Qadin.NET / Şor qırağı, konserv qabı, tort qutusu

Şor qırağı, konserv qabı, tort qutusu

 

Şor qırağı, konserv qabı, tort qutusu



 

Heç bir riyakarlıq sevgi varsa – onu uzun müddətə gizlədə, yoxdursa – yalandan göstərə bilməz.
F. Laroşfuko.

Xeyli müddət keçməsinə baxmayaraq hələ də Şor qırağından ayrıla bilmirdi. Ləpələr bayaqdan suyun üzündə ləngər vuran boş konserv qabını sahilə çıxarmaq istəyirdi. Sahilin irili-xırdalı daşları isə sanki sinəsini irəli verib torpağın təmizliyini bu gölə sahilyanı kəndlərdən tökülən ən müxtəlif tullantılardan qorumaq istəyirdi. Onsuz da sahildə böyük zibillik qalaqlanmışdı. Nə vaxtdan bəridir bu tərəflərə heç bir zibil maşını batıb qalmaq təhlükəsiylə yaxın durmurdu. Lakin Şor bu tullantılardan, onların kiçikcik nümayəndəsi olan əzik-üzük, çirkli, paslı dəmir qabdan əməlli-başlı bezmişdi deyəsən. Hər uğursuzluqdan sonra ləpələr geri çəkilir, özünə yeni qüvvə toplayıb, güclü həmləylə üstünə zəli kimi yapışıb qalmış murdar zibili sahilə, sahilin bir neçə addımlığında yerləşən qəbiristanlığa sarı itələyirdi. Görünür, ona öz yerini göstərmək istəyirdi. 
Hövsələsi çatmadı. Konserv qabını uzunburun ayaqqabısının ucu ilə ehmalca suyun üzərindən kənara çəkdi. Sahildə dabanı ilə üstünə çıxıb bütün ağırlığını işə saldı. Qab bütöv halda yumşaq torpağa batdı. Üstünü də yaxşıca basdırdı ki, ümumiyyətlə, heç görünməsin. Yalnız bundan sonra bir qədər rahatladı. Qol saatına baxdı. Natavanın işdən qayıdan vaxtıydı. Asta-asta yoxuşu üzü yuxarı, tramvay dayanacağına tərəf qalxmağa başladı. Axır vaxtlar kənddən şəhərə işləməyə gedənlərin sayı xeyli artmışdı. Hamısı da geriyə məhz tramvayla qayıdırdılar. Həm nisbətən ucuz, həm də rahat, avtobuslardakı sıxma-boğmasız olurdu. 
Yanından keçdiyi evin hasarı qurtaranda uzaqda, qəbiristanlığın darvazası yanında bir neçə oğlanın sallağı oturduğunu gördü. Həmişə yığışdıqları yerdi. Başının hərəkəti ilə salamlaşmaq yersizdi. Həm məsafə uzaqdı, həm də hava qaraldığına görə, onsuz da baş hərəkətini heç kim görməyəcəkdi. Səsinin yoğun yerinə salmaq isə istəmirdi. Eləcə bir əlini yuxarı qaldırdı və əks tərəfdən də eyni cavabı görəndən sonra keçıb getdi. Daha bir neçə addım atmışdı ki, qarşıda hündürdaban ayaqqabıların asfalta dəyib çıxardığı cingiltili səslər eşidildi. Natavan olmalıydı. Addımlarını yeyinlətdi. Bu dəm xarici avtomobilin siqnal verib, yanından böyük sürətlə şütüyüb keçməsinə elə də fikir vermədi. Sadəcə, ağ rəngli maşının sükanı arxasında parıldayan bir cüt göz havanın qaranlığında işıq salan bir cüt ulduz kimi istər-istəməz diqqətini çəkdi. Sürücü, deyəsən, zənci idi. Qara, qısa qıvrımsaçlı kəllə aşağı salınmış qapı şüşəsindən kənara baxır, dişlərini ağardırdı. Bəlkə də heç zənci deyildi? Nə çoxdu öz qara qıvrımsaçlılarımız. 
Çox düşünməyə imkan olmadı. Natavan qaranlıqda peyda olmuşdu. Qız qarşısındakı oğlanı görüb, tez baxışlarını xarici maşının getdiyi istiqamətdən çəkdi. Elçinin beləcə önündə birdən-birə peyda olmasını gözləmirdi deyəsən. Amma pərtliyini hər vəchlə gizlətməyə çalışırdı. Bunu da asanlıqla hiss etmək olurdu. 
- Sən yenə gəlmisən? Axı mən o gün...
- Ay qız, əvvəlcə axşamın xeyir olsun. Bir Allahın salamını ver, hal-əhval elə, ondan sonra döşə canıma nə qədər istəyirsən.
Az öncə qalxdığı yoxuşla indi aşağı enirdilər.

