Qoy incisin, küssün cavab gözləyən.
Axı ürəyimiz bezib yalandan.
Dostluq o insanla əbədidir ki,
Dar gündə tutacaq gücsüz qolundan.
Söylə həqiqəti, qaçma yolundan.
Günahlar insanı aciz eyləyir.
Sən mənə, mən sənə deməyin hərgah.
Səni tənqid edən xoş gün diləyir.
Yalan şəkərdir ki, çiskini gözlər
Əriyib gedəcək xırda yağışda.
Həqiqət qayadır, sınmaz bir daşdır.
Şaxtaya,soyuğa dözəcək qışda.
Bir kəlmə xoş sözün dalınca qaçma.
Dustağı olma gəl yalan sözlərin.
Unudub puç etsən öz mənliyini
Gəzəcək yaltağı daim gözlərin.
Axtarma mənfəət işi düşəndən.
Tanrı qismətinə yazanla barış.
Çəkilib dayanma, baxma kənardan.
Elinin dərdinə-sərinə qarış.
Bir də diqqət eylə, zalım dünyadır.
Verdiyi çörəyi başa qaxan var.
Dilinin açarı özündə olsun.
Kəlmənə söykənib evlər yıxan var.
Saxta gülüşlərin olma xəstəsi.
Tərif ağaçının kökü dayazdır.
Gündə əlli dəfə can-can deyəni
Bağrına basma gəl,qəlbi ayazdır.
İlham İdrisoğlu Brest 01.10.2012.