Əziz oxucu! Diqqətinizə təqdim olunan silsilənin adını sözün qısası kimi anlamaq lazımdır. Fəqət, dahi-dahi şəxsiyyətlər sarıdan bəxti yaman gətirmiş millətimizin həddən artıq zəngin fantaziya sahibi olan bəzi-bəzi araşdırmacıları onu yeni yaranmış hansısa “ədəbiyyat və sənət cərəyanı”na özünəməxsus parodiya kimi də anlaya bilər. İnternet saytlarının keçilməz cəngəlliklərində saatlarla itib-batan, böyük intellektləri böyük eynəklərindən o dəqiqə məlum olan bir para ədəbi-tənqidçilərimiz isə bəlkə hər iki mənanı birdən alıb, ordan hansısa dəruni nüanslar çıxardı?! Öz işləridi. Hamının bildiyi kimi, ölkəmizdə artıq çoxdan demokratik dəyərlər tam bərqərar olmuşdur. Odur ki, hər kəsin fikrinə sayğımız tükənməzdir! Bizdən tələb olunan işin ən asan tərəfidi – yazıb çap etdirmək. Qalanı sizlərin öhdəsinə düşür. Qısası... başladıq!
İşıq
Qısası... divarda Maleviçin “QARA KVADRAT”ı asılmışdı. Onunla üzbəüz durmuş qara kvadrat insanlar qara kvadrat gözlərini ona tuşlamışdılar. Qara kvadrat başlarında qara kvadrat fikirlər dolaşır, qara kvadrat ürəklərini qara kvadrat hisslər çulğayırdı. Onlar qara kvadrat sözlərlə qara kvadrat cümlələr qurur və qarşılarındakı tablonu qara kvadrat fantaziyaları süzgəcindən keçirirdilər. Beləliklə, ətraf büsbütün müxtəlif zümrəyə, yaşa, peşəyə, zövqə malik qara kvadratlarla dolmuşdu və birdən...
Divardakı “QARA KVADRAT” rəngini dəyişməyə, aydınlanmağa başladı. Ardınca da... parlaq, gözqamaşdırıcı İşıq saçdı! Sanki atom bombası partladı və onun dalğası digər qara kvadratları yer üzündən birdəfəlik sildi...
2002
Qaz
Qısası... payız fəsli girəndən bu yana evimizdə qaz gəlmirdi. Üstünüzə sağlıq, bərk soyuqlamışdım. Alt-üst geyinib həyətdə odun doğrayırdım. Nagahan, qazpulu yığan gəlib çıxdı. Halımı görüb, əvvəlcə başını buladı. Həmişəki kimi, bir-iki ağız yuxarı instansiyaların qarasınca deyindi. Sonra... qaz pulu istədi. Üç uşaq atasıydı. Məvacibi də yığdığı qaz pullarından verilirdi. Öskürə-öskürə evə keçib, əlimdə pul qayıtdım. O, xeyli dayanıb boynuma doladığım yun şərfə, başıma keçirdiyim norka papağa, əynimə geydiyim dəri kürkə, nəhayət, xəstəlikdən qıpqırmızı qızarmış gözlərimin içinə dinməz-söyləməz baxdı, baxdı, baxdı... Sonra pulu alıb getdi.
Sabahı gün qonşumuz təzə xəbər gətirdi. Demə, dünən işin sonunda məhləmizin qazpulu yığanı girib kabinetinə, qapı-pəncərəni kip-kip bağlayıb, sobanın qazını söndürüb, sonra da təzyiqi ağzınacan verib... Bir gündən sonra iş yoldaşları qapını sındırıb, cəsədini döşəmədə görüblər. Əlində də yığdığı qazpulu qəbzləri...
Hayıf, yaxşı kişi idi. Amma fikir verdim ki, bu hadisənin bir müsbət cəhəti hamının gözündən qaçmışdı. Yuxarı instansiyaların qarasınca deyinənlərin biri də azalmışdı!
2002
Su
Qısası... qarşımda bir qalaq qəzet, jurnal vardı. Yazılanlar da başdan-ayağa çənə-boğaz, hətərən-pətərən – boş su!
Bezib dəniz sahilinə çıxdım. Yayın cırhacırı idi. Xəzər ölmüşdü. Üz-gözündə bircə qırışı belə tərpənmirdi – bir çəllək şor su!
Evə gəlib çamadanları yığışdırdım. Turist palatkasını və arvadımı qoltuğuma vurdum. Uşaqları qaynanamın yanına qoyandan sonra maşını birbaşa Nabrana sürdüm. Bir-iki gün meşənin sərinliyində istirahət etmək, həm də balaca şeytanlarımızın gözündən uzaqda, rahatca özümü boşaltmaq fikrindəydim. Çatıb münasib yer seçdik, palatkanı qurub, bir qədər rahatlandıq. Arvadağa çırpı ardınca göndərdi. Meşənin içində balaca çay axırdı – dupduru, sipsirin, bumbuz su!
