Şəklini böyüdə bilmirəm, ata,
Şəkil böyüdənə verə bilmirəm.
Səninlə bağlıydım yurda, həyata,
Sənsiz bu dünyanı görə bilmirəm.
Söz səndən düşəndə qırılır sözüm,
Səssizlik gəzirəm, dözmürəm səsə.
Böyük şəkillərdən su içmir gözüm,
Şəklin böyüyündən qorxuram, nəsə...
Ürəyin başından asılan kəsi,
Xalıdan, divardan asmaq çətindir.
Yoxdursa bir evdə ata nəfəsi,
Gözlər sataşanda susmaq çətindir.
Gəlmək istəmirəm sənlə üz-üzə,
Çiynimdə daşınmaz bir yük dərdi var.
Balaca şəkillər az dəyir gözə,
Böyük şəkillərin böyük dərdi var!
Heç zaman uymazdın bər-bəzəyə sən,
Şəkilsiz yazı var baş daşında da.
Sənə özün qədər oxşayan mənəm,
Şəklin mən olaram yüz yaşında da!
Zəlimxan Yaqub