayə salma,
Namazı qəzaya salma, əgər Allahı sevənsən.
Kimsəyə söyləsən böhtan, günaha batmış olarsan,
Günahı boynuna al sən, əgər Allahı sevənsən.
Qeybətdən uzağa qaç sən, əyri yox, düz yolu seç sən,
Bağlanan gözləri aç sən, əgər Allahı sevənsən.
Qarışqanı fil yaratma, hesab verməyi unutma,
Dünyanı beş əlli tutma, əgər Allahı sevənsən.
Boş yerə keçirmə vaxtı, ruzini verən Allahdı,
Verginən xümsi-zəkatı, əgər allahı sevənsən.
Səmayə, ver sözə qiymət, Tanrıdan aldın cəsarət,
Eylərsən ona itaət, çünki Allahı sevənsən.