Qadin.NET / Bəlkə, səhv olan elə sizsiniz?!

Bəlkə, səhv olan elə sizsiniz?!

Bəlkə, səhv olan elə sizsiniz?!

 

Bir qız hava limanında uçacağı reysi gözləyirdi. Müəyyən texniki problemlərə görə reys bir neçə saatlıq təxirə düşdü. Çarəsiz qalan qız bu bir neçə saatdan səmərəli istifadə etmək fikrinə düşdü. Dükanları gəzərək özünə bir kitab və bir qutu peçenye aldı. Gözləmə salonuna geri döndü, kresloda əyləşib yerini rahatladı. Qızın yanındakı boş oturacaqda bir qutu peçenye, həmin oturacağın yanındakı oturacaqda isə bir kişi oturmuşdu. Kişi əlindəki jurnala diqqətlə baxaraq, maraqla səhifələrini vərəqləyirdi. Qız qutudan bir peçenye götürdü, kişi də əlini uzadıb bir peçenye götürdü. Bu qızı çox əsəbləşdirdi, amma səsini çıxartmadı, əsəbləşsə də mütaliəsinə davam etdi. O, hər dəfə bir peçenye götürəndə, ondan dərhal sonra kişi də bir peçenye götürürdü. Qız özündən çıxmışdı, ürəyində kişini lənətləyirdi, amma hava limanında mübahisə salmaq istəmirdi.

Qutuda bir peçenye qalmışdı. Qız düşündü: "Maraqlıdır, görəsən bu ədəbsiz qanmaz indi neyləyəcək?"

Elə bil ki, kişi onun düşüncələrini oxuyurdu. Əlini qutuya uzadan kişi bir ədəd qalmış peçenyeni iki yerə bölərək yarısını qıza uzatdı. Maraqlıdır ki, bunu edən kişi qız tərəfə baxmır, jurnaldakı məqaləni oxumaqda idi.

Bu artıq həddi aşmaq idi. Qeyzlənən qız ayağa qalxdı. Əşyalarını toplayıb qəzəbli halda oturduğu yerdən dərhal ayrıldı.

Təyyarəyə minib yerini rahatlayarkən, əlini çantasına ataraq eynəyini axtarmağa başladı. Qızın əlinə eynək əvəzinə başqa şey dəydi. Bu, hələ hava limandında ikən aldığı bir qutu peçenye imiş. Dərhal yadına düşdü, sən demə, öz aldığı bir qutu peçenyeni çantasından heç çıxartmamışdı. O, ədəbsiz qanmaz sandığı insanın pençenyelərini yemişdi. Həm də özündən fərqli olaraq, kişi qızın peçenye yeməsini qəzəblə deyil, xeyirxahlığa qarşılamışdı. Qız xəcalət təri tökdü, rəngi qızardı, vicdan əzabı çəkdi. Günahını düzəltmək istədi, amma artıq gec idi. Təyyarə mavi səmada pərvaz edirdi.

Qəzəblənməmişdən əvvəl cəld reaksiya göstərməyin. Məsələyə vaqif olmamışdan qabaq mühakimə etməyə tələsməyin. Səbirli olun. Bəlkə, səhv olan elə sizsiz?!

 

Hazırladı: Fərid Abdullah

11 fevral 2017
GO BACK