Qadin.NET / Xəyalə Murad "Zülmət"(hekayə)

Xəyalə Murad "Zülmət"(hekayə)

Xəyalə Murad- "Zülmət"(hekayə)

Xəyalə Murad "Zülmət"(hekayə)

Vüsalı ilk dəfə birinci kursun ilk dərs günündə Tibb Universitetinin qarşısında görmüşdüm. Yanımda yenicə tanış olduğum qrup yoldaşlarım vardı. Vüsalın Universitet həyətinə ilk girişi yadımdadı. Ayağını çəkə-çəkə, yaxasının düyməsini yoxlaya-yoxlaya gəlirdi. Məndən fərqli olaraq çəlimsiz idi. Pilləkən kənarında oturan tələbə yoldaşım olacaq Qasım bütün ilk kurs tələbələrinə xas olan lovğalıqla danışır, yanımızdan ötən hər kəs haqqında özünəxas fikirlər səsləndirirdi. Vüsalı görəndə istehza ilə: “Baxın, Universitetimiz necə zəngdir... Hətta topalımız da var.”-dedi. Sözün düzü o an mən də yanımdakılar kimi gülmüşdüm və indi bu hərəkətimi xatırlayıb xəcalət çəkirəm. Ən təsirlisi ilə budur ki, Vüsal Qasımın dediklərini eşitmişdi. Əvvəl köksünü ötürüb qapıya doğru getdi, daha sonra kənara çəkilib Qasımın hər böyründən keçənə bir söz qoşmasını müşahidə etdi. Bizim gülüşümüz, özünü göstərmək üçün etdiyimiz bu uşaqlıq Vüsalı çilədən çıxartmışdı. Tamamilə təsadüfən geri dönəndə qapı qarşısında dayandığını gördüm. Üz-gözündən qəzəb yağırdı. Bütün diqqətini bizə yönəltmişdi. Əllərini sinəsində çarpazlayıb qapıya söykənmişdi. Ara bir hirsindən dodaqlarını gəmirirdi. Onun yeni ləqəbini eşitdiyinə şübhəm qalmamışdı. Udqundum və dərindən nəfəs alıb Qasımın çiyninə toxundum:

-Deyirəm, bəlkə ara verəsən, hə?

-Niyə? Darıxdırıcıdı?-Qasım təəcübləndi.
-Məncə az əvvəl dediyini o oğlan eşidib. –Başımla arxamızda dayanan Vüsalı göstərdim- Bu dəqiqə burada dava düşsə, heç təəccüblənmərəm.

-Sən qorxursan?- Qasımın bu dəfəki hədəfi mən oldum. –Kişi ol! Heç kimdən çəkinmə.

-Axı sənin çatana ad qoymağın kişilikdən deyil! –o an heç özüm də bilmirəm cəsarəti haradan tapmışdım.

-Nə dedin?-Qasım ayağa qalxdı.

Yeni tanış olduğum tələbə yoldaşlarım da dava marağıyla ətrafımızda dairə qurdular.
-Elə eşitdiyini! –Önə durdum.-Bir saatdır çatana ad qoşursan, düşünmürsən ki, biri də sənə “ad” qoyar?
-Mənə ad qoyan anasından olmayıb, bildin?!-Qasım yaxamdan bərk tutdu.
Bu zaman onun biləyindən kimsə möhkəm yapışdı. Sola dönəndə Vüsalı gördüm.
-Qoçaqsansa, mənə yaraşdırdığın adı təkrarla.-dedi. Gözlərindən alov fışqırırdı. Qaşlarını elə çatmışdı ki, Qasımı nə hala salacağını təxmin etmək çətin deyildi.
-Nə?-Qasım özünü tamamilə itirdi. Bunu gözləmirdi. –Sən niyə qarışırsan? Yaxamı burax.
-Üzr istə!-Vüsalın gözləri qıpqırmızı qızarmışdı.
-Yaxşı, yaxşı. Bağışla!-dedi.
Vüsal Qasımın yaxasını buraxıb sağ ayağını çəkə-çəkə qapıdan içəri keçdi. Mənim daha orada dayanmağımın bir mənası yox idi. İlk dərs günüm hər kəslə oturub durmamağı öyrətdi. Bir həftə sonra yataqxanaya yerləşəndə təsadüfdən Vüsalla bir otağa düşdük. Otaq yoldaşlığından əlavə həm də onunla dost olmaq istəyirdim. Zahirən çəlimsiz olsa da, özünəinamlı, qorxmaz və ədalətsevər idi. Bu cür insan bir çox gənclərə gözəl nümünə ola bilərdi. Yataqxanadakı ilk gecə o bir küncdə əyləşib mütaliə ilə məşğul olurdu. Ünvanlanmış suallarıma qısa cavab verməklə susmağıma işarə edirdi. Sabahsı gün dərslərimiz nisbətən artdı. Birlikdə öyrənir, sual-cavab edirdik. Onun məndən sonra yatmasına artıq vərdiş etmişdim. Sabahları da məndən əvvəl oyanardı. Bəzən heç yatmadığını zənn edirdim. Axı o bunu necə bacarırdı. Heç cür anlaya bilmirdim.
Xəyalə Murad "Zülmət"(hekayə)

