Qadin.NET / Qayıdış

Qayıdış

-           Hə, əziz balam. Gəl, indi ən vacib sözlərimizi deyək. Sonra tez yat ki, ən gözəl yuxular sənin qonağın olsun.

Zülfüqar ”Əşhədu ən la İlahə İləllah. Əşhədu ənnə Muhəmmədən Rəsulullah. Əşhədu ənnə Əmirəlmöminin əliyən vəliyullah” dedikdən sonra anasına baxır.

-         Ana, bəs nağıl danışmayacaqsan?

-         Danışacam şirin balam.

-  “ Biri var idi, biri yox idi. Habil və Qabil adında iki qardaş var idi. Qardaşlardan biri – Qabil daş ürəkli, kobud və bəd xasiyyətli oğlan idi. Habil isə əksinə çox sakit, mülayim və mehriban uşaq idi. Qabil hər zaman qardaşına əziyyət verərdi. İstəyirdi ki, qardaşı gecə-gündüz ona xidmət göstərsin, onun hər dediyini etsin. Qoyun otarmaqdan əlavə, onun əvəzinə də torpaq şumlasın və digər işləri görsün. Özü isə təmbəl idi, vaxtını yalnız boş şeylərə sərf edirdi. Qabil dəfələrlə qardaşını kötəkləmişdi, ancaq Habil qardaşını çox istədiyindən hər şeyə dözürdü. Habil Allahdan qardaşı Qabili hidayət etməsini, onu pis işlərdən çəkindirməsini istəyirdi. Onun yaxşı insan olmasını arzulayırdı. Atası dəfələrlə oğlu Qabilə nəsihətlər verərdi. Onu pis işlərdən çəkinməsini tələb edər, qardaşını nümunə göstərərək, onun kimi olmasını buyurardı. Allahın pis insanları sevmədiyini ona bildirərdi. Lakin, Qabil atasının heç bir nəsihətini eşitməzdi. O, Habildən üstün olduğunu düşünürdü. Çünki, o, qardaşından güclü idi. Güclü qolları, uca boyu var idi. Atası Qabilə deyirdi: - Ey Qabil, Allah ürəklərə baxır. Kimin ürəyi geniş, təmizdirsə, kim daha imanlıdırsa, həmin adam üstündür. İnsanın qüdrəti onun qolunun gücündə deyil.

Ancaq bunların heç biri Qabilə maraqlı deyildi, o qardaşına əzab verməkdə davam edər. Habil isə təmiz ürəkli olduğundan və qardaşını çox istədiyindən bütün bunlara dözərdi...”

Fatimə oğlunun artıq dərin yuxuya getdiyini görüb otaqdan çıxır.

-           Sənə neçə dəfə demişəm ki, uşağın beynini bu tip cəfəngiyatla doldurma!

-           Niyə elə deyirsən, Ceyhun? Bizim hər birimizi Allah yaradıb. Bu dünya fani dünyadır. Sınaq meydanıdır hər birimiz üçün. Kimin nə zaman həyatı tərk edəcəyi də məlum deyil. Dünyaya gələn hər bir uşaq müsəlmandır. Onun əqidəsini dəyişdirən mühitdir. Biz dünyaya gəldikdə böyüyümüz sağ qulağımıza azan, sol qulağımıza da iqamə oxuyub. Mənim balam da müsəlman kimi, müsəlman ailəsində dünyaya gəlib, çox şükür. Mömin kimi alınmasa da, ən az müsəlman olaraq bu dünyanı tərk etməlidir, İn şə Allah. Mən də ona bu yolda düzgün addımlamağı öyrətməyə borcluyam. Uşaq indidən Kəlmeyi-şəhadəti bilməlidir.

-           İndi sən razısan ki, sənin əziz balan bu sözləri deyib yatsın və bir də ayılmasın? Xoşbəxt olacaqsan onda? Axı müsəlman kimi öləcək, sənin indiyənə kimi görmədiyin və heç mövcud olmayan Cənnətə düşəcək, şad firavan yaşayacaq bu utopik məkanınızda. Və sənin uzun illər sonra sahib olduğun övladın yanında olmasa da olar, əsas odu şəhadət gətirib də, hə? (Səsini qaldıraraq ucadan danışır)

 

Qayıdış

 

-           Qışqırma, uşaq ayılacaq. O, mənim bircə balamdır. Mən bir anayam. Övlad həsrətinin nə demək olduğunu da atadan çox ana bilər. Əlbəttə ki, üzüləcəm. Allahıma gecə-gündüz dua edirəm ki, balamı mənə uzun illər boyu çox görməsin. Onu əməli saleh bəndələrindən etsin, sağlıqlı və düzgün ömür bəxş etsin ona. Ancaq Allahın əmrinə qətiyyən üsyan etmərəm. Balamı mənə bəxş edən də odur, onu yaşadan və dünyadan getmə zamanını müəyyən edən də odur. Ona indidən Allahını, yaradanını tanıtmasam, sonra gec ola bilər. İmkan vermərəm balamı da azdırsınlar.

