– Haydı, – Torrens həyəcanla israr etdi, – layihəni mənə verin.
– Sakitləş, – Yusif dedi, – gəl əvvəlcə söhbət edək. Layihə sizin nəyinizə lazımdır?
– Mənim boşboğazlıq üçün vaxtım yoxdur, – Torrens əsəbləşdi.
– Ey, ortaq, – Dever dedi, – bilmirəm, layihə sənin nəyinə lazımdır, amma bunu sənə şantajla etdirirlərsə, onda biz…
– Kəs səsini! – Torrens onun sözünü kəsdi.
– Susuram, susuram, – vurulmaqdan ehtiyat edən Dever güclə eşidiləcək səslə dedi.
– Ona qədər sayıram, – Torrens Yusifə dedi, – ya layihəni mənə verəcəksən, ya da o, öləcək.
– Xoşbəxtlikdən, sən bunu edə bilməyəcəksən, – Yusif sakit halda cavab verdi.
– Nəcə yəni? – Torrens belə cavab gözləmirdi.
– Sənin tapançan boşdur, – Yusif inamla dedi.
– Ha, ha, ha, – Torrens güldü, – maqazin doludur, ehtiyatda tam 15 güllə var, mən özüm şəxsən onu doldurmuşam.
– Mən özüm şəxsən onu boşaltmışam, – Yusif əvvəlki təmkinliyi saxlayaraq cavabladı.
Torrensin üzü ifadəsi ciddiləşdi. Belə cavabı dəqiq gözləmirdi. Təkcə o deyil. Hamı təəccüblə Yusifə baxırdı.
– Biz Leylanı azad etdiyimiz zaman, – bir neçə saniyəlik sükutdan sonra Yusif davam etdi, – mən gördüm ki, səndə silah var. Və uyğun zamanda mən silahı xəlvəti götürüb boşaltdım və yerinə geri qoydum. Güllələri isə tulladım. Ona görə də o təmamən boşdur.
Torrens onun sözlərini anlamağa macal tapmamış, Yusif cəld hərəkətlə tapançasını aldı və onun özünə tuşladı.
– Sən necə sadəlövhsən, – Yusif dedi, – belə bir şey olmayıb, maqazin doludur. Mən sadəcə silahı səndən almaq üçün başını qatırdım.
Torrens nə edəcəyini bilməyərək qəzəblə ona baxdı. Dever qandalları çıxardı və ona taxdı. İndi Torrensin tamamilə təhlükəsiz idi.
– Axı sən niyə belə etdin, ortaq? – Dever sakitcə soruşdu.
– Sənin işin deyil, – Torrens qəzəblə cavabladı.
– Heç olmasa de, sənə bunu etməyi kim məcbur etdi?
– Heç kim məni məcbur etməyib, – Torrens daha da aqressiv cavab verdi.
– Bəsdir, Torrens, – Dever yorğunluqla bildirdi, – bizə doğrunu de və biz…
– Amma o yalan demir, – Yusif qabaqladı.
– Nə? – Dever təəccübləndi.
– Onun tapançasına bax, Yusif davam etdi, "Qlok-19" doqquzuncu kolibr. Məhz onunla Tomas Flinni qətlə yetirmişlər. Yetərincə qəribə təsadüfdür, deyilmi? Bu dəlilin itməsini izah edə bilərdi.
– Sanki dünyada başqa doqquzuncu kolibrli tapança yoxdur, – sakit, eyni zamanda qəzəbli halda Torrens cavabladı.
– Əlbəttə, var, – Yusif cavab verdi, – ona görə də bunun itən dəlil olub olmadığını şöbədə müəyyən ediləcək. Lakin buna da gərək yoxdur, mən artıq hər şeyi başa düşdüm və bütün mənzərəni görürəmm, – Yusif cavab verdi.
– Yaxşı görüm, – Torrens güldü, – və sən nə görürsən?