 

Bir dəfə təsadüfən gecə yuxudan oyandım. Boğazım udquna bilməyəcək qədər qurumuşdu. Ayağa qalxıb kiçik su şüşəsini başıma çəkdim. Yenidən yatağa dönmüşdüm ki, bu an Vüsalın yuxuda sayıqladığını eşitdim. Asta addımlarla çarpayısına yaxınlaşıb nə dediyinə qulaq verdim. “Yox! Yox!” deyib yataqda qıvrılıb açılırdı. Çarpayının başından bərk yapışıb, oyadıb-oyatmamağa tərəddüd edirdim. Qəfildən Vüsalın alnında küləkli payız gecəsində peyda olmuş tər damcılarını sezdim. Rəngi ağappaq ağarmışdı. Çiyninə ani toxunmuşdum ki, Vüsal yerindən dik atıldı.
Belə cəld oyanış məni də qorxutmuşdu. Gözlərim necə bərəlmişdisə, Vüsal bir nəfəsə soruşdu:

-Nədir? Nə baş verib?

-Heç... yuxuda danışırdın. -dedim

Sanki ilk dəfə eşitmirmiş kimi vecsiz uzandı, ancaq gözləri boşluğa yönəlmişdi. Nəsə düşünürdü.

-Yuxunu qarışdırmısan?-heç bilmirəm niyə soruşdum. Cavab verməyəcəyinə əmin idim. Adətən dərsdən kənar heç nə danışmazdıq.

-Bu yuxu deyil, həqiqətdir.-dedi.

-Danışmaq istəyirsən? Əgər istəsən dinləməyə hazıram- dedim.
-Dinləmək istəməyəcəyinə adım qədər əminəm.
-Sən bir cəhd et. Danış...-dedim. Qəlbimin daxilində onu tanımaq istəyi vardı. Sanki quracağımız dostluğun taleyi onun verəcəyi cavaba bağlı idi.

Udqundu. Gözucu mənə nəzər salıb yenə boşluğa baxdı. Susurdu. Cavabsız qalmaqdan çox onun güvənini hələ də qazana bilmədiyimə üzüldüm. Dinməz-söyləməz çarpayıma uzandım. Pəncərədən ulduzlu səmanı seyr edirdim. Adətən bu davranış yuxu əvvəli heç nə haqda düşünməməyimə kömək olurdu. Bir-bir ulduzları incələdim, saydım. Bu vaxt Vüsalın çarpayısından çıxan cırıltıya diksindim. Rayonumuzdan uzaq düşəndən bəri yaman çox diksinirdim. Heç özüm də bilmirdim bu ürkmələr nədəndir. Atamdan səbəbini soruşanda “Yad yerə alışanadək belə olur”- demişdi. Gözucu Vüsala baxdım. Üstündəki yorğanı kənara çəkib ayağa qalxdı. Əynində idman şalvarı və ağ yay köynəyi vardı. Sağ ayağını darta-darta stola yaxınlaşdı və heç gözləmədiyim anda dilləndi:

-Kənardan baxıb insan haqqında hər hansı fikrə sahib olmaq çox asandır. Elədir?

-Elədir.-dedim.

