Qadin.NET / Arbat

Arbat

Arbat

Kiçik fleyta ifaçısı hava üfürmədiyi qısa zaman kəsiyində arzularının sərhədlərini isti şirin kökə və bir fincan kofe ilə məhdudlaşdırırdı. O, Vaxtanqov (teatr) divarına söykənərək sehrli fleytasını qaldırdı.

- Hansı tonda çalmaq lazımdır? - deyə gitaraçı ondan soruşdu.

- Hansında istəyirsənsə...

Dodaqları yumru və güclü idi.

Musiqiçi olan atam deyirdi ki, fleyta ifaçıları adətən dəli olurlar. Fleyta həddindən artıq çətin; fəthedilməz, xarab olmayan və qürurlu alətdir.

Amma o bacarırdı.

O, mənə musiqini göstərdi. Və kitabları. Mən Kastanede, Satpreme və Aurobindo barəsində ilk dəfə ondan eşitdim. Onunla söhbətimin uğurlu alınması üçün Nitsşenin "Zərdüşt belə deyirdi" kitabını da oxudum.

Amma, deyəsən, mən yalan danışdım. Kastenede barədə mənə aktrisa olan rəfiqəm danışmışdı, Şri Aurobindo haçansa necəsə əlimə düşmüşdü, Nitsşeni isə mənə tüklü ərim bağışlamışdı.

"Sevincliay" - bax, o, məni belə çağırırdı.

- Mənə iki min ayır, - onun mənə telefonda dediyi sonuncu söz bu oldu.

- Niyə?

- Mən Amerikaya gedirəm.

O, fleytasını da götürüb getdi.

O, Arbat və Vaxtanqovu da özüylə apardı.

Mən "Stoliçnaya" arağını sevsəm də, bunu qırmızı çaxır barəsində deyə bilməyəcəyəm. Onu içəndə qanaxmalarım başlayır. Kastenededə hər şey zibil günündəydi. Mən heç onu düz-əməlli oxumadım da. Mənim tüklü Adel-qerim aldığı bananlarla məni bezdirdi - onları görməyə gözüm yoxdur. Seriallar arasında bircə "Santa-Barbara"nı izləyirəm. Qalanları tamamilə zövqsüzlükdür.

Ayaqlarım Adel-qerinin çadırında soyuqdan donur.

Dünən - sözgəlişi dünən dedim - onun dostu məni yaman qorxutdu, elə bildim, oğrudur. Hələ üstəlik, qaz tapançasının səsini də çıxartdı, axmaq. Televizoru yandırdı: orada da arbatlı fleyta ifaçısı. İri planda. Öz qızılı fleytasıyla konsert verirdi.

- Dayan, keçi, - Adelə qışqırdım, - söndürmə, mən ki onu tanıyıram!

Lənət şeytana, həyatda nələr olmur ki?!

Müəllif: Viktoriya Fomina

Tərcümə edən: Səbuhi Şahmursoy

1 fevral 2017
GO BACK