Qadin.NET / Obsessiv-kompulsiv (Hekayə)

Obsessiv-kompulsiv (Hekayə)

 

Obsessiv-kompulsiv (Hekayə)

Bir otaq, tək pəncərə. Bu otaqda mənim bədənim, amma bədənim bir dənədisə o demək deyil təkəm. Qarşımda güzgü ya mən ona baxıram ya da o mənə baxmış olur. Qapı, 15 gündən çoxdur ki, heç açılmır. Pəncərə, çoxdandır ki, içəri günəş şüaları daxil olmur. Səbəbi çox sadədir. Qara pərdələr qaranlığımın tək səbəbkarlarıdır. Yenə başladım özümü aldatmağa. Əlbəttə ki, pərdələrin heç bir günahı yoxdur. Onları özüm asmışam pəncərədən. Niyə asmısan?... Ax yenə o səs. 15 gün keçib hələ mən tək pəncərəli otaqda ilişib qalmışam...

Pul qabımdan tələbə biletimi çıxartdım. İstədim qırım amma fikirləşdim ki, birdən qayıtmalı olaram. Axı mən çıxmamışam universiteddən. Sadəcə bir neçə müddətlik getmiyəcəm. Düzdür, bu müddət uzanır artıq. Amma bunun səbəbkarı mən deyiləm. Bu prosesi yerinə yetirməyi mən istədim. Amma o uzadır. Off... Bəlkə heç mən istəməmişəm. Əgər neyronların əlaqəsi ilə fikir yaranırsa və beynim 7 saniyə məndən qabaq bir şeyi təyin edirsə görəsən onda mən nəyi isə istəmiş oluram. Hələ determinizm var. Əgər o doğrudursa mənim burda seçim etməyə onda haqqım yoxdur. Cəhənnəmə, heç seçim etmə... Lənət olsun yenə onun səsi gəlir. Özün cəhənnəm ol. Off... Baş qoşmuram sənə. Mən səni dinləmirəm... Mən səni dinləmirəm...

Otağıma yenidən nəzər saldım. Bir dənə stol, stul, bankalar, vedrələr və soyuducu var idi. Bir aylıq ərzaqla soyuducunun içini doldurmuşam. Amma burda 15 gündən çox olmağım heç sərf etmədi. Çünki get-gedə vaxt uzanır və yeməyim tükənir. Ancaq istədiyimi əldə etməmiş çıxmayacam burdan. Nə isə çalışım gözəl xəyallarımdan birinə baxım. Məsələn: ilk və son dəfə aşiq olduğum qızı izləyim. Yadıma düşür... Yadıma düşür... Bir yaz axşamı idi. Ağacın altında oturub ona şeir oxuyurdum. Başını dizimin üzərinə qoymuşdu. Məndə şeiri oxuya-oxuya saçları ilə oynayırdım. O, isə əlini havaya qaldırıb ulduzları sayırdı. 25, 26, 27, 28, 29... və çaşıb qaldı. Göy üzü onu çaşdırdı. Necə də gözəl günlər idi. Gecə yarısı olurdu amma biz fəlsəfi söhbətlər edirdik. Və sən onu öldürdün... Sən onu öldürdün... Cəhənnəm ol burdan sənin səsivi eşitmək istəmirəm. Mən onu öldürmədim. Biz sadəcə maşın qəzasına düşdük. Mənim burda heç bir günahım yoxdur. Mənim günahım yoxdur. Mən günahsızam. Hə... Hə... Mən günahsızam... 15 gündür ağlamaq və heç bir dəyişikliyi görməmək. Axı mən belə düşünməmişdim...

