Bir azəri çiçəyi var,
Daim tərdir,
Bəxtəvərdir.
Necə gözəl ləçəyi var,
özü birdir,
sözü birdir.
Qışın soyuq günləri də
Tərliyini itirməyir,
Öz adına nə alçaqlıq,
Nə bir ləkə gətirməyir.
Payız vaxtı solur güllər,
O solmayır-dözümü var.
Yazda dörd yan olur güllər,
Amma onsuz gəlmir bahar.
Bir azəri çiçəyi var,
Sorağını çoxdur tutan,
Lakin ceyran tuta bilməz
Hər öyünüb kəmənd atan.
Hər uçandan qartal olmaz,
Hər oxuyan xanəndəmi?
Yetən kaman güldürərmi,
Ağladarmı Habil kimi?
Hər musiqi yaradan kəs
Əsərində ömür sürməz,
Çox bəstəkar tanıyıram-
Bir Üzeyir yeri verməz!
Bir azəri çiçəyi var,
Ətir saçır hər tərəfə.
Görməmişəm bircə dəfə
solduğunu,
Gözlərinin bulud kimi
dolduğunu
görməyim heç,
Bir təsəlli verməyim heç.
Ürəyində bir sıxıntı
qoy olmasın,
Qüssə ona pay olmasın.
Açıq səma bulud sevmir-
Ay yarımçıq görünməsin,
Xoş arzular qanad açsın,
Uçsun, yerdə sürünməsin!
Bir azəri çiçəyi var,
Uzun saçı qızılıdır.
Gözəlliyi təbiətdən
Taleyinə yazılıdır.
Gur saçının hər telində
Qəlb titrədən pərdələr var,
Ürəyində duyanları
Valeh edən pərdələr var.
Bu ahəngə vurulan çox,
Dinləyəni yoxdur hələ .
Baxışları sehirlidir-
Tilsimləri çoxdur hələ...
Bir azəri çiçəyi var,
Düşünəndir, duyandır o,
Özgəsinə qıyandır o.
İlk baxışda adi bir qız
Son baxışda sirli aləm.
Gah görünür tənha, yalqız,
Nəsə yazır əldə qələm.
Cavab vermir suala da,
Fikri tamam uzaqdadır,
Bu dünyanın acısını,
Şirinini duyur, dadır.
Bir azəri çiçəyi var,
Öyrənməmiş onu heç kəs.
Mühit onu dəyişməsə,
O sarsılmaz, solmaz əbəs.
Bəzək vurur həyatına
Təmənnasız, nəzarətsiz,
Dəyərlidir, daimidir
Addımbaşı qoyduğu iz.
Öz yoluna saçdığı nur
Səadəti olacaqdır,
İsmətinin, həyasının
Qiymətini alacaqdır.
Müəllif: Şair Təbib