Ana, ölümünə inanmıram mən,
Analar yaşayır övlad qanında.
Analar ömr edir,dövri-qədimdən
İnsanın eşqində, həyəcanında.
Girir qəlbimizə onlar xəbərsiz
Döşündən verdiyi süd ilə qoşa.
Həyat yolumuzda salır dərin iz
Yetdikcə kamala,dolduqca yaşa.
Girir yuxumuza uzun gecələr
Gəzir fikrimizdə,xəyalımızda.
Analar yaşayır son ana qədər
Andımız,eşqimiz,vüsalımızda.
Əvvəl gəlir evə bir gəlin kimi
Köksünün altında insan yaradır.
Sonra əbədiyyət heykəli kimi,
Övladla illərdən-illərə çatır.
Nənəlik çağında nağıllarıyla
Nəvə ürəyində qurur xaniman.
Analar yaşayır könül varıyla
Əcəl də onlara göstərir aman.
Adil Babayev