Qadin.NET / Deyirsən sev məni (şeir)

Deyirsən sev məni (şeir)


DEYİRSƏN SEV MƏNİ

Deyirsən sev məni, qəlbində yer ver,
Axı istəmirəm bezdirim səni.
Madam ki, bu qədər israr edirsən,
Gəl biraz qəlbimdə gəzdirim səni...
Bu da yer umduğun qəlbin qapısı,
Cəftəsi əyilib, burulubmu de?!
Sonuncu çıxan kəs çox əsəbiydi,
Qəzəblə çırpanda qırılıbmı de...?!
Bu üstü qurumlu, bu torlu qapı,
Səni vahiməyə salmasın qəti.
Buyur, ikiəlli özün qarşıla,
Ömrünə biçilən bu aqibəti...
Saysız cığırları bəzəyən naxış,
Sonuncu ümidin ləpirləridir.
Üstünü toz-torpaq basan o daşlar,
Ölmüş arzuların qəbirləridir...
Hərdən gözlərini qamaşdıran nur,
Közərən eşqimin işıltısıdır.
Hər addım başında eşidilən səs,
Xəzan xəyalların xışıltısıdır...
Bu da xəyanətin pis qoxusudu,
Üzünü turşudub, burnunu tutma...
Deyirdin sev məni, qəlbində yer ver,
Özün istəmisən bunu unutma...!
Göz yaşı axıtmaq, dərdə baş əymək,
Hər sevən aşiqin vərdişləridir.
Divarda gördüyün o iri çatlar,
Səndən "öncəkinin" əl işləridir...
Nə oldu, gözlərin dörd olub sanki?!
Qəti addımları görmürəm daha...
Tərəddüd qoynuna alıbdır səni,
Ümidsiz qalmisan gələn sabaha...
Üzündə əsəb də görürəm hərdən,
Amandır dərdimi üzümə vurma...
Gedirsən, qapını yavaş vur barı,
Bəlkə gələn oldu, cəftəni qırma...

Xəlil Adıgözəl
25 may 2020
GO BACK