-Bunu babam da deyərdi. Bacardığım qədər səliqəli geyinirdim. Aylarla eyni paltarı elə geyinərdim ki, kənardan baxan deyərdi yeni alıb. Geyim...-deyib vecsiz gülümsündü. Qaranlığı yarıb keçən Ay işığında Vüsalın yanaqlarında iki çökəkliyi sezdim.- Bu sadəcə eyibləri örtmək üçün bir vasitədir. Ancaq qəlbin eyiblərini örtməyi bacarmır. Əməllərimizi örtməyi bacarmır. Əməllərimizin ən pisi də riyakarlıqdan, acgözlükdən yaranır. Riyakarlığı tərbiyə etmək mümkündür. Ancaq acgözlüyü əsla. Acgöz insan heç nə ilə qane olmur. Bunu hələ illər əvvəl anlamışdım. O gecə... o murdarları ilk dəfə görəndə...

Susdu. İlk dəfə idi ki, Vüsal dərsdən başqa nə isə danışırdı. İndi isə susdu. Davam etməsi üçün mən də çarpayımda dikəldim. Yatağın kənarındakı lampanı yandırdım. O məni görürdü. Ancaq həm də görmürdü. Başqa, tamamilə başqa yerə baxırdı.

-Dünən kimi yadımdadır. –Gözləri parıldadı- Evimizdə təmir işləri getdiyindən atamla-anam məni tək-tənha yaşayan babamın evinə- Xocalıya göndərmişdilər. Nənəm öləndən bəri kimsə onu evi satıb burdan köçməyə razı sala bilmirdi. Babam Xocalıya bütünü ilə bağlı idi. Burada doğulub, burada yaşayıb, burada da ölmək istəyirdi. Hətta nənəmin qəbrinin yanında özü üçün yer də saxlamışdı.... Biz Ağdamda olurduq, dayımgilsə Şuşada yaşayırdı. Artıq dörd gün idi ki, Xocalıda- babamın evində qalırdım. Ara bir atışma səsləri eşidəndə babamın gözlərinə baxardım. “Əsgərlərimiz təlim keçirlər”deyirdi. Ancaq küçəyə çıxmağa da qoymurdu. Hətta həmin gün evin ikinci mərtəbəsinə çıxmağı da qadağan etmişdi. Canım sıxıldığından odun peçinin böyründə kitab oxuduğum yerdəcə yatıb qalmışdım. O gecə babam məni oyatdı ki, cəld əynimi geyinib küçəyə çıxım. Əvvəl heç nə anlamadım. Key-key ətrafa boylandım. Elə o an ilk dəfə güllə səsini belə yaxından eşitdim.-Əllərini qulaqlarına tutub stulda oturdu- Nəfəsim xirtdəyimdə dayandı. Gözlərim bərələ qaldı. Babam “Qorxma, bala! Artıq yekə oğlansan. Cəld ol!” dedi. Əynimi geyindiyimdə yaxınlaşıb qalın papağımı başıma taxdı. –pəncərəni göstərdi- “Bayırda qar yağır, uzağa getsək üşüyərsən” dedi. Uzağa... o uzağın nə qədər olacağını heç onda təsəvvür belə etməzdim.-barmaqlarını bir-birinə keçirdi. Dırnaqlarını incələyirmiş kimi diqqətlə tamaşa edirdi. Mənsə yataqda oturub dostumun içdən gələn etirafına qulaq asırdım. Hər hansı bir sual vermək istəmirdim. Bu heç lazım da deyildi. Nə də olsa, onu daxilən incidən vacib məsələdən danışırdı.