- Bax, mən ciddi deyirəm. Çıxma qabağıma. Özü də gör harda? Məhlənin girəcəyində. Ora bax, uşaqların gözü bizdədi. Əsgərlikdən heç bir həftə deyil gəlmisən, amma bütün kənddə cürbəcür söz-söhbət gəzir. 
- Natavan xanım, xahiş edirəm sakit ol. Onlar öz uşaqlarımızdı. Özü də söz gəzdirən uşaqlar deyillər. Narahat olmaya bilərsən.
Qız nə cavab verəcəyini bilmədi və bir neçə dəqiqəlik susdu. Şor qırağındakı məhəlləyə yaxınlaşmışdılar. Ətrafda heç kim gözə dəymirdi. Qız ora-bura boylanıb kimsənin olmadığına əmin olandan sonra yerində durdu. Əvvəlcə Şora, sonra onu artıq bezdirmiş oğlana baxdı.
- Mənə bax. Gəl açıq danışaq. Nə istəyirsən məndən? Əgər fikirləşirsən ki, bişirə biləcəksən, çox nahaq. Bilməyəcəksən. Yəqin çatdırıblar sənə ki, telestudiyada işləyirəm. Gündə yüz nəfər səndən... – susdu, yenə Şora baxdı. Göl sakit-sakit ləpələnir, heç onları dinləmirdi də. Bir qədər sakit tonda davam etdi, - sənin kimisini görürəm. Məşhur adamlar, teatr, kino artistləri, rejissorlar o tərəf-bu tərəfimə dolaşırlar. Səhvimi boynuma alıram, o gün səni bir az yumşaq qarşıladım. Dedim əsgərlikdən təzə gəlmisən, birdən-birə könlünü qırmayım. Bağışla, bilməzdim ki belə qanmazsan, özün heç nəyi başa düşməyəcəksən. Uzun sözün qısası, açıl başımdan, bildin? Elə bilmə ki, qardaşımla salamməlekin var, vəssəlam. Artıq ovcunun içindəyəm. Bir sözümə bənddi ki, başını bədənindən ayırsın. Başa düşdün? Xudafiz! 
Elçin başını aşağı salıb durmuşdu. Dikdaban ayaqqabıların taqqıltısı get-gedə uzaqlaşır, eşidilməz olurdu. Durduğu yerdəcə çarəsizlikdən dabanı ilə torpağı qazımağa başladı. Qazdı, qazdı və başını qaldırıb səsini eşitdiyi, amma üzünü görmədiyi gölə tərəf baxdı. Sonra yenə qazdı, qazdı... və yenə başını qaldırıb az qala gölə yapışmış qəbiristanlığa tərəf baxdı. Baş daşları görünürdü, amma səsləri çıxmırdı. Dönüb getdi.
Məhəllə uşaqları bayaqkı yerlərindən dağılışmamışdılar. Çay dükanının yanında yaşayan Tahir də nədənsə burda idi.
- O-o-o, kimi görürəm? Təzə dembel qədeşimizə eşq olsun! Yallah, - sallağı oturanlar ayağa qalxıb, bir-bir əl verdilər, - kef-əhval?
- Sağ ol, Tahir, şükür Allaha!
Tahir onu başdan-ayağa süzdü. Müasir dəbli geyimi, deyəsən, onu bir qədər təəccübləndirmişdi. Məhəllə uşaqlarına oxşamırdı heç. Sonra öz geyiminə gözucu nəzər yetirdi: plaş malından şalvar, ətəklərini şalvarın üstünə saldığı ağ köynək və ayaqlarında yay şapşupları. Öz-özünə gülməyi tutdu. Qara ebonitdən düzəldilmiş doqquzdənəli təsbehini şaqqıldadıb, yenə sallağı oturdu..
- Görürəm, pis döyürsən, maşallah. Çəkib gəldin, əcəb elədin. Kişinin heç kimə borcu qalmasın gərək. Bu əsgərliyi də üstümüzə borc kimi yükləyiblər də... çarəsi nədi, gərək verək. 
Araya sükut çökdü. Altdan-altdan hamını nəzərdən keçirirdi. Kimisi bıçaqla oynayır, kimisi balaca uşaqlar tək çubuqla yer eşələyir, kimisi də papiros tüstülədirdi. Laçınlılar məhəlləsindən bir-iki nəfəri çıxmaq çərtiylə hamını yaxşı tanıyırdı. Həmişə onları özünə yaxın hesab etsə də belə gətirmişdi ki, burda uşaqlarla beləcə birlikdə sallağı oturmağa heç vaxt hövsələsi çatmamışdı. Onlardan fərqli olaraq, ayaqları da buna öyrəncəli deyildi.
- Tahir, məni bağışla, başım yaman ağrıyır. Gedim dərmandan-zaddan, görüm nə tapıram.
Yenə hamı ayaq üstə idi.
- Nə olar? – üzündə təbəssüm yarandı, - hökümət bağışlasın, biz kimik ki? Amma istəsən, bizdə də başağrısı üçün bir şey tapılar-a...
Əlini döş cibinə atdı. Nazik köynəyinin üstündən kibrit qutusu görünürdü. Sonra yanındakı uşaqlara baxdı. Həməncə ona “Kazbek” dənəsi ötürdülər.

