Qadin.NET / Hələlik, tələbəlik

Hələlik, tələbəlik

       Hələlik, tələbəlik

      Əziz Qadın.Netlilər, çoxlarımız tələbəlik həyatını keçmiş. Bəzilərimiz bu həyata hazırlaşır, bəzilərimiz isə bu yolu heç keçməmişdir.Tələbəlik həyatı hər kəsin qəlbində, həyat yolunda bir iz salar və o iz heç vaxt unudulmaz! İllər keçsə belə hərdən yada düşər için-için ağladar insanı. O illərin xatirəsi unudulmaz, yaddaşlara əbədi olaraq həkk olunar. Kimisi xatirələrini rəfiqəsi ilə, kimisi bacı - qardaşı ilə, kimisi övladları ilə bölüşər. Danışdıqca o illərə qayıdar, canlanar yenidən gözləri önündə 4-5illik tələbəlik həyatı.
Biz bu illəri unuda bilmərik, çünki bu illər bizə "Gəncliyimiz"-dən yadigar qalır. Gənclik ömrün baharıdır, tələbəlik illəri isə bu baharın solmaz çiçəkləridir.
   Gəlin bir daha o illərə qayıdaq.Kim hansı Universiteti, İnstitutu,Kolleci bitiribsə qeyd etsin şərhində, bəlkə neçə vaxtdır bir yerdə olduğumuz bu saytda hansımızınsa tələbə yoldaşımız var? Bəlkə bizi illərdir kimsə axtarır tapa bilmir, ya biz kimisə axtarırıq tapa bilmirik...

Hələlik, tələbəlik

Günlər bir-birinin sıxdı əlini
Günlər yaşa dolub illərə döndü.
Dünən minbir yerə uçan xəyalım
Bu gün pərvazlanıb bir yerə döndü.
Dünən çətinliklə rastlaşan zaman
Dedim öyrənərəm, tələbəyəm mən.
Demirəm bəsimdir öyrəndiklərim,
Bu gündən zamanın tələbiyəm mən.
Hər bir imtahandan mən çıxan zaman
Arzular yığılıb neçə qat oldu.
Bu gün həyəcanla aldığım qiymət
Dünənki zəhmətə mükafat oldu.
Tələbə həyatı sona yetişdi,
İllər yaşa doldu bilməmişəm mən
Bu illər gəncliyin solmaz baharı
Bahara baxmaqçün gəlməmişəm mən.
"Əlvida"demirəm bu xoş bahara
"Hələlik"deyirəm əlacım nədir?
Lakin bir həqiqət yaşadır məni
İllərdə yoxamsa, illər məndədir.
Tələbə həyatı, sevinc günləri
Kim deyər bu günlər kədər, qəm oldu.
Dünən qorxa-qorxa çəkdiyim bilet
Bu gün həyat üçün vəsiqəm oldu..
 

 

 Zahid Həmid.

25 mart 2013
GO BACK