-Babam tüfəngini doldurub patron ehtiyyatını cibinə qoydu. Əlimdən möhkəm yapışıb hasar qonşusu Əhmədgilə keçdi. Məni Əhmədin üç uşaqlı xanımına tapşırıb alnımdan öpdü. “Onlarla birlikdə rayona evinizə get. Mən də arxanızca gələcəm. Lazım gəlsə, var gücünlə qaç və nə olur-olsun geri qayıtma. Eşidirsən, Vüsal? Qayıtma!...” dedi. Əhmədin qarşısına keçib yola düzüldük. Onun da əlində tüfəng vardı. Dörd bir yandan bizi qorumağa çalışırdı. Uşaqlarla əl-ələ verib var gücümüzlə qaçırdıq. Anam deyərdi “Soyuq havada qaçsan tərləyib sətəlcəm olarsan”. O an anamın o qadağasını da xatırlamırdım. Əhməd hara desə, ora dönərdik. Bizi meşə yolu ilə Ağdama aparırdı. Sıx meşənin içi ilə, dizədək yağmış qarda zülümlə hərəkət edirdik. Ara bir başqa ailələr də bizə qoşulurdu və birlikdə eyni istiqamətə qaçırdıq. Əhməd meşəbəyinin oğlu olduğundan buralara yaxşı bələd idi. Bunu digər sakinlərə deyəndə eşitmişdim. Özüm isə artıq yorulmuşdum, ancaq dayanmırdım, dayana bilməzdim. Ayaqlarımı, əllərimi hiss etmirdim. Sanki bu dəqiqə barmaqlarım qopub düşəcəkdi. Şaxta və dizədək qar bir yandan, arxamızda gələn erməni dığaları bir yandan. Məntiqlə düşünəndə dərk edirdim ki, dayansam ya şaxta öldürəcək, ya da erməni gülləsinə tuş gələcəm. Mənimsə cəmi on üç yaşım vardı. Ölüm barədə düşünəcək yaşda deyildim. Bizə qoşulan digər ailələrdən bir uşaq ağlaya-ağlaya dedi ki, anasını gözləri qabağında vəhşicəsinə öldürdülər. Uşağın gözlərinə baxa bilmirdim. O məndən balaca idi, ancaq necə vahimə içində idisə, onun nifrəti mənə keçdi. Qeyri-ixtiyari babamı düşündüm. Çox güman ki, onu da ...-Susdu. Gözündən bir damla yaş yanağında iz qoyaraq əlinə düşdü. Udqunub:

-Hələ də davam etməyimi istəyirsən?

