Sevgi nə saralar, sevgi nə solar,
Bu eşqi, ülfəti ötərgi sanma.
Desələr: «Çox sevib, ayrılmaq olar,
Sevgi qabaqdadır» buna inanma.
Qəlbində od varsa, qışda da yazsan,
Soyutmaz nə boran, nə də qar səni.
Əgər başqasına sən qulaq assan
Səhvin ömrün boyu yandırar səni.
Əl çatmaz, ün yetməz bir uzaq kimi
Onu sən axtarma, gəzmə hər dəfə.
Ömrünü bəzəyər çilçıraq kimi
Məhəbbət bir dəfə, sevgi bir dəfə.
Kim deyər böyüksən, ya da uşaqsan,
Sevinc ya ağlayanda, ya güləndədir?
Sevilə-sevilə yaşayacaqsan,
Dünyanın sevinci seviləndədir.
Saysız qəmlənərsən, saysız gülərsən,
Saysız nişan olar sinən hədəfə,
Yüz dəfə doğulub ölə bilərsən,
Doğulur ömrünə sevgi bir dəfə.
Həyatda sevilmək deyildir asan,
Çalış, öz ömrünü sən vermə zaya.
Necə ki, sevmirsən – doğulmamısan!
İnsan məhəbbətlə gəlir dünyaya.
Müəllif: Davud Nəsib.