Qadin.NET / Lirik şeirlər

Lirik şeirlər


Lirik  şeirlər

Birinci  elegiya

Gözlərin  qaradır  deyə,

Haçansa  qarışacaq  gecəyə -

Qoşa  damla  kimi  içəcək  gözlərini  gecə.

Dönəcəksən  ay  işığına,

Gizlədəcək  səni

gecə , duman , çən ...

Hər  səhər  göz  yaşlarını

Yığacağam  çəmənlərdən,

çiçəklərdən.

1985.

Xatirə

 

Gəl

oynayaq

hazır  saxlamışam

qartopunu  da.

Bir  yerdə  atarıq

hara  istəsən.

Bəlkə  yox  xəbərim,

sən  atıb  getmisən

mən  gözləyirəm

hələ  də

ovcumda  ərimir

keçən  ilki  qar. 

2001

 

 

Etüd

Dayanacaqdayam.

Qəfildən  qoca  bir  ağac 

ağır-ağır  yaxınlaşdı  mənə.

Palçıqlı  ayaqlarıyla

dayandı  yanımda.

Bahar  adlı  qatar

gələcək  deyə , sevinirdi.

 2002

***

Çox  da  bahardı ...

Ümidlər

qayıtmayan  durnalardı.

Sənsizlikdən

gözlərim  cadar – cadardı.

Eh , nə  deyim , nə  deyim –

Biri  vardı ,

biri  vardı ...

1997.

***

Gecə  -

hisli  qazan  qapağı ,

Altında  fikirlərim

Qoyulub  dəmə.

Mən  -  gecənin  aşpazı,

Söz  bişirmək 

düşüb  öhdəmə.


1984


Bəxtiyar  Əliyar

Azərbaycan  Yazıçılar  Birliyinin  Üzvü

 

15 mart 2013
GO BACK