Vüsalın ani sualını gözləmirdim. Bütün bədənimdə tüklərim biz-biz durmuşdu. Başımı razılıq mənasında yüngülcə yellətdim. Davam etdi:
-Artıq bir saat idi ki, dizədək qar içində özümüzə yer edərək qaçmağa çalışırdıq. Şaxta bizə mane olurdu. Qar isə hər addımımızda ayaqlarımızı “kəsirdi”. Ayaqlarımın, ayaq barmaqlarımın keyiləşməsi hərəkət etməyimə mane olurdu. Əllərimi cibimdən çıxarıb qıpqırmızı qızardığını gördüm. Bir-birinə sürtüb isitməyə çalışdım, ancaq ağrıdan başqa heç nə hiss etmədim. Dərim, sümüklərim göynədirdi. Şikayət edə bilməzdim. Buna haqqım da yox idi. Çünki Əhmədin sonbeşiyi daha çox üşüyürdü. Anası şaxtadan donmasın deyə körpəni şala büküb Əhmədin qarnına bağlamışdı. Digər iki oğlu məndən qat-qat balaca idilər. Gah ağlayır, gah sızlayırdılar. Bizə yeni qoşulan ailənin ağbirçəyi elə yoldaca can verdi. Övladları onu meşədə qoyub yola davam etməli oldular. Dayana bilməzdik, heç ocaq qalayıb beş dəqiqəlik isinə də bilməzdik. Gəlirdilər... arxamızca gəlirdilər. Uzaqdan qalanmış ocağın tüstüsünü görüb yerimizi daha tez müəyyən edə bilərlər deyə qorxurduq. Can qorxusu çox şeyə göz yummağımıza səbəb olur. Babamın kəndindən olan daha iki qadın və bir qız uşağı vardı. Tərs kimi yolda qadınlardan birinin ayağı burxuldu. Digər qadın onu çiynində çəkə-çəkə dartıb aparırdı. Gücü çatmırdı. Biz nə qədər kömək etsək də qadın daha bacarmırdı. Uşaq soyuqdan və qorxudan anasına bərk-bərk qısılmışdı. Əhməd onlara bizi ləngitdiklərini deyəndə ağlaşma başladı. İki qadın mübahisə edirdilər. Söhbətə qulaq verəndə eşitdim ki, onlar bacıdırlar və ayağı burxulan qadın bacısına and aman edir ki, qızını da götürüb bizimlə qaçsın. Əllərində babadan qalma ov tüfəngi vardı. Bacısının əlindən dartıb yanına qoydu. Bir tək öz canına görə biziləri düşmən əlinə vermək istəmirdi. Bacısı ağladı, sızladı. Belində belə olsa, onu çəkib aparacağına söz verdi. Ancaq qadın qərarlı idi. Qızı da anasından möhkəm yapışdı. Boynunu necə qucaqlamışdısa, qadın az qalırdı boğulsun. Balasını duz tək yalayıb, öpüb bağrına basandan sonra itələdi. “Xalanla get!” deyib üzünü ovcunda sıxıb ağladı. Bizim üçün bu səhnə çox ağır idi. Ancaq məcburduq. O qadını orada qoymağa məcburduq. Biri uğruna hamımızı qurban verə bilməzdik. Qabağa düşüb yolumuza gözyaşıyla davam edirdik ki, arxadan güllə səsi eşitdik. Geri dönəndə ayağı burxulmuş qadının qar üzərinə damcılayan qanını və ov tüfəngini gördük. O düşmən əlinə sağ keçməkdənsə, ölümü üstün tutmuşdu. Papaqlarımızı çıxarıb sinəmizə sıxdıq. Qızı hönkür-hönkür ağlayıb xalasının qarnını qucaqladı. Xisləti murdar olan erməni dığaları olmasaydı o qadını, bir ananı yolda qoymağa məcbur qalmazdıq. Sinəmdə elə bir yara açılmışdı ki, heç güllə yarası belə təsir etməzdi. Canım, ruhum göynəyirdi. Bütün bunları yaşamaq üçün bizim nə günahımız vardı, İlahi...- Vüsal əllərini alnına sıxıb qaşlarını çatdı. Susurdu, ancaq buna baxmayaraq əmin idim ki, o gecəyə xəyalən yenidən qayıtmışdı. O acını yenidən duyurdu. Ard-arda yanağından süzülən göz yaşlarını əlinin üstü ilə silirdi. Mənim də gözüm dolmuşdu. Vüsalın danışdıqları məni düşünməyə vadar edirdi, ancaq düşünə bilmirdim. Zehnim donmuşdu. Vüsalın nə az, nə çox düz beş il əvvəl donub az qala buz bağlayacağı qarlı qış gecəsini gözlərim önündə canlandırmağa cəsarət belə etmirdim. Sakitləşməsi üçün təsəlliedici sözlər də vermirdim. Bu onun qəlbini ovutmazdı.
Sükut çox çəkmədi. Vüsal davam edirdi:
-Köməyə də gələn yox idi. Heç ümidimiz də qalmamışdı. Amma Əhməd inanırdı. Əmin idi ki, yolu tanıyır və biz cəld olsaq, heç bir dəqiqə də ləngiməzsək ermənilərdən xilas ola bilərik. Mən də inanmaq istəyirdim. Cəmi on üç yaşım vardı, amma bacarmadığımı dilə gətirməyə cəsarətim çatmırdı. Çox çəkmədi ki, arxadan səslər eşitdik. Gəlirdilər.... Silah səsini eşidib izimizə düşmüşdülər. Qar üzərində dərin ayaq izlərini çətin ki, görməzdən gəlsinlər. Əhmədin bərəlmiş gözlərində hər şeyi oxudum. Öləcəkdik.... Bu son idi. Onların bizə çatması an məsələsi idi. Qorxudan gözlərim qaraldı, zərblə yerə dəydim. Bilirsən, qar yastıq kimi