Sən mənim əyilməz vüqarım idin,
Qarlı qış olanda baharım idin,
Hər fəsildə mənim nübarım idin
Soldu bağım, mən barımı itirdim.
Can deyəndə hər qadasın aldığım,
Sevincinə yeni sevinc qatdığım,
Köksümün içində hər gün çaldığım
Sarı simli o tarımı itirdim.
Ümüdüm, gümanım tək sənə idi,
Görünür, səninki bir həvəs idi
Təkcə var olmağın mənə bəs idi
Gedişinlə mən varımı itirdim.
Sən mənim canımda olmuşdun tənim,
Məni tam edən o bir yarımdın mənim,
Ömür yoldaşım, "Yar"ımıydın mənim,
"Yar" dediyim tən yarımı itirdim....
Müəllif: Röyalə Əsədova