Qadin.NET / Küləyin pıçıltısı -2 (hekayə)

Küləyin pıçıltısı -2 (hekayə)

Küləyin pıçıltısı -2 (hekayə)

Dalğalanan saçlarım dəmir barmaqlıqlar arasından azad olmuşcasına uçuşurdu.. Axtardığımı tapdığımı düşündüyüm an, tapdığım nə idi? Sevgi axtararkən yenə nifrət tapmışdım. İnsanlıq axtardığım halda kədər parçaları əlimə düşmüşdü. Heç nəyin mənasını anlamırdım. Hər şey çox anlaşılmaz idi. Üzü Günəşə doğru bir təpənin başında yerləşdirilmişdim. Bir taxta parçasına bağlanmışdım. Aşağı baxanda o an yıxılacağımı düşünürdüm. Harda olduğumu aydınlaşdırmaq üçün ətrafa baxdım. Uzaqlardan, dənizin o tayından bir sahil gözümə dəydi. O an tüklərim biz-biz oldu. Mən həmin kimsəsizlər adasında idim. Hər gün seyr etdiyim , ruhumun yuxada olarkən qaçıb gəldiyi ada da idim. Amma bura necə düşmüşdüm, necə bu təpəninin başına çıxarılmışdım yadımda deyildi. Xatırlaya bilmirdim. Nə hiss edəcəyimi bilmirdim. Bəlkə gəmidəkilər məni tapmış, cəza olaraq da bura bağlamışdılar. Uzaqdan saçımı oxşayan həzin külək əvvəlki kimi hüzur vermirdi. İyrənc bir qorxu hissi ruhuma hakim kəsilmişdi. Bilinməzlikdən doğan qorxu ruhumu hissə-hissə doğrayırdı. Neçə saat o vəziyyətdə qaldığımı bilmirəm qorxu və sual dolu düşüncələrdən yorğun düşmüşdüm. Gözlərim yavaş yavaş bağlanırdı.Gözümü açanda isə dodaqlarıma qonan sərinliyi hiss etdim.Bir qadın başımın üstündə dodaqlarıma isladılmış dəsmalı sürtürdü. Gözlərim yenidən bağlandı və gözümü yenidən açanda, yenə həmin dağın başında əli qolu bağlanmış vəziyyətdə idim. Yuxu gördüyümü düşünürdüm amma hansı yuxu idi. Mənə su verən qadın? Dağın təpəsinə bağlanmağım? Yaxud elə bu adaya düşməyim. Bəlkə doğulandan bəri yaşadıqlarım yuxudan başqa heçnə deyildi. Huşumun gedib gəlməsini dərk edə bilmirdim. Bu vaxta kimi məndə heç bayılma halı olmamışdı.Halımın özündən getməsi üçündə yetərincə işgəncə görmürdüm məncə. Qaranlıq düşməyə başlayırdı. Ağlıma bir ideya gəldi. Bu dəfə huşum getmiş kimi göstərəcəkdim özümü. Əgər həqiqətən huşum gedəndə məni burdan açan biriləri varsa, yəqin ki buna inanacaqdılar. Gözlərimi yavaş yavaş bağlayıb gözləməyə başladım. Yuxuya getməmək üçün məni narahat edən fikirləri beynimdə dolandırmağa başladım. Həmişə gözəl şeylər düşünüb yuxuya gedirik ya da heçnə düşünmədən baş vururuq həzin yuxularımıza. Bunun əksini etdim. Çəkdiyim çətinlikləri beynimdə qalan sualları düşünməyə başladım. Üstündən hardasa 20-40 dəqiqə keçmişdi ki, kimlərinsə əllərimi açdığını, məni yerə uzandırdıqlarını hiss etdim. Bir oğlan məni qucağına götürdü. İki qadının isə yanımızca gəldiyini hiss edirdim.

Qadının biri : Diqqətlə tut, bu 2-inci özündən getmədir. Qaldı biri.

Digər qadın: Səmaların musiqisi, artıq üzümüzə gülə bilər.