yumşaqmış. Üzərinə hansı hündürlükdən hoppanırsan hoppan, hər zaman yumşaq yastığa düşmüş kimi təəssürat yaranacaq. Mən də üz üstdə qara yıxıldım. Ancaq taqətim olmadı ki, ayağa qalxım. Əhmədin səsini eşitdim: “Babasına söz vermişəm, mütləq aparmalıyıq.”Məndən danışırdılar. Ətrafda heç kim geri dönüb, məni qaldırıb aparmaq istəmirdi. Hər kəs özünü, yanındakı doğmalarını və ya onlardan qalan iki üç nəfər əzizini düşünməli idi. Əhmədin yoldaşı da donmaq üzrə olan üç balasının xilasını düşünürdü. Beləcə məni qoyub qaçdılar. Nəfəsim qarı əridirdi və əridiyi andaca buza çevrilirdi. Şaxta sümüklərimə kimi “işləmişdi”. Dincimi alırdım, ya can verirdim anlamırdım. Bir qədər keçmişdi ki, yad dildə səslər eşitdim. Gəlmişdilər, artıq məni bəmbəyaz qar üzərində sərilmiş halda gördülər. Qorxumdan nəfəsimi saxladım. Soyuq havada nəfəs buxar kimi ətrafda uçuşur. Əgər nəfəs alsaydım sağ olduğumu bilib əsir götürəcəkdilər. Ya da oradaca başımı kəsəcəkdilər. Təxminən on nəfər olardılar. İçlərindən biri əli ilə yolu işarə edib ayaq izlərini göstərdi. İkisi isə düz mənim başımın üstündə dayandı. Sərt şəkildə papağımı başımdan dartıb götürdü. Digəri saçlarımdan yapışıb başımı yuxarı qaldırdı. Nəfəsimi saxladığımdan, üz-gözüm qar olduğundan donaraq öldüyümü düşünüb zərblə qara çırpdılar. Ətraflarımı onsuz da hiss etmirdim. Bu davranışları ilə sadəcə qəlbimin dərinliyindən ikrah və nifrət hissini oyatdılar. Ayaq izlərini işarə edən başımın üstündəkiləri arxasınca səslədi. Belimdən təpik vurub, çiynindəki silahla sağ ayağıma atəş açdı. Yenə də tərpənmədiyimə əmin olub getdilər. Çox güman ki, digər sakinlər kimi məni də işgəncə ilə öldürə bilmədiklərinə qəzəblənmişdilər. Onlar beş addım uzaqlaşan kimi yenidən nəfəs alıb-verdim... Ciyərlərimin yığılıb-açıldığını hiss etdikcə hələ də yaşadığımın fərqində olurdum. Sağ ayağımdakı güllə yarasını isə ətraflarımın buz bağlamaq həddində olduğu üçün hiss etməmişdim. Bir neçə dəqiqə eyniylə tərpənməz qaldım. Qar üzərində keçən hər dəqiqəm məni ölümə daha da yaxınlaşdırırdı. Ancaq ölmək istəmirdim. Xüsusilə də indi. Anamı-atamı xəbərdar etməli idim. Xocalıya, Xocalının dinc sakinlərinə çəkdikləri dağı digər rayonlara da yaşada bilərdilər. Mənim borcum onları xəbərdar etmək idi. Qorxaqlığıma qəzəbləndim. Ayağı burxulan, düşmən əsiri olmasın deyə özünə qəsd edən qadın qədər cəsarətli olmadığıma qəzəbləndim. Qəzəbim məni daxildən isidirdi. Qollarımı asta-asta tərpətməyə başladım. Yaşayırdım, yaşamaq üçün hələ şansım vardı. Özümə “Bəsdir uzandın, dur ayağa, cəsarətli ol! Kişi ol!”deyib cəsarətləndirirdim. Asta-asta ayağa qalxdım. Yaralı ayağımı yerə basanda bütün hüceyrələrimlə ağrını hiss etdim. Əzələlərim dartıldıqca ağrım daha da güclənirdi. Bu hələ də yaşadığıma yeganə işarə idi. Əl yaylığımı çıxarıb dizimdən bərk düyün vurdum. Dikəlib ayaq izlərinin apardığı yolla ağaclara toxuna-toxuna, onlardan dirək kimi istifadə edərək gah hoppandım, gah da yüngülcə addımladım. Körpəlikdən qaranlıqdan qorxardım, ancaq o gecə bütün qorxularım qeybə çəkilmişdi. Ayağımı sürümək heç də asan başa gəlmirdi. Əyilib qarı təmizləməyə başladım. Ən azından ağac qırığı, qalın çırpı tapacağıma ümid edirdim. Əllərim şaxtadan kəsik-kəsik olub qanamağa başladı. Bu da başqa bir ağrı mənbəyi idi. Ağrılarımdan güc almağı o an öyrəndim. İki bir-birindən fərqli qalınlıqda ağac budağı qırdım. Ağac yaş olduğundan budaqları qırmaq heç də asan olmadı. Qanayan əllərimə verdiyim zülüm ürəyimi açmasa da, irəliləyə bilmək üçün tək şansım bu idi. Nəhayət budaqlar sayəsində oradan uzaqlaşa bildim. İzlərin apardığı yolu müəyyən edib o istiqamətdə hərəkət etdim. Sabahın ayazı papaqsız qalan başımı da üşüdürdü. Qulaqlarımı şaxta vurmuşdu. Səma get-gedə əlvan rənglərə boyanmağa başladı. Artıq ətrafı görəcək qədər işıqlanmışdı. Günəşin doğmasına az qala şumluq əraziyə çatdım. Çatmaz olaydım... Gördüklərimə inana bilmirdim. Hər yan cəsədlə dolu idi. Çox güman ki, şumluqda açıqlıq olduğundan, üstəlik də sübh açıldığından sakinlər ermənilərin gülləsinə asanlıqla tuş gəliblər. Hara döndüm bir meyit... Körpəsi, qadını, qocası, cavanı.... İlahi....