Ürəyim
Qəfəsdə quş kimi nə çırpınırsan
Hərdən sakit olub xeyli susursan
İncitmişəm səni qısas alırsan
Küsmə məndən çoxdur arzum diləyim
Qoyma məni yarı yolda ürəyim
Qəlbimdə o qədər hekayətim var
Möhlət ver arzuma kamıma çatım
Mənim səndən- sənə şikayətim var
Çoxdur ürəyimdə arzum diləyim
Qoyma məni yarı yolda ürəyim
Atam yox arxamda dağ tək dayana
Anam yox halıma od tutub yana
Yalvarıram çıxar məni bir yana
Arzumu gözümdə qoyma ürəyim
Belə yorğun yorğun vurma ürəyim
İstəyim var gəlin gəlsin evimə
Məhəbbəti nur çiləsin ömrümə
Görsənmi nə böyükdür diləyim
Sən də baxıb sevin sevin ürəyim
Ömür gülşənimi soldurma erkən
Həmişə üstünə qəm yükləmişəm
Heç vaxt pislik gəlməyibdir əlindən
Gileylənmə mənə sirdaş ürəyim
Axıracan olaq yoldaş ürəyim