Var-dövlət, şan-şöhrət yalandır yalan.
Sevgidir yaşayan, sevgidir qalan.
Diz çökür qarşında istəkli balan,
Məni sevgilimdən ayırma, ana!
Gözüm ixtiyarsız xəyala dalar.
Hər nəğmə eşqimi yadıma salar.
Ən şirin istəyim yarımçıq qalar,
Məni sevgilimdən ayırma, ana!
Həyatın varlığı xəyala dönür,
Dərdimə bir əlac ölüm görünür.
Özün yandırdığın çıraq da sönür.
Məni sevgilimdən ayırma, ana!
Eşqin zirvəsindən enə bilmirəm.
Vəfasız deyiləm dönə bilmirəm,
Sevgi ulduzuyam sönə bilmirəm
Məni sevgilimdən ayırma, ana!
Göz yaşım sahilsiz, kədərim sonsuz,
O, mənim bəxtimə doğan bir ulduz,
Yaşaya bilmirəm bir an da onsuz.
Məni sevgilimdən ayırma, ana!
Gör necə yalvarır sənə bu balan,
Mən söyləmədim heç zaman yalan.
Mənəm pərvanətək bu oda yanan.
Məni sevgilimdən ayırma, ana!