Keç günahımdan
Mənə qurban verdin cavanlığını,
Nur etdin ömrümün qaranlığını.
Heyif, ucuz tutdum qurbanlığını,
Görmədim, duymadım insanlığını.
Qəzəbin soyusun etirafımdan
Sənə yalvarıram:
Keç günahımdan!
Bir gəlin olardın üzü duvaqlı,
Bir xanım olardın evi çıraqlı,
Bir ana olardın oğul-uşaqlı,
Qaldın taleyi kəm, qapısı baglı,
Mən səni ayırdım dostdan, qohumdan
Sənə yalvarıram:
Keç günahımdan.
Ruhumu oxşadın gizli, xəlvəti,
Mən oldum könlünün son əmanəti,
Qadın nəvazişi ömrün zinəti,
Ölümdən betərmiş qadın nifrəti
Bunu öz gözümlə gördüm yaxında.
Sənə yalvarıram:
Keç günahımdan!
Ah, nələr törədir acı söz, nələr!
Mənə bal verənə içirdim zəhər.
Hicran hədəfiyəm hər axşam-səhər.
Qayıdıb sinəmə dəyir zərbələr,
Özüm yaralandım öz silahımdan,
Sənə yalvarıram:
Keç günahımdan!
Ömrüm tək qanadlı quşa dönməsin,
Həsrətin gözümdə yaşa dönməsin,
Baharım borana, qışa dönməsin.
Ürəyin bərkiyib daşa dönməsin,
Daşlar da od tutub yanar ahımdan,
Sənə yalvarıram:
Keç günahımdan!
Sagalmaz xəstənəm, dərmanım sənsən.
Həkimim, hakimim, fərmanım sənsən,
Dövlətim, şöhrətim, ad-sanım sənsən.
Yeganə ümidim, gümanım sənsən,
Mən necə əl çəkim son pənahımdan?
Sənə yalvarıram:
Keç günahımdan!
Vaxt ötür, səfərə yığışır köçüm,
Rəvamı özgəni axtarım, seçim?
Bir dərya ömrümdən qalıb bir içim,
Ondan da yolunda hazıram keçim,
Keçim öz canımdan, öz var-yoxumdan,
Bəlkə ayılmadım şirin yuxumdan,
Sənə yalvarıram:
Keç günahımdan!
Sevənlər, sevməyənlər...
Qəlbi kövrək olur sevən kəslərin,
Bir çiçək solanda sarsılır onlar.
İncə duyguların, zərif hisslərin
Qanadı altına qısılır onlar.
Zülmətin bağırını yarıb əridən
Məhəbbət oduyla yanan gözlərdir.
Hər yerdə qan töküb,bəla törədən
Ömründə sevməyən ürəksizlərdir.
Üçüncü adam
Bilmirəm qara yel hayandan əsdi,
Hardan ürcah oldu bədniyyət bizə.
Axı, aramızdan su da keçməzdi,
O necə yol tapdı ürəyimizə?
Özgə qiybətləri soyutdu səni,
İndi gözlərində özgəyəm, yadam.
Bir ölüm ayırar iki sevəni,
Bir də qəlbi xain üçüncü adam.
Tofiq Bayram