– Əllərimizin bağlandığı andan sənin davranışın mənə qəribə görünürdü. Sən həm qorxurdun, həm də təmamən sakit idin, bu isə sənin xarakterinə ziddir. Biz ayıldığımızda, sən soruşdun ki, hardayıq, ancaq mənə elə gəldi ki, sən artıq harda olduğumuzu bilirsən. Sonra sən dedin ki, acsan və başqa heç nə demədin, elə düşündün ki, bizim Şou ilə fikrimiz söhbətdədir, ancaq sən səhv edirdin, mən baş verən hər şeyi müşahidə edirdim.
Torrens təəcüblə ona baxır, diqqətlə dinləyirdi. O elə bilirdi ki, çox yaxşı rol oyanır, ancaq yanılmışdı. Onu ifşa etmişdilər.
– Əllərimiz açıldıqdan sonra biz çıxış axtardığımızda sən deyirdin ki, filmlərdə belə olmur, və s. Bəlkə Deverə elə göründü ki, bu zarafatdır, yaxud qorxu əlamətidir, amma mən görürdüm ki, bu heç biri deyil. Lakin nə olduğunu o zaman anlaya bilmirdim. Ancaq indi hər şeyi gözəl başa düşürəm. Sonra sən çalışırdın ki biz Leylaya kömək etməyək, səbəbi də belə izah etdin ki, tələsirik. Nəhayət, biz maşından düşdükdə sən həyəcanlamağa başladın. Hər kəs elə başa düşdü ki, sən sadəcə qorxursan, amma mən sənin gözlərində qorxu əlamətləri görmədim. Həm də hansısa kameranı açmaqdan qorxmaq gülünc idi. Bizi bağladıqları zaman sənin tapançanı almamaqları bu faktı isə hər şeyi aydınlaşdırdı. Yeri gəlmişkən, sən yenə də əla aktyor idin, çünki mən səni o dəqiqə ifşa edə bilmədim.
Yusif bir az ara verdikdən sonra soruşdu:
– Amma yenə də bir şey aydın olmadı – layihə nəyinə lazımdır?
– Bir həftə əvvəl kafedə oturub nahar edirdim, – Torrens bir neçə dəqiqəlik sükutdan sonra danışmağa başladı, – bir amerikalı gəldi və arxa tərəfimdə oturdu. Bir neçə dəqiqə sonra isə bir çinli gəldi və onun yanında oturdu. Onlar hansısa layihə barədə danışmağa başladılar. Mən darıxırdım, başladım onları dinləməyə, həm də söhbət maraqlı idi. Düşündüm ki, onlar alimdirlər. Çoxlu elmi terminlər işlədirdilər. Amma birdən biri o birinə desi:
"İndi də onu əldə etməyə razı olan birini tap". Sonra digəri soruşdu: "Tutaq ki, tapdım, hansı məbləği təklif edim?" O zaman o cavabladı: "Otuz milyon və onun yarısı da avans olaraq". Məbləği eşidincə dözə bilmədim. Onlara tərəf döndüm və dedim ki, mən sizə lazım şeyi əldə etməyə razıyam. Onda onlar mənə nəyi, harda axtarmağı və layihənin kod adını izah etdilər. Yalnız bir şeyi qeyd etmədilər, layihə nədən bəhs edir. Leyla bu haqda danışmağa başlayanda işi buraxmaq istədim, ancaq otuz milyon böyük məbləğdir.
– Bəs nə üçün layihənin yerini öyrənmədən Flinn qardaşlarını öldürdün? – Yusif soruşdu.
– Hər şey tərs getdi, – Torrens davam etdi, – Henri Flinn inadla danışmaqdan imtina edirdi və məni güc tətbiq edərək evdən çıxarmağa çalışırdı. Deyirdi ki, məni nahaq evə buraxıb, mən pis bir polisəm və s. bu kimi şeylər. Mən müqavimət göstərdim və onu özümdən itələdim. O müvazinətini itirib yıxıldı və başı dəydi.
– Deməli buna görə biz onun tanışları arasında şübhəli tapmadıq, – Yusif dedi, – o səni evə buraxıb, çünki sən polissən.
