Bəzən iş otağıma çəkilib bütün günü,
Axtarıram sözlərin, kəlmələrin kökünü.
Öyrənmək istəyirəm diqqət ilə, səy ilə,
Sözlər necə yaranıb hardan gəlibdir dilə.
Lüğətlər kömək etmir, qamuslar gəlmir kara
Deyirəm öz-özümə: ürəkləri sən ara.
Talelər kitabında mənası var hər sözün
Hər həsrətin vüsalın, hər gecənin-gündüzün.
Düşünürəm: zindanda azadlıq boğulanda
Körpələrlə gözəllik bir yerdə doğulanda.
Azadlıq həsrətilə yanan zaman Vətənim
Yəqin "azadlıq" sözü dilimə gəlmiş mənim.
İnsanlar sürüləndə yurdundan diyar-diyar
Yəqin "Vətən"sözünü qürbətdə yaratdılar.
Vətən oldu onların arzusu, düşüncəsi
Meyvələrin nübarı, çiçəklərin qönçəsi.
Ocaqların tüstüsü,
Təndirlərin istisi,
Çinarların vüqarı xəyala gələn zaman
Yarandı "Vətən" sözü qəriblərin ahından.
Bilirəm torpağımın sevinci var, yası var
Onun gözünün dağı hicranlı Arazı var
"Həsrət" sözü Arazın yaranın sularından
Axı, bu torpaqdakı daşın da, çinarın da
Kökü Arazdan keçib, o taya adlayıbdır.
Araz əvvəl çay idi
İndi həsrət olubdur, qəlbləri odlayıbdır
Nə qədər yol getmişik Günəşin sorağında?
Bir vaxt oda sığınan yurdumun torpağında
İşığa həsrət qalıb illər boyu nəsillər
Səmum nəfəsli aylar, ölüm nəfəsli illər.
Söndürüb evlərdəki neçə odu, ocağı
İnsan olub cansıxan qaranlığın dustağı.
Kim bilir, bəlkə onda
Ürəklər bir çırağın həsrətiylə yananda
"İşıq" sözünü ilkin dilə gətirmişik biz
Arzunun işığıyla "işıq" gəzib nəslimiz?
Bəlkə "ümid" sözü də uzaq bir çıraq kimi,
Elə o vaxtlar yanıb,
Ya zülmətdə doğulub, ya zindanda yaranıb?
Ayaqlar buxovlanıb, əllər zəncirlənəndə
Fəlakət üstümüzdə bayquştək hərlənəndə
Ölüm dayanan zaman qaşla-göz arasında
Bəlkə bir cəngavərin ümidsiz yarasında.
Bəlkə ölüm anında ümid gözləyən gözdə
Ümid də yaranıbdır"ümid "ünvanlı sözdə?
Bəzən iş otağıma çəkilib bütün günü
Axtarıram sözlərin ,kəlmələrin kökünü.
Məncə,hər söz yaranıb bir arzudan, diləkdən
Sözlər də məcrasını alır yanan ürəkdən!
Adil Babayev