Dəyərli zinətlər verilməz bada,
Yaraşığı cismə vermiş, ruha da
İffəti, şəfqəti, dəyəri artsın.
Qoruyub sevməyə həvəs oyatsın.
Hər kəs öz bağını saxlar qapalı,
Zay olmasın, artsın sərmayə malı.
Nurun çoxluğudur ruhun kamalı.
Yaranma qayəsin qəlb unutmasın,
İnsanın əxlaqı kamala çatsın.
Fitrət yoğrulmuşsa belə mayadan
Tərəqqiyə ziyan olmaz həyadan…
Xilqəti dəyişmək istəyən adam
Hər yaradılana yenilik qatsın.
Meyvəni qabıqsız, çılpaq yaratsın.
Hər cismə qumaşı seçmiş əladan.
Ancaq sadə donu düşünsün adam
Deyib ki, halından qoy ibrət alsın,
Deməyib örtsün keçmişə atsın.
Öndə gedənlərdən örnək alanı,
Bugün yalanlayıb cahil sayanı,
Ağlına aldanıb aciz qalanı,
Qəlbin qəflətindən Rəbbim çıxartsın
İman sahibini Allah ucaltsın.
“Zəmanə tələbi” deyərək bəzən
Olub tarix boyu öz dəbin gəzən.
Onlar, Peyğəmbərin qəlbini üzən
Möhürlü qəlblərin sonuna baxsın.
Yaşanmış tarixdən qoy dərs çıxartsın.
Geyimlə qorunmaq istər hər adam,
Qadına bu haqqı vermiş Yaradan.
Haqqını qadının əlindən alan
Övladlar, anamız qoy hürr yaşasın!
Allahdan aldığı fitrətdə qalsın...
Aidə Sahibli