Qadin.NET / Xatırlamaq üçün

Xatırlamaq üçün

 


 

Nədəndir heç bilmirəm 

sağ cibimdən 

unudulmuş uşaqlığım çıxır həmişə 

yəni günəşə doyunca baxmağı 

öyrənən balaca


Hamıdan gizlədiyim

sol cibimdə isə

utancaq qızcığazın

ilk sevgisi var

ilk kədərləri

ilk şeirləri

 

Əllərim də doludur xəyallarla

itkilərlə

bir yaz sabahında

öz doğma evimizdə

itirdiyim atamın gözləri

“heç zaman ayrılığa inanma”deyir

o gündən yadlaşan evimiz

ayrılığa inanmağı öyrədir mənə

 

amma nədənsə

indicə sağ əlimlə yazdığım şeir də

“ayrılığa inanma”deyir...

nədənsə...nədənsə...

Xatirə Sadıqova

1 noyabr 2010
GO BACK