Babayev Nəbi Ələkbər oğlu 1924-cü il dekabrın 10-da Bakı şəhərinin yaxınlığındakı Xırdalan kəndində dünyaya gəlmişdir. O ikinci dünya müharibəsində iştirak etmişdir. Bir neçə ali təhsil almış, neçə-neçə vəzifələrdə çalışmışdır. Çoxlu mükafatlar qazanmışdır. Nəbi Xəzrinin şeir və poemaları bir çox dillərə tərcümə edilib nəşr edilmişdir. Poeziyası, böyük vətəndaşlıq qayəsi geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Onun yazdığı seirlər sevilərək oxunduğu kimi, sevilərək də bu şeirlərə mahnılar bəstələnmiş və böyük zövqlə oxunulmaqdadır. Nəbi Xəzrinin yaradıcılığı daima yüksək qiymətləndirilib. Onun dram əsərləri dəfələrlə Azərbaycan tamaşasına qoyulmuş, sevilərək izlənilmişdir. 10-a yaxın filmoqrafiyası var. Nəbi Xəzri 2007-ci il yanvarın 15-də, 82 yaşında əbədi olaraq gözlərini yumdu, bu dünyadan köçdü.
Onun yaradıcılığından çox danışmaq olar. Mənim sevdiyim şairlərdən biri də Nəbi Xəzridir. O bu gün olmasa da özündən sonra bizlərə qoyub getdiyi qiymətli yazıları hələ də sevilməkdədir. Bu gün sizə, onun ən çox sevdiyim şeirlərindən biri olan " Mənim ürəyim " adlı şeirini təqdim edirəm. Bilirəm ki, çoxlarınız bu şeiri oxumusunuz, amma gəlin bu şeirlə sairimizi bir daha xatırlayaq.
Mənim ürəyim
Hər payız dərdimi pıçıldayaraq,
Tökülür ağacdan sapsarı yarpaq.
Dinlə, o həsrətlə səslənən qovaq,
Mənim ürəyimdir, mənim ürəyim.
Məhəbbət sonsuzdur, ömürsə qısa,
Nə olar, sədaqət əbədi qalsa!
Kimin ürəyində bir tel qırılsa,
Mənim ürəyimdir, mənim ürəyim.
Üzlərdə, gözlərdə sevgi oxunur,
Məhəbbət ürəkdən-ürəyə qonur.
Gözəllər gözündə o atəş, o nur
Mənim ürəyimdir, mənim ürəyim.
Bulağam, suyumdan doyunca için!
Çəmənəm, mehriban-mehriban keçin!
Min çiçək içindən bir lalə seçin-
Mənim ürəyimdir, mənim ürəyim.
Şairin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var.
Nə qədər dünyada sevən ürək var,
Mənim ürəyimdir, mənim ürəyim.