Bu nə demək idi? Nə 2si nə 3cu getmə. Nə danışırdılar bunlar? Bir müddət sonra məni bir yerə uzandırdıqlarını hiss etdim. Bir anlıq sakitlik çökdü ortalığa. O an gözümü açdım qəribə bir otaqda idim. Divarlar daşdan idi. Üstlərində incə işləmələr, cizgilər var idi. Bu cizgilər xüsusi rənglərlə rənglənmişdi. Bütün rənglər bir-birini tamamlayırdı. Gözüm o dəqiqə bir çıxış yolu axtarmağa başladı. Birdən bir dairəvi pəncərə kimi bir oyuq gördüm. Sərin külək sayəsində buranı kəşf etdim, o qədər gözə çarpmırdı. Həmdə otağın üstü açıq idi, işıq güclü oldugundan hər hansı divarda olan oyuğu seçmək çətin idi. Oyuğa yaxınlaşdım. İlk öncə oyuqdan boylanıb, əgər burdan çıxsam məni nə gözlədiyini görməyə çalışdım. Xoşbəxtlikdən oyuğun açıldıgı yer, dərin bir meşəlik idi. Ortalıqda heç kim görünmürdü. Nə bir ev, nə bir yaşayış yeri, nə də hər hansı insan dəyirdi gözə. Otaqdan çıxan kimi yeyin addımlarla uzaqlaşmağa başladım. Amma hara getdiyimi və nədən qaçdığımı belə bilmirdim. Sadəcə ürəyim qaçmaq lazım olduğunu hiss edirdi, hər halda məni dirəyə bağlayan və bayılmağımı gözləyən insanlar necə dostum ola bilərdi ki? Addımlarımın sürəti artıqca, ayaqlarım sanki yerə toxunmurdu. Bilinməzliyə doğru qaçırdım. Kimsəsizlikdən kimsəsizliyə doğru. Ayaqların heç mənzilini bilmədən addımladımı?

Küləyin pıçıltısı -2 (hekayə)

Ağacların arasında qəribə səslər gəldi. Quşların belə cəh-cəh vurduğunu heç eşitməmişdim. Amma indi onlara diqqət yetirməyə vaxtım yox idi. Diqqətimi heçnə yayındırmadan, qaçmalıydım. Sahilə doğru.. Bəlkə sahil mənə bir yol göstərərdi. Ayağım ağac budağına ilişdi. Yıxıldığımdan, göydən yerə çırpılmağın zərbəsini hər detalına qədər hiss etdim. Ətrafdakı quşların, meşənin səsi sükuta büründü sanki. Eşidilən sadəcə ürəyimin döyüntüsü idi. Qalxmaq istəyəndə, başımın üstündə bir kölgənin dayandığını hiss etdim. Həmin kölgə əyilib məni qaldırmağa çalışdı. Göz təması qurduğum an, səssizlik ruhuma hakim kəsildi. Dərisinin rəngi ağ kağız qədər bəyaz olan bir üz, gözlərinin içindəki bəbəkləri gecənin rəngi kimi qapqara idi. Dodaqları nazik idi. Üzümə gülümsədi.. Gülərkən büzülən dodaqlarının səsini eşitdim sanki, yüksək səslər eşitmirdim o an, mikro səslər qulağımda küləyin pıçılıtısı kimi eşidilirdi.

-Niyə qaçırsan? Sahildən baxarkən bura can atırdın.

Bu cümlələr beynimi dondurdu. Necə yəni? Sahildən baxarkən məni görmüşdülər? O qədər məsafədən görüləcək bir şey deyil bu.

- Sahildən? Anlamadım. Bunu hardan bilirsiniz?

-Küləyə çox söz pıçıldayırdın. Bizə gəlib çatmayacağını düşündün?

-Nə? Özümdə deyildim. Deyilən heç bir sözü anlamırdım. Xəyallarda yaşamağı sevirdim. Amma bu qədəri də artıq idi. Əlindən çıxıb, qaçmağa çalışdım. Amma uzaqlaşmağa imkan tapmamış. Məni tutdu. Əlini belimə dolayıb, qulağıma pıçıldadı. “ sakit ol, sənə heç bir xətər dəyməyəcək” Bədənim süstləşdi. Sonra qarşıma keçib belə dedi:

- Narahat olma bütün suallarına cavab tapacaqsan. Mənimlə gəl.