Göz yaşlarıma boğulmuşdum. Anamı, atamı və sevdiyim qızı 17 yaşında itirmək, böyük əzabdır. Gözlərimi yumsam və yatmadan onların xəyalını etsəm görəsən qarşımda canlanarlarmı. Xəyalların reallığa çevrilməsi hər şeyə aid deyilmiş sən demə. Kaş “Blue Brain” projesi həyatı keçirilərdi o vaxt. Anamın, atamın və qızın fikirlərini kompyuterə köçürərdim. Eyni cism ilə olmasalarda başqa bir cism onlar üçün təşkil edərdim. Məsələn robot alardım və onların fikirlərini köçürərdim onun üzərinə. Düzdür, eyni qayğını vermiyəcəkdi ancaq özümə təsəlli verə biləcəkdim. Eh... Hələ “Blue Brain” projesi üzərində işləyirlər. Amma mən istifadə edə bilməyəcəm. Çünki anam, atam və qız artıq yoxdur...

Nə edim?! Hələ dəyişikliyi görə bilmirəm. Tək pəncərəli otaqda yuxu dərmanlarına baxıram. Onları saxlıyacam hələ ki. Nə vaxt ki, soyuducu boş qalacaq onda o yuxu dərmanlarından istifadə edəcəm. Üff... Əynimdəki paltarlardan da artıq iy gəlir. Lənətə qalmış çıxıb getmir ki, mən də normal həyatıma qayıdım. Ayda... Gərək saçlarımı bura gəlməmişdən qabaq qırxardım. Saqqaldaki bir tərəfdən uzanır. Off... Off... Sənə mən nə deyim. Gör nə günə saldın məni...

31 gün sonra...

Həyatımdan 31 gün getdi. Artıq bu gündən etibarən ac və susuz qalacam. Qərara gəldim ya mən onu öldürəcəm ya da o məni. Mənə bir şey maraqlı gəldi. Görəsən bir yaşımdakı vəziyyəti niyə xatırlaya bilmirəm. Şüurumun o dərinliyinə varmaq yəni mümkün deyil?! Amma çox istəyirəm bir yaşımı xatırlayım. Hətta həyatımın ikinci gününü belə xatırlamaq istəyirəm. Görəsən onda nə edirdim?! Nə düşünürdüm?! Maraqlıdır, həqiqətənmi bir kodlaşdırma kimi yığılmışam. Yoxsa kodları yaşadıqca yığıram?! Əgər talehim qabaqcadan qurulubsa onda mən niyə əziyyət çəkməliyəm?! Amma ki, bilsəm talehi dəyişmək olur onda əziyyət çəkərəm. Eh... Mən heç hələ determinizmə inanmıram. Hələ şüphələr var içimdə. Yəni taleh qabaqcadan qurulub yoxsa yox. Tutaq ki, qurulub. Bəs nəyə görə yaradıcı qüvvə belə bir əmələ əl atıb. Əminəm ki, tanrı zər atmayıb. Hər şeyin bir səbəbi olmalıdır. Düşünürəm və belə bir nəticəyə gəlirəm ki, içimizdə əgər duyğu və duyğusal hərəkətləri tənzimləyən və yaradan limbik bir sistem varsa onda bəs insanın seçim prosesi nədən ibarət olacaq?! Bir düşünün beynimizdə hipotalamus, hipokampus, talamus və amigdala var. Bunların özünə məxsus xüsusiyyətləri mövcuddur. İçimizdə bizi idarə edən sistem var. Bunu düşündükcə tüklərim biz-biz durur. Yaxşı, bunlara inanıramsa nəyə görə determinizmə inanmamalıyam?! Hmmm... Əslində çox çətin sualdır. Hələ bizi insan edən prefrontal korteks var. Beynimizin ön hissəsində yerləşib. Əgər o zədələnsə onda biz heyvanlardan fərqlənmiyəcəyik. Düzdür, bəziləri var fərqlənmir. Ona görə də şüphələnirəm. Ola bilər ki, onlarda prefrontal korteks zədələnsin. Deməli çox şey bizdən asılı deyil. Çox şeymi yoxsa heçnə?! Yenə orta da qaldım. Bu ac vaxtımda gör nələri düşünürəm. Neyronlar necə də gözəl işləyir. Sən axmaqsan... Universiteddən atılacaqsan... İşin olmayacaq... Səndən bir adam olmayacaq... Rədd ol burdan, sənin səsivi eşitmək istəmirəm. Yenə gic-gic sözlər deyirsən. Bezdirmə məni. Mən səni dinləmirəm... Mən səni dinləmirəm... Yox dinləyirsən... Mən səni dinləmirəm... Cəhənnəm ol, dinləmirəm səni...