 

Şor qırağı, konserv qabı, tort qutusu

 

 
- Sağ ol. Bilirsən ki, həvəskarı deyiləm.
- Onda xoş getdin.
Elçin uzaqlaşandan sonra uşaqlar yenə diz üstə çökdülər.

- Şamil, bizim bu tıq-tıq xanım, diyəsən, oğlanı barmağına dolayır axı! Onun şəhərdə yekəqarınlarla hansı hoqqalardan çıxmağı, hələ ki, bir yana qalsın. Vaxtı gələr, onu da razbirat eləyərik xoşqeyrət qardaşıyla. Amma indi kənd uşağını belə obijat eləməyi heç yaxşı döyür. Belə çıxır ki, başqalarına olar, məhlə uşağına çatanda olmaz? Bizim panyatkamızda belə şeylər zapadlodu. Slujbadan təzə gəlib. Elə eləmək lazımdı ki, başağrısının dərmanı tapılsın. Gördüz o meymuna oxşayan necə keçdi yanımızdan? Park Kirova dəyərsən. Ordakı kafedə, lap içəridə bir otaq var xudmani. Girərsən pramoy ora. Qabağını xozeyin kəssə, adımı verərsən. Sonrasını da özün bilirsən. Çatdı?
- Arxayın ol! – Şamil əlindəki bıçağı qatlayıb cibinə qoydu.
- Amma bax ki, çox səs-küy çıxmasın. Xozeyin yad adam döyür, öz inəyimizin balasıdı. Qıza da çox bənd olma. Sonra bəyoğlanımız bəyənməz.
- Olmadı ki... ləzzəti qaçdı gül kimi işin.
Ikisi də gülümsədi.
- Onda yavaş-yavaş, bala-bala, xırda-xırda. Yeri bilinməsin.
Razılıq işarəsi aldı.

