Olduğu kimi
Təkrarlanan yuxu kimidir bu - çolaq insanın tramvay xəttilə kəsişmə səhnəsi. Allahın hər günü pəncərədən baxarkən görurəm ki, o, qarşıdakı evdən çıxıb möcüzəvi zərif əfəlliklə yolu keçir və dayanacaqların arxasında itir. O, çox sakit, təlaşsız, ətrafa baxmadan və qəribə şəkildə, sanki, dünya çoxdandır anlaşılmaz rituala vərdiş etmiş kimi hərəkət edir.
Sirli qürurla düşünürəm ki, bu tapmaca yalnız mənim üçündür, sanki, hər gecəki görüntünü izləməkdən imtina etsəm o yazıq keçdiyi yolda təkərlər altında qalıb əziləcək, deməli, öz öncəgörmə qabiliyyətimin fəxri çırağının mövcudluğuna əmin olacağam. Növbəti dəfə melanxoliya dalğasına düşəndə heç kəsin əlillikdən zəmanət almadığını düşünüb qorxudan və özümə yazığımın gəlməsindən titrəyirəm. Bəzən də sadəcə peyzajın səfilliyinə əsəbləşirəm. Buna baxmayaraq, adətən pəncərədə görünən həmin fiquru əziz tanışım kimi həvəssiz salamlayıram. Məni hansı tonallığın idarə etməsindən asılı olmayaraq, əsalı adam mənim və dünyanın xırda asılılığını vecinə almayaraq öz yolunu ast-asta dəyişir. Bununla da çolaq Allaha şükr etmək qalır ki, kainatı silkələmədən qəbul etməyi bacarır.
Müəllif: Darya Simonova
Tərcümə edən: Səbuhi Şahmursoy