Dalğalı dənizdən qopub gələn yanmış kağız parçaları. Uzaqlardan gəlmiş, nəyin carçısı idi. Hər gün sahildən dənizin ortasındakı yaşamın nədən ibarət olduğunu düşünərək, seyr etmək üçün gələrdim. Bu gün dəniz küləyi nəyinsə xəbərçisi idi. Dalğalanan donumla saçlarım bir başqa əsərin xatırladıcısı kimi idi. Gözlərimdə ki kədər deyildi. Ümid idi, maraq idi, uzaqlara doğru axan. Hər gün danışdığım külək, bu gün ilk dəfə mənimlə danışmağı qərara almışdı. Görəsən, kimin göz yaşlarını öz üzərinə çəkib gətirmişdi. Hansı keçmişin qalığından bəhs edəcəkdi. Yanıq közləri havada uçaraq dənizdən, bütün sahilə töküldü. Bizim sahildən baxanda dənizin ortasında görsənən bir ada var idi. Külək, bu qılğılcımları ordan gətirmişdi. Həmin adadan həzin bir duman ərşə qalxırdı. Sahildəki bütün insanlar çaxnaşma ilə havalanan dumana və tökülən közlərə maraqla baxıb pıçıldaşırdılar. Hər kəsi böyük maraq bürümüşdü. Görəsən, orada yaşayış var idi? Həmişə bu haqda düşünürdüm. Əlbəttə hamı düşünəcək ki, görüntüsü bu qədər yaxın olan adaya niyə kimsə ayaq basmağa cəhd etməmişdi. Etmişdilər. Nə yalan deyim, bir müddətdən bir, hər kəs o adalara ayaq basmaq üçün, ora çatan ilk dənizçi olmaq üçün can atırdı. Bu adanın ətrafında özünü hər kəsdən uzaq tutan görünməz qorunma səddi var idi. Bilirdim ki, bu sual da cavabsız qalacaqdı. Neçə illərdi sirrini qoruyan ada, indi necə ələ verəcəkdi ki özünü? Bu an bir qrup insanın danışığına qulaq şahidi oldum. -Məncə tam zamanıdı. Əgər külək ordan bu qığılcımları bizim sahilə ata bilirsə, demək artıq adanın ətrafında heç bir sədd qalmayıb.
- Dediklərin məntiqə uyğundur. -Onda dayanmaq olmaz, elə indicə getməliyik. -Yox indi getsək bütün hamı gəmilərini işə salıb ora doğru axışacaq. Axşamı gözləmək lazımdı. Bu danışıqdan sonra, üç nəfərin bir gəmiyə doğru getdiklərini seyr edərkən, beynimdən dəli bir düşüncə keçdi. Gəl, gecə qoşul bu gəmiyə, gizlən və seyr etdiyini yaxından kəşf et. Evə yollanıb öz hazırlığımı görməyə başladım. Nə qədər qorxulu ideya olsa da, bu adaya ayaq basmağı çox istəyirdim. İstək güclü olanda nə insana əlçatmaz və qorxulu görsənə bilərki?! Qəlbim hər gün seyr etdiyim məkana doğru can atırdı. Məni ora çəkən nəsə var idi. Küləklə mənə nəğmə pıçıldayan, qəlbimə hakim kəsilən. Gecənin qaranlığında qorxmadan sahilə doğru addımlamağa başladım.
Əgər hər şey düşündüyüm kimi getsə, bu axşam böyük kəşf ediləcəkdi. Bəlkə də böyük boşluqla rastlaşacaqdım. Bütün pıçıltıların sadəcə bir küləkdən qaynaqlandığını görüb, dərin bir ah çəkəcəkdim. Amma gələcəkdə bu yolu yoxladığım üçün məyus olmayacaqdım. Gəmiyə çatdığımda hələki səssizlik idi.
Hava tam qaralmadığından yəqinki hələ yola düşməyi düşünmürdülər, yəqin indi evlərində hazırlıq görürdülər. Gəmiyə daxil olub. Özümə gizlənə biləcəyim bir yer tapdım və həyəcanla gəminin yola düşəcəyi anı gözləməyə başladım. Bir müddət sonra, gəldiklərini eşitdim. Qəlbimin döyüntüsünü eşidəcəklər deyə qorxurdum. Həm həyəcan, həm də qorxu var idi. Adrenalin bütün bədənimi cuşa gətirmişdi. Özümü sakitləşdirməyə çalışırdım, yoxsa ürəyim partlayacaq deyə qorxmağa başladım. Bu an böyük bir gurultu eşidildi. Çıxım, ya olduğum yerdə qalım? Qorxu məni bürümüşdü. Bəlkə də gəmi batırdı. Mən də onunla birlikdə...
Ardı var...
Müəllif: Aida Ustaclı