Gülpayiqaninin kürəkəni Huccətul İslam vəl Müslimin Hacağa Muhəqqiq buyurur: "Mərhum Axund Molla Əli Həmədani deyirdi: "Bir gün yaşlı bir kişi xüms hesablamaq üçün mənim yanıma gəldi. Diqqətimi o kişidən gələn ətir iyi cəlb etdi ki, indiyə qədər belə qoxu hiss etməmişdim. Ondan soruşdum:-Hansı ətirdən istifadə edirsən?
Dedi:-Bu gözəl iyin bir əhvalatı var ki, indiyə qədər heç kimə danışmamışam. Amma siz bizim mövla və ağamızsınız, onun üçün sizə danışıram. Bir gecə Allahın Rəsulunun (s) müqəddəs hüzuruna müşərrəf oldum. O Həzrət (s) əyləşmişdi. On və yaxud iyirmi nəfər ətrafında adam var idi. Mən də həmin məclisdə idim. Həzrət buyurdu:-Sizlərdən kim mənə ən çox salavat göndərir?
Mən istədim deyim ki, mən çox salavat göndərirəm, amma sakit dayandım. Yenə soruşdu. Heç kim cavab vermədi. Üçüncü dəfə buyurdu:-Sizlərdən kim ən çox mənə salavat göndərir?
İstədim deyim mən, fikirləşdim ki, bəlkə başqaları məndən daha çox salavat göndərir. Gördüm ki, Həzrət Rəsul (s) ayağa qalxaraq mənə buyurdu:-Siz mənə çoxlu salavat göndərirsiniz.
O, bunu deyib dodaqlarımdan öpdü.