Hiss edirəm ki, başım ağrıyır. İkinci gündür ki, ac qalmışam. Off... Məncə daha vaxtdır. Yuxuya səyahət etməliyəm. Amma öncə buddanın rejimini həyata keçirməliyəm. Əgər buddanın rejimini həyata keçirməsəm onda yuxu da bir şəhər yarada bilməyəcəm. Həyacanlıdır, görəsən yuxunun olduğunu hiss edə biləcəm. Yuxu dərmanını atmamışdan qabaq, buddanın rejimini həyata keçirməyə hazırlaşırdım. İki ay bundan qabaq öyrənmiş olduğum bu proses insana yardım edir ki, yuxu da bir şəhər yaratmaq alınsın. Yəni necə ki, bu həyatda beynivin görüntüsünü izləyirsən eləcə də yuxu da şəhəri, insanları və digər istədiyivi yaradıb görüntüləri izləyı bilirsən. Yenidən bu dünyaya qayıtmaq mümkün olur. Amma istəyirsən də orda yaşa. Görəsən bu lənətə gəlmiş məni orda narahat edəcək?! Lap bezdirib məni. Köynəyimi və şalvarımı əynimdən çıxartdım. Bir növ meditasiya kimi prosesi həyata keçirtdikdən sonra yuxu dərmanını qəbul etdim. Əslində dərmanı qəbul etməsəmdə olardı. Ancaq yatmağım biraz çətin olacaqdı. Çünki çox acmışam. Sonra döşəmənin üzərinə uzandım və gözlərimi yumdum. Hiss edirdim hələ bu dünyadayam. Amma mən öncə sərhədsizliyi təsəvvür etməyə başladım. Sonra gördüm ki, yox e belə yuxuya gedə bilməyəcəm. Qərara gəldim ki, heçnə düşünməyim. Və sonra hiss edirdim ki, mən deyəsən yavaş-yavaş bu yuxudan digər yuxuya keçid edirəm...

 

Oğlum, get bir dənə çörək al. İnanılmaz, mən bir yuxudayam. Anam, o mənimlə danışdı. Mən onu görürəm. İgid, dərslərivi etmisən? Atam mənə baxır. İnana bilmirəm gözlərimə. Yuxudayam sanki. Elə yuxudayam da nə gic-gic danışıram. Ancaq kaş gerçək olardı. Nə isə oyanmamış bu yuxunun dadını çıxartmalıyam. Çıxım indi küçəyə baxım görüm şəhəri necə yaratmışam. Aman tanrım. Bu inanılmazdır. Tam istədiyim bir şəhəri əldə etmişəm. Xəyallarımda olan bir görüntü. Uçan maşınlar, pulsuz alış-veriş mərkəzi, hətta kitablar da pulsuz. Budur tam istədiyim. Əla... Nəsə maraqlı gəldi bu yuxu. Və budur əlbəttə ki, yuxumda sevdiyim qızda olmalı idi. Gözlərimə inana bilmirəm, iri-iri addımlarla mənə doğru yaxınlaşır. Saçları dalğalanır, üzündə təbəssüm mənə doğru gəlir. Budur o artıq mənim qarşımdadır. Mənə baxır, mən də ona baxıram. Mən onu sonra qucaqlayıram.

-Ey... Nə olub sənə? Elə bil yeni görürsən məni. Ya da sanki ölmüşəm illərcə görməmisən məni.