-           Yaxşı, uzatma. Onsuz bütün günü işdə Vaqifin mühazirələrindən təngə gəlmişəm. Sizin ikinizi tələbəlik vaxtı necə olub tanımamışam, anlaya bilmirəm. Sənin bu məntiqsiz fikirlərindən xəbərdar olsaydım aşiq olmazdım sənə. Ağıllı başlı adamlarsınız, elmdən də xəbərdarsınız. Başa düşmürəm necə olub bu cəfəngiyata inanmısınız. Elə bil yuxu aləmində yaşayırsınız, həqiqəti dərk edə bilmirsiniz.

-           Biz də eyni şeyi sənin barəndə düşünürük. Qəflət yuxusuna sən qərq olmusan, Ceyhun. Ləhnət olunmuş sənin beynini bişirib, qəlbin də o dərəcədə möhürlənib ki, həqiqəti görmür və eşitmirsən. Bilirsən, əvvəl bizim fikirlərimizdən niyə xəbərdar olmamısan? Çünki əvvəl sən belə imansız deyildin. Yoxsa mən də səni nə qəlbimə, nə həyatıma yaxın buraxardım  (gözləri dolur). Bütün bunların səbəbkarı sənin ateist dostlarındır. Bu dırnaqarası dostların görən, axirət günüdəmi belə arxayınçılıqla danışıb, bizə güləcəklər? Bir də görünür sənin imanın zəif imiş. Yoxsa onlar səni yalnış yola yox, sən onları düzgün yola çəkərdin. Bu da mənim növbəti sınağımdır, yəgin. Allah bəndəsini çəkə biləcəyindən artıq sınağa düçar etməz və məhz sevimli bəndələrini sınağa çəkər. Bəlkə də səni mənim yarım etməklə mənim imanımın qədərini yoxlayır, həm də bu dünyada səni uçurumdan geri qaytarmaq üçün bir vasitəçiyəm mən. Hər namazımda dua edəcəm ki, səni bu yalnış yoldan gec olmadan geri qaytarsın o uca yaradan…İslam bütün elmlərin başında durur. İstənilən kəşf barədə, istənilən elmi tərəqqi barədə, təbiət hadisəsi barədə məhz Quranda məlumat verilmişdir. Və Quran heç də cahillik kitabı deyil. Bu damğanı ona İslamdan uzaq kafirlər vurub…

 

 

-           Bunu da gətirib dinlə əlaqələndirdin, halal olsun sənə!  Sən bu qiraət dərslərinə yazılandan evimizdə hər axşam molla danışır elə bil.

-           Ceyhun, xahiş edirəm, qurtar bu söhbəti. Heç mən sənin ateistliyinə bu qədər qarışmıram. Sadəcə sənə faktlarla, söhbətlərlə, hədislərimizlə bəzən düzgün yolu göstərməyə çalışıram. Ancaq şüuru olan hər bir bəndə özü anlamalıdır, özü addım atmalıdır düzgün yola. Mən də dua edirəm ki, gec olmadan anlayasan dediklərimi, zərərin heç olmazsa, yarısından geri qayıdasan. Ancaq sənə də məni acılamağa imkan vermərəm. Sən mənim həyat yoldaşımsan. Məndən bir pillə yuxarıdasan. Bunu da məhz Allah buyurub. Sənin icazən olmadan mən evin kandarından bayıra addım belə atmıram, bunu da Allaha olan inamımdan, daha sonra sənə olan hörmətimdən əməl edirəm. Sənin mənə xanımlıq borcumu düzgün yerinə yetirmədikdə, sənin başını aşağı saldıqda nəsə deməyə haqqın var. Ancaq düzgün yolda olduğum təqdirdə mən səndən nə tənqid, nə təhqir eşitməyə razı olmaram.

-           Təhqir etməyin mən də əleyhinəyəm, əlbət. Bağışla, tamamilə dalaşmamış qurtaraq bu söhbəti, düz deyirsən.

-           Çox sağol, bir də səndən növbəti dəfə xahiş edirəm. Sən kitab oxumağı sevirsən, necə olsa. Bir dəfə də Qurani-Kərimin tərcüməsini oxu, ya da dinlə. Kitab kimi sadəcə oxu. İstənilən bir kitabın sonunda bir nəticəyə gəlirik. Sən də bir nəticəyə gələcəksən. Hansı nəticəyə gələcəyini də zaman göstərəcək. Sən sadəcə oxuyacağına dair söz ver. Mən də səninlə bir də bunun mübahisəsini uzatmayacağıma söz verirəm. Amma övladımıza lazım bildiyimi öyrədəcəm, zamanla öz yolunu o da özü seçəcək onsuz. Amma mən də analıq borcumu yerinə yetirməliyəm.

