Qadin.NET / Mən səni unuda bilmərəm axı (şeir)

Mən səni unuda bilmərəm axı (şeir)

 

Mən səni unuda bilmərəm axı (şeir)

Mən səni unuda bilmirəm axı,

Unutsam, nələri unudam gərək!

Göylərə baxmışıq aylı gecədə,

Unutsam, göyləri unudam gərək!

 

Dənizi unudum, ya dalğaları?

Xatirən yadımdan çıxaydı barı...

Payızda xəzanı, qışdasa qarı,

Baharda gülləri unudam gərək!

 

De, necə unudum mən səni, necə?

Sevgi durna deyil, payızda köçə,

Yuxuma gəlirsən mənim hər gecə,

Ayları, illəri unudam gərək!

 

Sənin xəyalındır həsrətlə baxan,

Adındır hər saat qarşıma çıxan,

Qarışıb şəklinə gözümdən axan

Yağışı, selləri unudam gərək!

 

Sinəmdə peşiman ürəyim qaldı,

Uçdun, əllərimdə lələyin qaldı,

Nələri itirib, bax nəyim qaldı,

Nələri, nələri unudam gərək...

 

Nüsrət Kəsəmənli

19 aprel 2020
GO BACK