Qadin.NET / Neyləyim?!

Neyləyim?!

Neyləyim?!

***

Ömrüm sevgidənmi belə uzandı?

Sənə ölməyim də azdı, neyləyim?!

Neyləyim, qismətim Tanrı yazandı,

Yazan da beləcə yazdı, neyləyim?!

***

Qar yağdı ürəyə, kipriyə, telə,

Bir dolu budağam, yapış sirkələ.

Saldığın dərdlərə dözürəm hələ,

Deyirəm, bəlkə də nazdı, neyləyim?!

***

Dərdindən divanə oldum, gəlmədin,

Alışdım, sızladım, soldum, gəlmədin.

Özümdən didərgin oldum, gəlmədin,

Xəyalım yolunu azdı, neyləyim?!

***

Yenə sətir-sətir uydurur qələm,

Nə göylərdəyəm, nə yerlərdəyəm.

Bu necə ömürdür, vallah bilmirəm,

Çağladı sel kimi, yazdı, neyləyim?!


26 iyul 2012
GO BACK