Təzədən dönürəm uşaq oluram.
Dizinə baş qoyub bərk-bərk yatıram.
Bütün qayğılardan uzaq oluram.
Görürəm çiynində yenə də çarşab,
O başdan durmusan sübh namazına.
Əlində o ulu, müqəddəs kitab,
Yenə üz tutmusan göylərə, ana.
Məni tapşırırsan Allaha bərk-bərk,
Tək bircə balanı, şair oğlunu.
Deyirsən пїЅXudaya, ona ol kömək,
Xətadan,bəladan gözlə sən onu.
Ana,qurban olum,dualarına,
Tapşır,yaxşı tapşır Allaha məni.
Tapşır,yaxşı tapşır,ana,ay ana,
Yurdum talanmasın bir daha mənim.
Keçim Xankəndindən,Kərgicahandan,
Şəhid torpaqları bağrıma basım.
Şərlər qovulsunlar Azərbaycandan,
Bircəciyinin də tumu qalmasın.
Ana,qurban olum dualarına,
Onların sehrini çox görmüşəm mən.
Elə körpəlikdən ana,ay ana,
Onların sehriylə böyümüşəm mən.
Uzaq səfərlərə getdiyim zaman,
Gizlincə cibimə dua qoyardın.
Məni keçirərdin Quran altından,
Sonra min dil ilə ovundurardın.
O dualarında bir sirr vardı,
Məni hər bəladan qurtarardılar.
Məni təyyarələr sağ aparardı,
Salamat yanına qaytarardılar.
Ana,qurban olum dualarına,
Tapşır,yaxşı tapşır, Allaha məni.
Tapşır,yaxşı tapşır,ana,ay ana,
Bir kimsə salmasın günaha məni.
Bu boyda kişiyəm ağır anda da,
Yenə sən çatırsan dadıma, ana.
Mənə dua elə məzarında da
Ana,qurban olum dualarına...