Qaytaracağam
Necə sevməyimi bilməyin üçün,
Coşqun ürəyimi vermək istərəm.
Bütün şübhələri silməyin üçün,
Sonsuz diləyimi görmək istərəm.
***
Sükutun sızladır hey kaman kimi,
Düşünsən incidir hər ikimizi.
Nə yaman soyudun dağda qar kimi,
Od olaq isidək bir-birimizi.
***
Sevirsən bilirəm amma nə üçün,
O süzgün baxışın qəlbimi üzür.
Eşqimin isbatı gərəkliyiçün,
Alışan sevgimiz aralı düşür.
***
Başımı sinənə qoymaq istərəm,
Bəlkə qəlbin deyə dərdini mənə.
İsti nəfəsini duymaq istərəm,
Bəlkə təsəllimdir, düşündüm yenə.
***
Məndən uzaqlarda olsan da bil ki,
Durmadan, hər zaman axtaracağam.
Qoymaram büdrəyə, eşqim tükənə,
Mən səni özümə qaytaracağam.
Müəllif: Ofeliya Xəlilova