-Gözlərim bərəldi. Təbii ki, bu sadəcə yuxudur. Başqa nə gözləməli idim ki. Əlindən tutub evə doğru apardım onu. Ana, ata biz gəldik.

-Yenə çörəyi yaddan çıxartdın.

-Bu dəqiqə qaça-qaça alıb gəlirəm. Keç sən otur gəlirəm.

Çörəyi alıb gətirdim. Hərdən unudurdum ki, bu bir yuxu deyil. Amma müəyyən fikirlər xatırlatma edirdi mənə. Onda ayılırdım ki, bu bir yuxudur. Nə isə bu yuxunun dadını çıxartmalıyam. Anama, atama və qıza baxırdım. Onlar necə də mehriban insanlardılar. Birdən ayağa durdum və anamı, atamı öpüb qucaqladım. Qıza baxdım və onun alnından öpdüm. Birdən nəsə oldu. Səslər bir-birinə qarışmağa başladı. Ətraf bulanıq oldu. Səslər get-gedə çoxalırdı. Və bu an boom sanki bir maşın içəri daxil olub evi dağıtdı...

Yuxudan tərin içində oyandım. Oyanmağımında səbəbini bildim. Qapını iki dostum döyürdü və qışqırırdılar. Əlbəttə ki, qapını açmayacaqdım. Çünki hələ istədiyimi əldə etməmişəm. Səsimi də heç çıxartmadan dizlərimi qucaqlayıb küncdə əyləşdim və onların getməsini gözlədim. Onlar getdikdən sonra yenidən ətraf sakitliyə büründü. Mədəmin ağrısını artıq hiss edirdim. Çox pis ağrıyırdı. Aclığımın ikinci günü artıq bitirdi. Deyəsən bircə çarəm qalmışdı. Çantamdan dəftəri çıxardıb, vərəqləri bircə-bircə cırmağa başladım. Sonra onlara baxırdım və düşünürdüm. Görəsən onları yesəm doyacam?! Bunu düşünərək vərəqləri yeməyə başladım. Dəhşət susamışdım. İçməyə amma heçnə yox idi. Amma bir ideya gəldi ağlıma. Ancaq bu iyrənc bir ideya idi. Axı mən ayaq yolunu bankalara edirdim. Banklarıda ki, toplayıb küncdə saxlamışdım. Görəsən onları götürüb içsəm susuzluğumu yatıra bilərəm. Burnumu tutdum və bankanın içindəki sidiyi içdim...

Əllərimi başımın üzərinə qoyub yellənməyə başladım. Düşünürdüm ki, o zəhrimara qalmış səsi necə batıra bilərəm. Saçlarımı yolmağa başladım. Özümü qəribə hiss edirdim. Sanki ölmək və yaşamaq arasında incə bir ipin üzərində yellənirdim. Arada başımı divara çırpırdım. Sən dəli olmusan... Yox, mən dəli deyiləm. Sən dəlisən... Mən dəli deyiləm. Aramızdakı dialoq böyüyürdü...

 

