Qocalar əyləşir tin başlarında.
Sinə bayatılı, könül şikəstə,
Ömür varaqlanır yaddaşlarında.
* * *
Yaşıdlar köç edib, cavanlar işdə
Tək – tənha oturmaq son əlacları.
Həyatın amansız yalqızlığında
Tutur əllərindən əl ağacları.
Yumub gözlərini düşünür onlar.
Durur göz önündə ötən zamanlar.
* * *
Onlar düşündükcə boşalar – dolar.
Birdən düyün düşər fikrin əvvəli.
Doqqazalar başında bizim qocalar
Düşüncə heykəli, fikir heykəli.
* * *
Əvvəllər deyərdim, onlar bu qədər
Bekarca oturub darıxmır məgər?
Kitab oxuyardım darıxmamaqçün
Onların yerində olsaydım əgər.
* * *
Bir qalın kitabmış hər ömür, demə,
Oxumaq istəsən, yum gözlərini.
Bekar deyilmişlər... Ürəklərində
Onlar oxuyurmuş öz – özlərini.
Bəxtiyar Vahabzadə