-Vüsal stuldan qalxıb otaqda sağa-sola getməyə başladı. Hər döngədə sağ ayağına yumruq vururdu. Gözlərindən axan yaş qurumaq bilmirdi. Cənəsi titrəməyə, əlləri əsməyə başlamışdı. Mən cəld ona yaxınlaşdım. Əllərimlə onun çəlimsiz çiyinlərinə toxundum. “Sus” deyə bilmək üçün güc toplayırdım. Daha davam etməməsi üçün ona yalvarmağa belə hazır idim. Ardını eşitməyə nə gücüm vardı, nə cəsarətim. Birdən Vüsal gözlərimin içinə baxdı. O mənim deyəcəklərimi duymuşdu. Xəcalət çəkdim. Onun gözlərinə baxacaq iradəyə sahib deyildim. Gözlərimi yerə zillədim. Dinləməli idim. Bilməli idim. Vüsal əllərimi çiynimdən itələyib məni stulda oturtdu.
-Dinləməyə hazır idin. İndi ardına da qulaq as! –dedi. Axsayaraq pəncərəyə yaxınlaşdı. Qurumuş yağış damlalarının pəncərədəki izinə baxıb xəyalən həmin ana qayıtdı....
- Kaş gözlərimi yumduğumda gördüklərimi sən də görərdin. Ancaq yox... bu vəhşəti bir daha heç kimsənin görməməsini diləyirəm. Kimsə, heç kimsə görməməlidi. Çəkiləcək dərd deyil, daşınılacaq yük deyil! –yenə ağlayaraq sözünə davam etdi- Körpələrimizin, sinəsi kəsilmiş qadınlarımızın, ətrafları doğranılmış cavanlarımızın cəsədləri arasında sürünməyə başladım. İçlərində Əhmədgili axtarmağa cəsarət etmədim. Açıqlıqda diqqət çəkərdim deyə məcburən sürünməli oldum. Az əvvəl çətinliklə qırdığım budaqları da özümlə qar üstündə dartırdım. Önə süründükcə geri dönüb budaqları da qarşıya atırdım. Beləcə cəsədlərin arasından keçə bildim. Ara bir atəş səsləri eşidirdim. Qulaqlarımda qadın və qızlarımızın fəryadı əks-səda verirdi. Diri ikən yüz dəfə ölürdüm... Bir az da irəliyə sürünmüşdüm ki, qar üzərində daha bir neçə izə rastladım. Xocalıdan Ağdama aparan yol buradan keçirdi. Buna artıq şübhəm qalmamışdı. Şumluqdan çıxar-çıxmaz yenidən budaqlardan bərk yapışıb dikəldim. Bir neçə saat sonra hava tamamilə işıqlandı. Gecənin buz kəsən şaxtasından sonra doğan günəş şəfəqləri məni isitməyə bilməzdi. Bədən isindikcə ağrılarım daha da güclənirdi. Bir an dayanmadan, ağrıdan dodaqlarımı dişləyərək irəliləyirdim. Bir qədər sonra Ağdamın Şelli kəndinə çatdım. Heç bilmirəm ətrafda niyə bu qədər maşın vardı. Məni görən bir sürücü cəld qucağına alıb maşının arxa oturacağına uzatdı. Danışacaq, deyəcək bir kəlmə söz tapa bilmirdim. Deyiləcək o qədər söz varkən gözümdən yaş sel kimi axırdı. Hönkür-hönkür ağlamaqdan başqa əlimdən bir şey gəlmirdi. Sürücünün səsini eşidirdim. “Can bala, can! Qorxma daha hər şey geridə qaldı. Bir azdan xəstəxanaya çatacağıq. Alçaqlar, vicdansızlar! Necə cəsarət etdilər, necə qıydılar!” Onun səsindən ağladığını anladım. Gözümü əlimin arxasıyla silib sakitləşməyə çalışdım. Görünür Ağdamda hər kəsin Xocalıda baş verənlərdən xəbəri vardı və mən xilas olan ilk insan deyildim. Xəstəxanaya çatar-çatmaz əməliyyat olundum. Ayılanda güllənin qamış sümüyümü sındırdığını və çıxarılması mükün olmadığından dizqapağından aşağını kəsdiklərini öyrəndim.
Bu vaxt Vüsal çarpayıda əyləşib sağ ayağını önə qoydu. İdman şalvarını yavaş-yavaş yuxarıya qatladı. Orada dizdən bərkidilmiş taxma ayaq gördüm.
- Xəstəxanadan valideynlərimə xəbər göndərdim. Qısa zamanda yanıma tələsdilər. Həkimlərin dəstəyi ilə valideynlərimlə birgə qatarla Bakıya yola düşdük. Burada müalicəm davam etdi. Xəstəxanadan çıxdığımdan üç il sonra Əhmədi televizya verlişlərinin birində Xocalı faciəsi haqqında çəkilən sujetdə gördüm. O sağ idi. Həmin gecə yollarımız ayrı düşəndən bir qədər sonra ermənilərin mühasirəyə aldığı əraziyə düşübmüşlər. Güllələr havada yağış kimi yağırmış. Əhmədin dediklərindən anladım ki, artıq ölmüş insanların meyidləri altında gizlənərək tərpənməməyə çalışıblar. Hava işıqlanmadan sürünə-sürünə mühasirədən qurtulublar. Ancaq həmin gecə Əhməd üç övladından ikisini itiribmiş. Sujetə baxdıqca bağrım yarılırdı. O gecə aramızda olmayan heç kəs bu acının nə demək olduğunu, çəkilməsi, daşınması necə bir işgəncə olduğunu anlaya bilməz. –dedi və yatağına uzanıb yorğanı başına çəkdi.
Heç nə deməyə cəsarət etmədim. Mən də çarpayıma uzanıb lampanı söndürdüm.