***

Tanış səs fikrini yayındırdı. 
- Salam, Elçin. Nə var, nə yox, necəsən? Nə oldu sənə birdən-birə? Neçə gündü gözə dəymirsən. Heç demirsən birdən kimsə darıxa bilər. 
Al yanaqlarında günəşin şüaları bərq vururdu. Amma sol gözünün altı daha çox qızarmışdı elə bil...
- Gözünə nə olub?
- A-a-a, bunu deyirsən? - əlini düz qızarmış yerə apardı və ardınca qara gün eynəyini güzünə taxdı, - qaqaşın işlərədi də, əlini dinc saxlamır. Fikir vermə, özündən danış. Instituta getmişdin? Mən bilən jurnalistikaya daxil olandan sonra əsgərliyə getmişdin axı?
- Elədir...
- Bura bax, niyə ayaq üstə söhbət edirik? Gəl gedək bizə. Evdə heç kim yoxdu, darıxıram tək. Papayla mama bağdadı, qaqaş da reysdə. Oturub rahat-rahat danışarıq, keçən günləri yada salarıq. O gün sinif qızlarından bir neçəsini görmüşəm. Hamı səni soruşurdu. Yadından çıxmayıb ki? Bütün məktəb tədbirlərini birlikdə hazırlayırdıq. Qızların bədii rəhbəriydin. Bütün oğlanların da paxıllığı tuturdu sənə. Ha-ha-ha... 
Oğlanın qoluna girdi.
- Tərpən görüm. Deyəsən bitmisən asfalta.
Bir neçə gün ərzində Natavanda baş verən dəyişiklikdən heç nə anlaya bilmirdi. Nə edəcəyini götür-qoy edir, gördüyü tamam yeni münasibəti müxtəlif yerlərə yozmağa çalışırdı. 
- Bəlkə lazım deyil? Oğlanı gözləyirəm... 
- Nə oğlan-bazlıqdı? Etiraz qəbul olunmur. Mənimlə gedəcəksən, vəssəlam! Özü də bax beləcə, qol-qola gedəcəyik. Qoy bütün məhlə uşaqları görsünlər, yanıb tökülsünlər.
Oğlanın, nəhayət, yerindən tərpəndiyini görüb tez ona tərəf sığındı.
- O gün işdə qanımı bir az qaraltmışdılar. Özün bilirsən də, olur. Bağışla, borcluyam yanında. Eybi yox, borclu borclunun sağlığın istər. Niyə dinmirsən? Yoxsa Natavan yadından çıxıb bir-iki gün ərzində? Bir vaxtlar nə oyunlardan çıxırdıq, yadındadı? 
Oğlan gedə-gedə gah ayağının altına, gah da Şora baxırdı. Məhəlləyə çatanda birdən ona elə gəldi ki, gölün ləpələri böyüməyə, həyəcanlanmağa başladı. Suyun rəngi də getdikcə qızarırdı elə bil. Gölün qırmızıya çalan suları sahili hər tərəfdən əhatələyirdi. Döyülmüş insanın gözünü əhatələyən qızartı kimi...
Bir də ayıldı ki, Natavan yenə qolunu çəkir.
- Nə oldu, yenə mıxlandın asfalta? Tərpən!
- Natavan, gələ bilməyəcəyəm. Bağışla...
- Adə, nə oldu sənə birdən-birə? Gəl görüm. Necə yəni gələ bilməyəcəyəm?
Qız deyəsən əməlli-başlı təşvişə düşmüşdü. Ikiəlli oğlanın qolundan yapışıb dartışdırırdı. Nəhayət, dözməyib sərt hərəkətlə qolunu çəkdi. Natavan onun gücü qarşısında çarəsiz qalıb, bir qədər kənara çəkildi. Yazıq-yazıq boynunu büküb, durdu. Utanmasaydı, yəqin elə bu dəqiqə yalvarmağa da başlayacaqdı. Son dəfə qızın həmişəkindən daha artıq pudralanmış üzünə, gözünün yanını və altını əhatələmiş qızartıya nəzər saldı. Heç nə demədən çevrilib getdi. Həməncə arxadan əsəbi çığırtı eşidildi:
