- Salam qardaş. Yenə də səni narahat edirəm.
- Əleykum salam. Buyur xanım.
- İndi də bir sual beynimi qarışdırıb, mənə rahatlıq vermir.
- Nə sualdır ki, o?
- Azadlıq və məcburiyyət barədə.
- Azadlığın hansı tərəfi sizə qaranlıqdır?
- Mənə elə gəlir ki, biz yaradılmışıq, amma məcburuq. Taleyimiz əvvəlcədən müəyyən olunub və biz həyatımızda qeyd edilən bədbəxtliyə məhkumuq!
- Bəlkə bu fikir uğursuzluğumuza bəraət qazandırmaqdır?
- Niyə ki? Belə olmalı idi və oldu. Bizim heç nəyə gücümüz çatmır.
- Belədirsə, nə var bu qədər həngamə açılıb başımıza? Quran, peyğəmbər, sorğu-sual, ədalət, məhkəmə, cinayət və s. Məcburluq qarşısında bunların faydası varmı?
- Məncə, bu sadəcə əxlaqi normaları qoruyub saxlamaq üçün bir vasitədir. Amma nə bilim, ağlım kəsmir e. Ümumiyyətlə insan nə dərəcədə azaddır?
- Siz dediyiniz bir məsələnin özü tamam fərqli olan bir neçə məsələnin cəmidir. Buna ətraflı izah vermək üçün o fərqli məsələlərin hər biri haqqında danışmaq lazımdır. Mən sadəcə onlardan birinə səthi olaraq cavab verəcəm.
- Yaxşı.
1. İnsanın qarşısına iki yol çıxır və o bu yoldan birini seçməkdə azaddır. Yolun müqəddəratı onun seçimindən asılıdır.
2. Mümkündür ki, mən sizi hansısa bir pis işdən çəkindirim və siz mənə qulaq asaraq o işi görməyəsiz. Deməli, görüb-görməməkdə də azadsız.
3. İndiki durumunuzda yəqin ki, bir neçə dəfə "Kaş ki" sözünü işlətmisiz. Bu "kaş ki"lər sizin seçiminizin nəticəsidir. Bu o deməkdir ki, başqa cür də rəftar göstərə bilərdiz. Bu sizin əlinizdə olub.
Məncə bu qədər kifayət edir.
- Hmm. Həqiqətən də belədir. Bəs niyə? Axı, nə üçün... Elə pis oldum ki, lap özümə nifrət etdim...
- İnsan hər zaman etdiyi yanlışlığı başqasının üstünə atmaq istəyir, özündən qaçır. Bu cür xürafi məsələlər də insan zehninin məhsuludur. Seçim öz əlimizdədir, amma müqəddəratımız seçimin nəticəsidir.
- Necə yəni?
- Bilirik ki, qırmızı işıqda yolu keçmək təhlükəlidir. Ehtimal var ki, həlak olaq. Amma bütün qanunlar keçməməyimizi tapşırır. Keçib-keçməmək arasında seçim etməkdə azadıq. Bizi kimsə məcbur edirmi? Əgər qırmızı işıqda keçiriksə və bizi maşın vurub əlil edirsə səhv işıqfordadır, maşındadır, yoldadır, Allahdadır, qanundadır, ya bizdə?! Bizim seçimimizdə?
- Hmm, bizdə. Sizə çooooox minnətdaram, mənə qaranlıq qalan mətləbləri aydınlatdız. Bundan sonra seçimimdə yanılmaram.
- Ümidvaram.
- Təşəkkür edirəm, qardaşım.
- Buyurun, dəyməz, xanım.
Fərid Abdullah