Sonuncu dəftəri əlimdə tutmuşdum. Yeyib, yeməmək arasında ilişib qalmışdı. Elə hey düşünürdüm ki, birdən ağlıma bir fikir gəldi. Yazacam, onun haqqında yazacam. Təhlil edəcəm onu. Bəlkə onda çıxış yolu tapa bildim. Axı bu şəraiti ona görə yaratmışam. Mən onu öldürməliyəm. Lənətə gəlmiş. Əlimə bir qələm alıb başladım yazmağa. Keçən 33 günün hesablarını yazdım. Və sonra başladım təkrar-təkrar oxumağa. Oxudum, oxudum və sonra bu günün təhlilini çıxartdım. Deyəsən bitirmişdim yazmağı. Aralıqsız 7 saat yazdım. Sonra dizlərimi qucaqladım və yellənərək yazdıqlarımı yenidən oxumağa başladım. Arada mədəmi qucaqlayırdım. Üçüncü gün idi ki, ac idim. İçimdə daraldı və mən dəftəri kənara tulladım. Yerə uzandım və heçnə düşünməməyə çalışdım. Ancaq deyəsən alınmırdı. Neyronlar öz əlaqələrini kəsmirdilər. Əlimi qulaqlarıma doğru apardım və səssizliyi hiss etməyə çalışdım. Ancaq bu səssizlik yenidən pozuldu. Qapını yenə dostlarım döyməyə başladı. Onlar qapını sındıracayıq deyə qışqırırdılar. Yuxunu xatırlamağa çalışdım. Qırıq-qırıq kadrlar gözümün önünə gəldi. Görəsən niyə yuxunun hamısını xatırlaya bilmirdik. Niyə insan öz-özünə əzab verir?! Niyə içimizdə bir şeytanın olduğunu düşünürük? Bəlkə düşündüyümüz üçün əzab çəkirik. Nəyə görə içimdə əlavə bir səsin olduğunu düşünürüəm?! Sondur bu... Amma mən bir şeyi başa düşdüm. Özümə yardım edə bilməsəmdə insanlara yardım edə biləcəm. Sürünə-sürünə dəftərdən bir vərəq tapıb məktub yazmağa başladım. Uzanan yerdə, ölümü hiss edərək həyatımın sonuncu cümlələrini yazdım...

-Dostum... Dostum... Gəl bura o yerdə uzanıb. Yox... Sən ölə bilmərsən... Ayıl...

-Mənə ölmədiyini de.

-Çox təəssüfki biz onu itirdik.

-Əlinin altından dəftəri götür. O,nə dəftərdir?

-Obsessiv kompulsiv… Obsessiv kompulsiv… Obsessiv kompulsiv… Yazının başlanğıcı belədir.

-Ax lənət olsun. O, sarışan hallardan əziyyət çəkirdi.

-Hə cümlələrin birində qeyd edib. Dayan sonuncu vərəqdə məktub formasında fikirlərini yazıb. Məktubun başlanğıcı “Nəticə” sözü ilə başlayır.

-Oxu...

-Bu gün sarışan hallar(obsessiv kompulsiv) nevrozu ilə mübarizəmin 34-cü günüdür. Mən belə qərara gəldim ki, qələbəni ona verim. Çox düşündüm və nəticə gəldim ki, bu həyata keçirtmiş olduğum prosesə ehtiyac yox idi. Sən demə onunla mübarizə aparmaq məntiqsizlikdir. Çünki nə qədər onunla mübarizə aparsaq o quduzlaşır. Bir növ buna bənzəyir. Anlamsız insanın boş-boş danışığına fikir verəndə o özünü ağıllı hesab edir və boş-boş danışmağa davam etmiş olur. Sarışan hallar ümumiyyətcə uşaqlıqdan gəlir. Valideynlərin qadağaları, uşağa qarşı olan təzyiqləri, uşaqların stress, qorxu içində yaşamaları sarışan halların yaranmasına səbəb olur. Obsessiv kompulsiv(sarışan hallar) nevrozluğu dərman ilə müalicə oluna bilməz. Onu yalnız insanın öz düşüncələri məhv edə bilər. Mən nəticəni tapdım. 34 gün əziyyətdən sonra belə nəticəyə gəldim ki, ona fikir verməyin. Nə deyirsə qəbul edin və ona cavab verməməyə çalışın. İt hürər karvan keçər misalı buna aiddir. Mən qurtula bilmədim. Çünki aclıq məni öldürdü, nevrozluq yox. Ancaq sağ qalsaydım onu içimdən çıxarda biləcəkdim. Nəticəni tapdım. İndi siz özüvüzü qurtarın. Mübarizə aparmayın nevrozluqla. Onu sadəcə qəbul edin. Sonra özü çıxıb gedəcək içivizdən. Sağolun.

Ceyhun Məmmədov

8 aprel 2017
GO BACK