- Gəlmirsən, heç gəlmə. Maymağın biri maymaq!
Ağır-ağır yoxuşu qalxıb tinə çatdı. Yenə qəbiristanlığın darvazası yanındı məhəllə uşaqları oturmuşdular. Yaxınlaşıb əvvəlcə Tahirlə, sonra qalanları ilə görüşdü. Tahir dodaqaltı qımışırdı.
- Axşamın xeyir, qədeş. Maşallah, yaxşısan bu gün. Görürəm işlərin düzəlib deyəsən. Kefin kökdü. Danış görək, təzə xəbərdən-zaddan nə var, nə yox. Şəhərdə nələr olur? Tələbə adamsan, oralara çox gedib-gəlirsən. 
Natavanın ona münasibətində baş verən kəskin dəyişiklik hələ də beynini məşğul etdiyindən, suala elə-belə, xala-xətrin qalmasın deyə cavab verdi:
- Elə bir təzə xəbər yoxdu. Amma Kirov parkında kafedə bir zəncini otaqların birində tutub asıblar. Şəhərdə indi hamı ondan danışır.
- Yaxşı görək! Niyə görəsən? Kimin yemi artıq düşüb ki, belə qudurğanlıq eləyir?
Getdikcə fikri dağılır, bayaqkı hadisənin təsirindən qurtulurdu.
- Nə bilim. Dolaşıq işdı. Deyirlər guya kafedə qızla tutublar. Amma mən inanmıram. Orda nəsə başqa ciddi məsələ, bəlkə də siyasi bir şey var. Bu şayəni də yalandan atıblar ortaya. Camaatın fikrini yayındırmaq üçün. 
- Həri, elə sən deyəndi, - Tahir o dəqiqə razılaşdı, - bu camaatın başını aldatmağa nə var-e? İki nəfər kənara çəkilib pıç-pıç eləyən kimi, o dəqiqə hamı qulaqlarını şəkləyir.
Tahirin yanında durmuş oğlan bıçağı ovcuna vura-vura söhbətə qoşuldu.
- Mən də ordan-burdan bəzi şeylər eşitmişəm o məsələ haqqında. Deyirlər guya ki, əvvəlcə bıçaqla vurublar, sonra asıblar. Belə söz eşitməmisən? 
Tanıdı Şamili. Özünü itirdi, nədənsə. Heç özü də bilmədi niyə. Birdən-birə cavab verə bilmədi. Amma məhəllə uşaqlarına çaşqınlığını göstərmək istəmirdi. Zorla da olsa özünü toparlamalı idi. 
- Hə, eşitmişəm. Deyirlər əvvəlcə ürəyindən bıçaqlayıblar, sonra asıblar.
- Hə-ə-ə, belə de də!
Gözünü Şamildə çəkə bilmirdi. Beyni qarma-qarışıq fikirlərlə doldu birdən-birə. Hardansa cürbəcür suallar yarandı. Görəsən onlardan bəzilərini elə indicə Şamilə verə bilərdimi? Amma sükutu yenə Tahir pozdu.
- Əşşi, indi nə fərqi var, vurub asıblar, yoxsa elə-belə asıblar? Əsas odur ki, şəhərimizdəki havayıyeyən meymunlardan birini cəhənnəmə vasil eləyiblər. Düz deyil, qədeş? - əlini açıb, ona tərəf uzatdı, - vur gəlsin, mənim adamımsan. 
Əlini ovcuna toxundurdu. Amma gözlərini hələ də Şamildən çəkə bilmirdi. Bu dəfə də Tahir işə qarışdı.
- Qədeş, yaxşı də, biz gedək bala-bala. Başqa yerdə səndən yaxşı olmasınlar, uşaqlar gözləyirlər. Yoxsa bol-bol söhbət eləyərdik, canımçun. 
Görüşüb ayrılarkın, döş cibindən tütün hissəsi xeyli uzadılmış “Kazbek” dənəsini çıxarıb ovcuna qoydu.
- Tut. Kefinə düşər birdən. Olur da, şeytanın işini bilmək olmaz. Lazımun olmasa, canun sağ olsun, tulla getsin. Qoy bir zibilimiz də əksik olsun.
