Qadin.NET / Şəki

Şəki

 

 

Dağ zümrüdü gözəl Şəki,

Küləyinin sığalı

Təzələyir qanı da.

Çox dərdlərin dərmanıdır,

Gülü də, reyhanı da...

***

Dağı, daşı, çölü, düzü,

Gözəllikdən yoğrulub.

Burda hər şey ta qədimdən

Yaşıllığa qərq olub.

***

Şəki baxar göy otların içindən

Dağların maralı tək.

Gül-çiçəklə naxışlanıb

Şəhər əlvan xalı tək.

***

Qamətini qoca palıd

Ucaldıb ot içində,

Saçaqlanır yaşıl otlar

Sanki bulud içində.

***

Dodaqlardan çıxan söz tək

Gül içində gül yanır.

Elə bil ki, binalar da

Ot içindən boylanır. 

***

Mən də otam, sən də otsan,

Elə bil ki, bu anda.

Yaşıl otlat üzərində 

Addımlayır zaman da.

***

Otlar üstə əsən külək

Bir tumardır, sığaldır,

Qayğılarla yanan qəlbi

Yaşıl ipək sağaldır. 

***

...Mən getsəm də yenə bir gün

Qayıdaram bu yerə.

Baş əyərəm Şəkidəki

Otlara, çiçəklərə.

Unutmaram bu yeri,

Danışaram dağa-daşa,

Başımdan keçənləri.

***

Mən deyərəm: -Ana təki,

Ovut məni, ey Şəki!

Mənim donmuş ürəyimə

Şəki yenə can verər.

Ürəyimdən otlar kimi

Təzə sözlər cücərər.

 

Bəxtiyar Vahabzadə

27 sentyabr 2012
GO BACK