Onun ardınca sakit irəliləməyə başladım. Yol boyu sükutumuzu küləkdən başqa heçnə pozmurdu. Birdən başımı səmaya qaldırdım. Ağacların başında komalar var idi və bu komalara çıxmaq üçün ağac budaqlarından düzəldilmiş nərdivanlar. Nərdivanların üzərində, sarmaşıqların göyərməsi bir başqa ecazkarlıq yaradırdı. Ağzım açıq qalmışdı. Bayaq məni kimsə görmədən qaçdığımı düşünərkən yanılmışdım. Biraz irəlilədikdən sonra, ağacların altında kiçik komaları gördüm. Qəribə formaları var idi. Bir növ göbələyə oxşayırdılar. Buranın insanlarının geyimləri, çox qəribə idi. Bəzi insanların gözümün qarşısında geyimlərinin rənginin dəyişdiyini gördüm. Təəccüblə baxdığımı görən, kölgə adını verdiyim insan dilləndi.

- Geyimlərin rəngi, insanların xarakter və əhvallarına görə dəyişir. Bilirəm, sənə qəribə gələcək. Amma bu diyarda heçnə sənin yaşadığın dünyadakı kimi deyil.

- Hansı rəng nəyi ifadə edir?

- Qara rəng, sirri, kədəri və qəribəliyi ifadə edir. Ağ rəng, saflığı, məsumluğu və inamı ifadə edir. Qırmızı rəng, təhlükəni və özünə inamı ifadə edir. Sarı rəng isə, uşaqlarda sevincə, böyüklərdə isə yaxşı əhval ruhiyyəyə işarədir. Narıncı rəng böyüklərdə sevinc partlamasını göstərir. Çəhrayı rəng qadınlarda sevgini göstərir. Yaşıl rəng təbiətin və harmoniyanın rəngidir. Özü ilə barışıq olan insanları göstərir. Boz rəng, dərin bir hüznə işarədir. Göy rəng dərinliyin rəmzidir. Bu qədər bilməyin bəsdir. Qalanını sonra deyərəm.

- Bəs gümüşü rəng? Öz geyiminin rəngini demədin.

-Onu bilməsən də olar.

Birdən gözüm qaraldı. Yerə yıxıldığımı hiss etdim. Sonra nə olduğunu xatırlamıram. Gözümü açanda, səmadakı ulduzları gördüm. Komanın içində idim. Üzəri açıq olduğu üçün ulduzlar gözümə dəydi. İçəridə heç kim yox idi. Qalxmaq istəyəndə gücüm çatmadı. Qalxmağa halım yox idi. Nə olmuşdu, mənə? Birdən içəri Gümüş Kölgə girdi.

- Qalxma.

 -Nə olub mənə? Nə etmisiniz mənə?

-Heçnə. Yenidən doğuldun. Bütün bayılmalar yenilənmək üçün idi. Burada yaşamaq üçün. Ölüb dirilməlisən. Bu əraziyə heç kim qıraqdan gələ bilməz. Sənə ehtiyac var idi. Çünki...

-Çünki nə? Anlamıram. Nə üçün mən? Yanıma uzandı. Üzünü səmaya çevirərək, danışmağa başladı.

-Ulduzları görürsən? Onların görünmək üçün gecəyə ehtiyacları var. Mənim yaşamaq üçün sənə ehtiyacım var idi. Bunu deyərək, çevrildi. Gözümün içinə baxaraq susdu. Çaşmışdım. Anlamırdım.

-Hər gün sahildə, durub adaya boylandığın vaxtlar, külək sənin qoxunu burnuma kimi gətirərdi. Aldığım nəfəs sən olardı. Romantik hekayələri sevmədiyini bilirəm. Amma həyat özü romantikdi. Duyğuları olan insan nə qədər romantik olmadığını desə də, hiss edirsə, bircə qram olsa da romantiklikdən nəsibini almışdır demək.

-Mənim haqqımda bu qədər məlumatı necə öyrənmisən?

-Səncə bura normal yerdi? Əhvala görə rəngləri dəyişən geyimlər, ağacların başında komalar..

- Haqqlısan. Heçnə normal deyil.

 Əlimi gözlərimə aparıb. Ürəyimdə yuxu görürəm deməyə başladım. Əlimi gözümdən çəkdiyim an dodaqlarıma qonan həzn istiliyi duydum.

  Ardı var...

Müəllif: Aida Ustaclı

13 dekabr 2016
GO BACK