Qadin.NET / Nəvə

Nəvə

Nəvə 

 

Nəvəm Turana... 

 Evdən ayrılanda beş-on günlüyə,
 Məni bir cazibə evə çəkərmiş.
 Bütün babaları öz ocağına
 Nəvə çağırarmış,nəvə çəkərmiş.


Yatırmı,dururmu,neyləyir indi?
Başı öz işinə qarışan nəvəm.
Küsəndə titrədib dodaqlarını 

Güləndə yanağı qırışan nəvəm.

Tanrı naxış vurub bu yaraşığa,
O,gülə çevrilib,mən sarmaşığa.
İncə gülüşləri dönüb işığa,
Göydə ulduz kimi sayrışan nəvəm.

İlahi,min şükür,babayam indi,
Könlüm bu eşq ilə dindi,nə dindi.
Yağdan da,baldan da min qat şirindi
Yarı gül,yarı bal,yarı şan nəvəm.

Sağlam toxum görüm,sağlam dən görüm,
Ruhu oynaq görüm,qəlbi şən ğörüm.
Bütün nəvələri sevinən görüm,
Olmasın heç zaman pərişan nəvəm.

Çiynimə dırmanan,başıma çıxan
Küsdürsəm,gözünün yaşını sıxan.
"Babam hanı?"-deyib yollara baxan
Məni anasından soruşan nəvəm.

Nə ayrılıq ola,nə həsrət ola,

Adının mənası həqiqət ola.
Turan dünyasına bir şöhrət ola,
Öz haqqı uğrunda vuruşan nəvəm.

Dərdi bir sevdiyi barı Zəlimxan
Neyləyir sərvəti,varı Zəlimxan.
Yarı məhəbbətdi,yarı Zəlimxan
Bizə salxım kimi sarışan nəvəm.

Təsəlli yeridi təkin,yalqızın
Babalar nəvəsiz, gör, nələr çəkir.
Başı qarışanda oğulun,qızın
Bizi evimizə nəvələr çəkir.

Zəlimxan Yaqub

10 yanvar 2013
GO BACK