Kənarı ilə gəzişə-gəzişə xeyli çırpı yığmışdım. Qəfildən çişim gəldi. Bir əlimi birtəhər azad eləyib, başladım gedə-gedə işimi görməyə - ilıq, sarımtıl su!
Nagahan, qarşımda bazburutlu kişi peyda oldu. Yaxınlaşıb nə salam, nə kalam, əlini atdı və... e-e-e... türkün məsəli, şeyimdən yapışıb başladı dartışdırmağa. Var gücümlə çığırdım ki, a kişi, nə qayırırsan, qaluboysan-nəsən? Cavabında yekə dişlərini az qala gözlərimə soxub bildirdi ki, bəs – meşəbəyiyəm. Bu dəm ağzından nəsə axıb üstümə töküldü. Baxıb gördüm – yapışqan su!
Lznət şeytana deyib, daha bir məntiqi sual verdim ki, nə olar, meşəbəyi qaluboy ola bilməz məgər? Ani fikrə gedib cavab verdi ki, qaluboy-maluboy bilmir nə olan şeydi və buralarda büllur təki təmiz çay suyunu korladığıma görə elə indicə şeylərimi dibindən qopardacaq. Sözü bütöv adama oxşayırdı. Başladım and-aman eləməyə ki, sadəcə olaraq, çaydan xeyli aralı yerdə bir balaca çiş elədim, vəssəlam. O isə dedi ki, mənim kimi ekologiyaya ziyan vuranları neşə kilometrdən tanıyır. Mən də əsəbləşib dedim ki, pay atonnan, bu kişi qrinpis olub keçmədi yaxamıza? O da dedi ki, qrınpıs dədəndi... Dədənq... bu cür səs gəldi əvvəlcə. Sonra bazburutdu kişi kökündən mişarlanmış ağac kimi yerə dəydi. Burnundan aşağı nazik zolaq axdı – qırmızı su!
Baxıb gördüm ki, arxasında arvadım durub. Əlində də zorba bir dəyənək. Həmən üstünə atılıb üz-gözünü öpüşlərə qərq etdim. Onu necə ülvi məhəbbətlə sevdiyimi, həm də bu sevginin qarşılıqlı olduğuna heç zaman şübhələnmədiyimi bildirdim. O isə əlini, ayıb olmasın, qurşağımdan aşağı yerə aparıb bic-bic gülümsədi. Bildirdi ki, sən nəyimə lazımsan, buna hayıfım gəldi. Çünki içində gələcək birgə həyatımızda çox gərəkli ola biləcək maye var – ağappaq su!
Bu sözlərindən cuşa gəlib həm ağıllı, həm də cəsur arvadımı ordakı möhkəm ağaclardan birinə dirədim. Ardınca da hayıfı gəldiyi şeyi bütün gücü ilə işə saldım. Az sonra elə şövqə qəlmişdik ki, ikimiz də büsbütün yaş idik – tər su!
2003
Torpaq
Qısası... dəniz sahili, yaş qum. Iki gənc ailə çətir altında şirin-şirin söhbət edirlər. Kənarda uşaqları – iki balaca oğlan üzbəüz oturub, yaş qumdan evcik yapırlar. Biri digərindən yaşca, bədəncə daha böyük görünür. Fəqət, balacası imkan vermir. Böyüyün güc-bəlalayla yapdığı evləri bir göz qırpımında vurub yıxır, yerində öz evini yapmaq istəyir. O, dözür, çox dözür və nəhayət, ayağa qalxır. Balacanın qulağından tutub kənara atır. Aman, aman! Çığırtı səsləri çimərliyi başına götürür. Valideynlər tez qaçıb gəlirlər. Balacanın göz yaşlarını görüb, şikayətlərini diqqətlə dinləyəndən sonra böyüyün yumşaq yerinə bir-iki çəkib, onu da ağladırlar. Ardınca da uşaqları yenə üzbəüz oturdur və şirin söhbətlərinə davam etməyə gedirlər.
... Dəniz sahilində iki uşaq üzbəüz oturub, yaş qumdan evcik yapırlar. Onlardan biri digərindən daha böyük görünür. Fəqət, balacası imkan vermir. Böyüyün yapdıqlarını vurub yıxır, sonra da bic-bic gülür. Böyük uşaq daha etiraz etmir, heç qımıqlanmır da... çünki, valideynlərin bir gözü onlardaydı!
Etibar Kərimli, 2003