Vüsal haqlı idi. Bu dəhşətli faciəni o zülmət gecənin şahidi olmayanlar anlaya bilməzlər. Bizim tamamilə fərqli uşaqlıq xatirələrimiz vardı. Lakin onun xatirələri bütün Azərbaycan xalqının sağalmaz yarası idi. O gecə Vüsalın etirafını dinləməklə təkcə otaq yoldaşımı yaxından tanımış olmadım, eyni zamanda Xocalı soyqırımına xəyalən nəzər salmış, o faciəni “yaşamış” oldum. Bu əhvalat qəlbimdə yatmış Vətən sevgisini, torpaq eşqini alovlandırdı. Vüsalla birlikdə Xocalı soyqırımının gənclər arasında unudulmaması naminə Universitet daxilində bir çox layihələr, tədbirlər həyata keçirdik. Universiteti bitirdikdən bir müddət sonra həkim olaraq fəaliyyət göstərəcəyimiz hərbi hissədə vəzifəmizi şərəflə yerinə yetirəcəyimizə and içdik. Yaralı əsgər və zabitlərimizi müalicə etdikcə onların daxilindən gələn mübarizliyi, Vətən eşqini duymamaq mümkün deyildi. Məhz gələcəyimizə inanaraq Qarabağımızın heç də uzaq olmayan bir gündə geri qaytarılacağına inanmağa başladıq. İndi isə Vətən övladı, istedadlı həkim və ilk növbədə vətənpərvər gənc kimi inanırıq ki, xalqımızın Xocalı adlı böyük yarası ona qovuşduqdan sonra tamamilə sağalacaq.

26 fevral 2019
GO BACK