Oğlanlardan kimsə o biri ovcuna kibrit qutusu dürtdü və hamı üzü yuxarı çıxmağa başladılar. Onların ardınca xeyli baxandan sonra birdən yadına düşdü ki, evə getmək üçün o da həmin bu yoxuşu qalxmalıdır. Amma ayaqlarının yorğunluğunu indi elə bil daha çox hiss etməyə başlamışdı. Odur ki, geriyə, üzüaşağı düşdü. Yorğun ayaqlar onu öz-özünə aparıb bir neçə gün əvvəl durduğu yerə - Şorun sahilində suların içinə atılmış iri daş parçalarının üstünə çıxardı.
Ləpələr keçən dəfəki kimi ayağının altındakı daşlara dəyib, ətrafa sakitləşdirici səs yayırdılar. Sakitləşmək. Indi ona ən çox lazım olan bu idi. Bir qədər əvvəl Şamilə, Tahirə verə bilmədiyi suallara cavab tapmaq üçün bütün kənddə Şorun sahilindən daha yaxşı yer tapmaq olmazdı. Gözləri suyun səthində gəzirdi. Düşüncələri isə uzaqlarda, son günlərin hadisələri baş verən yerlərdə: Natavanın evi yanında, Kirov parkında, qəbiristanlığın darvazası yanında. Bircə Şorun sularında bayaqdan tənbəl-tənbəl üzən bu boş tort qutusu... Diqqətini yayındırırdı. Biskvitin qırıntılarından və kremdən ləkə-ləkə olmuş karton qutu çevikliklə ləpələrin üstündən adlayır, heç cür sahilə çıxmaq istəmirdi.
Bütün həvəsini toplayıb əyildi. Qutuya doğru uzananda əlindəki papiros dənəsi az qala suya düşəcəkdi. Ayağa qalxmalı oldu. Bayaqdan əlində nəsə saxladığını büsbütün unutmuşdu. Indi həmin “nəsə”yə baxır və düşünürdü ki, deyəsən, onun üçün də bu zibili dadmağın vaxtı gəlib çatmışdı. Papirosu yandırıb dərindən qullab vurdu. Tüstü içinə doldu və bu zaman... boğazının yoluna elə bil kibrit vurdular. Nəfəs borusu alışıb-yanmağa başladı. Ikiəlli boğazından yapışdı. Qaşımaq, nəfəs yolunu yırtmaq, tüstünü bayıra çıxartmaq istədi. Alınmadı. Içi əməlli-başlı yanırdı. Qəfildən öskürək tutdu və bu öskürək onu xilas etdi. Tüstü qırıq-qırıq bayıra çıxmağa başladı. Çox öskürdü... Bütün narahat sualları gözlərindəki qızartı ilə birlikdə damla-damla tökülüb Şorun sularına qarışdı... 
Öskürək kəsiləndən sonra daşların üstündən endi. Boynundakı dırnaq yerlərinin ağrısını yalnız indi duydu. Özünü əməlli-başlı cırmaqlamışdı. Amma belə ağrıların hayında deyildi. Yola çıxmaq üçün bir-iki addım atıb, yenə geri boylandı. Tort qutusu gölün üzərində ləpələrlə oynayır, sanki uzaqdan ona baxıb, gəl-gəl deyirdi. Əslində geri qayıtmaq, qutunu çıxarıb zibilliyə tullamaq, bununla da Şorun təmizliyini bərpa etmək də olardı. Amma çox yorulmuşdu. Son bir neçə gün onu əməlli-başlı əldən salmışdı. Ayaqları artıq sözünə baxmırdı. Odur ki, dərindən köks ötürüb bu tərəflərin o qədər də təmiz olmayan havasını ağzınacan ciyərlərinə doldurdu. Yoxuşu üzüyuxarı qalxmağa başladı.

 

Etibar Kərimli, 1989.

31 oktyabr 2016
GO BACK