Qəlbimi göynədir qəfil gedişin,
Əlimi əlindən üzə bilmirəm.
Donuram yerimdə sanki buz kimi,
Gözümü gözündən çəkə bilmirəm.
Dönür saat günə, günlər aylara,
Ayrılıq dağ çəkir, girir araya,
Sevgini bənzədir dəmir qalaya,
Açarı əlimdə aça bilmirəm.
Fəsillər ötüşür, illər hey keçir,
Gör bir ilk görüşdən neçə il keçir.
Sənsiz xəyallarım vüsaldan keçir,
Bu həsrət bitəcək, nə vaxt? Bilmirəm.
Hopmusan canıma hüceyrə kimi,
Səni sevməmişəm mən hamı kimi,
Bu sevda başımda dəlilər kimi,
Mən səni sevmişəm. Niyə? Bilmirəm.
Tanrı çox görməsin qoy səni mənə,
Mən dözə bilmərəm sənsiz möhnətə.
Eybi yox, qoy düşüm sənlə çətinə,
Sənsiz ürəyimlə gülə bilmirəm.
Hər an gözləyirəm, "Gələrsən" deyə,
Sənsizlik qıy vurur əsən küləyə,
Qismətim yollara bir nur ələyə
Mənə qaytararmı səni, bilmirəm.
Müəllif: Gülxarə