Qadin.NET / Tısbağa nəğməsi

Tısbağa nəğməsi

 

Tısbağa nəğməsi


Tətilə getdiyim şəhərlərdə diqqətimi yerli insanlar yox, hər küçədən çıxan yapon turistlər çəkir. Təqaüdçü yaponlar kimi işdən-gücdən azad olub, başımda panama papaq özümü yollara ata biləcəyim yaşdayam. Son maaşımı alıb otaqdan çıxandan bəri özümü getməyə evi olmasa da, gəzməyə bir dünyalıq şəhəri olan yaponlar kimi hiss edirəm. Hətta, sağolsunlar mərət qalmış dizlərim, pilləkən çıxanda yaşımı elə bəlli edir ki, bədənimin hər hüceyrəsinə insanların, pilləkənləri qalxmağına kömək edək, fikri toxunur.Deyirlər, Yaponiyada da Bakı kimi evler yaman bahadı.

Təqaüdə çıxandan cümlələrimin arasında əlaqə əməlli-başlı itib.Bu fikirdən ona tullanıram, ondan buna. Gərək zəng edim xəstəxanamızdakı musiqi ədəbiyyatından xəstələrə dərs deyən xanımla danışım, görüm nə məsləhət verir.

Universitetdən məzun olub, işsiz qalanda diplomuma qarşı münasibətimi, mərətə qalmışdan başqa birləşmə ilə ifadə edə bilmirdim.Elə o vaxtdan ən lazımsız əşyalarımı onunla adlandırıram.

İlk işə başladığım xəstəxanada böyük dairəvi boş zal vardı. Otağın küncündə  kökdən düşmüş pianino qoymuşdular.Deyəsən, dairənin küncü olmur, hər nə isə zalda pianino vardı. Azərbaycanın özündən başqa, bütün qonşu ölkələrdə gəzən şəhər əfsanəsi  bizim xəstəxanaya da gəlib-çıxmışdı. Azərbaycandan gələn hər kəs elə göbək bağı kəsilən anda “do, re,mi “ deyir, sonra da pianino çalır. Mənə dedilər, hələki xəstəxanada həkim artıqlığı var, sən yaşlı həkimlərdən biri təqaüdə çıxana kimi xəstələrə yemək fasilələrində pianino çal, sıxılanda da roman oxuyarsan. Həm də dili yaxşı öyrənməyinə kömək olar. Necə oldusa tam iyirmi beş il, son maaşımı alana qədər işlədiyim xəstəxanada məni musiqi ədəbiyyatından dərs deyən həkim kimi tanıdılar. İyirmi beş ildə qoca həkimlər təqaüdə çıxdı, dünyasını dəyişdi mən isə musiqi ədəbiyyatından dərs deyən həkim olaraq qaldım.

Yuxarıdan sayanda iş həyatımın illərinin sayına bərabər iyirmi beş pilləkən olur, dizlərim imkan versəydi aşağı enib, sahildə gəzərdim.Buradan baxanda musiqi alətinin qutusunu hazırlayan insanın əməyi lazımsız görünür.

Guya, o olmasa biz musiqidən məhrum qalacıq?!

-Böyük ehtimal yox. Bəlkə də, hə.

Belə çıxır iyirmi beş il musiqinin qulağıma çatdığı yolda əməyi keçənlərin içində ən lazımsız olanı, qutu hazırlayanın işini, mən də xəstəxanada görmüşəm.  Qutu olmasa alət havada qalar nəmlənər,sonra ahəngli səs çıxmaz. Özünə təsəlli verməkdə taxta medal uğrunda birincilik yüz faiz mənə düşür. Ahəng sözü ahəng qanununu ifadə etsə də, özü bu qanuna tabe olmur, görəsən bunu bilmək adama həyatda nə qata bilər?!.

Dizlərim çox da korlanmayıbmış, sayıqlamalarımla birlikdə yolun yarısını enmişəm. Sahil çox yaxın görünür. Mavi rəng bu məsafədən xəstəxana divarlarına oxşayır, dəniz də ele bil böyük dairəvi xəstəxana binasıdı. Sahilə enmə məqsədim nə dənizdi, nə də mavi rəng.

Tətilə çıxmamışdan öncə dəniz mənzərəli otaq sifariş etdirmişdim. İyirmi beş il sonra həm də Bakıya gedəcəm, bizim oraların bir adəti var uzaq yerdən arıq gələndə, deyirlər ,yəqin yaman korluq çəkmisən. Ona görə oteldə doyunca yeyib, beş-altı kilo kökəlib,yanaqlarım yaylaqdan yenicə enmiş dağ adamı kimi qırmızı olandan sonra hava limanına ağır enməyi düşünürəm. Sözüm onda da deyil, otağımın pəncərəsindən baxanda sahildə üstündə yazı olan qutu görünür. İki gündü o qutunun içində nə ola bilər fikirləşməkdən yata bilmirəm. Dizimin ağrılarını gözə alıb sahilə qutunu görməyə gəlmişəm. Axır ki, qocalmış dizlərim qutuya çatdı. Qutunun içində tısbağa yumurtaları var, üstünə  “ey insanlar, biz dənizə aidik, bizi qoruyun və zamanı gələndə dənizə qaytarın“ yazılıb. Deyəsən, xəstəxanadakılar da məni iyirmi beş il qoruyub, həyata qaytarmışdılar.

(Tısbağanın nəğməsi-Almost Blue)

2 yanvar 2017
GO BACK