– Onun qardaşının yanına keçmiş hərbiçi Bred Şounu göndərdim, çünki bilirdim ki, Tomas Flinn təcrübəli agentdir, mən onunla bacara bilməzdim. Orda nə baş verib bilmirəm və Şounun onu niyə öldürdüyünü bunları aydınlaşdırmağa vaxt yox idi. O zaman Deverlə sən bizə mane olmayasınız deyə qaçırılma təşkil etdim, onda Şou Leyladan layihə haqqında öyrənməli idi. Şounun bizdən layihə haqqında danışmağımızı tələb etməsi isə sadəcə bir tamaşa idi.
– Yaxşı, – rahatlaşmış halda Yusif dedi, – sən hər şeyi boynuna aldın. Əgər o iki nəfər haqqında ətraflı danışsan, sənin müddətini azalda bilərlər.
Torrens müsbət cavab verdi. Onun başqa yolu yox idi.
***
– Vəssalam, – Yusif məhkəmə zalının oturacağında oturaraq dərin nəfəs aldı, – Torrens, onun sifarişçiləri və əlaltısı həbs olundular, sonuncu həlledici məhkəmə də indicə bitdi, yenə cansıxıcılıq başlayacaq.
– Darıxmaq? – Leyla təəccüblə soruşdu, – Yəni doğrudan siz darıxırsınız? Düşünürəm ki, sizə məşğuliyyət tapmaq çətin olmayacaq.
– Hmm, – belə sözləri gözləməyən Yusif səsləndi.
– Təəssüf ki, biz vidalaşmalıyıq, – Leyla üzüntülü halda dedi.
– Niyə ki? v Yusif soruşdu.
– Sən axı sabah evə gedirsən.
– Elədir, amma vida niyə? Sənin yanında rahatam, mən hətta hiss etmədim necə..., – Yusif sözünü tamamlamadı, – həm də sənin çox gözəl gözlərin var. Təkcə gözlər yox.
Bu sözlər Leyla üçün gözlənilməz idi, nə cavab verəcəyini bilmədi.
– Yaxşı, onda vidalaşmayaq, – həyəcandan quş kimi çırpınan Leyla cavabladı.
– Yaxşı fikirdir, amma əla deyil, – deyərək Yusif bütün vücudu ilə ona tərəf çevrildi.
– Nə mənada? – Leyla təəccübləndi.
O zaman Yusif cibindən kiçik bir qutu çıxardı, onu açaraq qıza uzatdı.
– Mənimlə bir yerdə getməyə razısan? – Yusif üzündə təbəssümlə soruşdu.
Leyla udqundu. Belə dönüş gözləmirdi. Ürəyi daha qüvvətlə döyündü. Sevincdən dodaqları az qala qulaqlarına çatacaqdı. Nəhayət o dedi:
– Bəli, mən razıyam!
Yusif gülümsədi və üzüyü onun barmağına taxdı.
– Bəs biletlər? – Leyla soruşdu.
– Biletlər problem deyil, – Yusif dedi və cibindən iki aviareys bileti çıxardı.
– Sən biletləri əvvəlcədən almışdın? – Leyla şən halda soruşdu, – Hardan bilirdin ki, razılaşacam?
– Ümid edirdim, – Yusif cavabladı, – sənin hisslərinin fərqində idim.
Leyla onun sözlərinə cavab verməyə macal tapmadan biletlərin üstündə gedəcəkləri yerin adını gördü – Misir.
– Sən biletləri Misirə almısan?
– Əlbəttə, – Yusif gülümsəyərək cavabladı, – gərək əvvəlcə səni valideynlərindən istəyib onların xeyir-duasını alaq.
Bu sözlər Leylanı daha çox sevindirdi. Onun sevincinin həddi-hüdudu yox idi.
Növbəti gün onlar Misirə uçdular. Leylanın atası onların nikahına razı oldu və bir həftə sonra onları toyu oldu.
Müəllif: Kənan Rəcəbli
Rus dilindən tərcümə: Ceylan Mumoğlu