-           Yaxşı, söz verirəm.

Ceyhun gecəni çox narahat yatdı. Yuxusunu tamam qatışdırmışdı. Uzun bir yolda idi. Bir az irəlidə yol iki hissəyə ayrılırdı. Sağ tərəfdə qızılgüllərdən ibarət bağça görünürdü. Həmin bağçada bir ağacın kölgəsi altında Fatimə ilə Zülfüqar oynayırdılar. Üzlərindən xoşbəxt olduqları hiss olunurdu. Sol tərəfdə isə  son vaxtlar inandığı və İslam haqqında yalnış təsəvvürə malik olan, İslamı rədd edən dostları nəyisə müzakirə edirdilər. Onlar da ilk baxışdan şən görünür, əllərində şərab qədəhləriylə dayanıb söhbət edirdilər. Ceyhunu görən kimi onu səslədilər. Ceyhun onlara doğru irəliləməyə başladı. Birdən getdiyi yol boyu ilanların qaynaşdığını gördü. Başını qaldırıb dostlarını köməyə çağırmaq istədi. Lakin onların güclü odun içində yandıqlarının şahidi oldu. Əllərində qaynar irinli maye dolu qədəhlər vardı və onlar acı çəkə-çəkə bu mayeni içirdilər. Qədəhlər mayenin içilməsinə rəğmən yenidən dolurdu. Bu irinli maye onların öz bədənlərindən ifraz olunurdu. Dostlarının nəriltisi qulaq batırmaq dərəcəsində idi. Ceyhun qulaqlarını tutur və nə edəcəyini bilmir. İlanlar artıq onun boğazına dolaşmaq üzrə idi. Bu an gözlərinə işıq görünür. Anasını görür. Anası əlində Quran Ceyhuna yaxınlaşır və Quranı ona tərəf uzadaraq “ – Oğlum, qayıt!” deyir.

Tər su içində ayılır. Bundan sonra nə qədər çalışsa da, yuxuya gedə bilmir. Mətbəxə tərəf keçir, işıqların sönülü olduğunun fərqinə varır. Daimi olaraq stolun üstünda qoyulan ehtiyat şamı yandırır. Gözünü qırpmadan şama baxır. Barmağını şama yaxınlaşdırmaq istəyir. Barmağının yandığını görüb cəld fikrindən daşınır. Qəribədir insan bir şamın istisindən bu qədər ehtiyat etdiyi halda, etmiş olduğu günahların müqabilində düçar ola biləcəyi cəhənnəm odunu heç önəmsəmir. Halbuki hər zaman xatırlamalı olduğu şeylərdən biri məhz budur. Çünki o oddan belə cəld şəkildə geri çəkilmək, ocağın altını söndürmək mümkün olmayacaq.

 

Qayıdış

 

Dostlarının yuxuda yanmasını xatırlayır. Onların acınacaqlı, tük ürpədici halları canına üşütmə gətirir. Qurandan bir ayəni yadına salır: {Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od yanıb ətrafdakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər. (Bəqərə surəsi, 17)}  Anası yadına düşür.

Ceyhunun anası da yoldaşı Fatimə kimi imanlı, Allaha sevgisi bol olan əməlisaleh xanımlardan idi. Fatiməni bəyənmə səbəblərindən biri də onun məhz anasına oxşaması idi. Ceyhun uşaqlığını xatırladı. Hələ 3 yaşında olarkən anası namaz qılanda, o da sözlərini bilməsə də, rükü tutar, anası ilə birgə səcdəyə gedər və sadəcə “Allahu Əkbər” deyərdi. Bir dəfə hətta səcdə vəziyyətində yuxuya da getmişdi. Sonradan anasıyla bu hadisəni yada salıb xeyli gülərdilər. Ceyhun da artıq yetkinlik yaşına gəldikdə namaz qılmağa, oruc tutmağa başlamışdı. Lakin bir gün anasının ölümcül xəstəliyə tutulduğunu biləndə onun bütün fikirləri alt-üst olur. O, anasını dünyanın ən məsum insanı kimi ucaltmışdı gözündə. Belə bir bəndənin ağır xəstəliyə düçar olaraq, ağrılı şəkildə dünyadan getməsini heç cürə qəbul edə bilmir, üsyan edirdi. Hətta bunu anasıyla son söhbətində xəstəxanada olarkən də müzakirə etmişdi.

-  Anacan, mən gözümü açandan sən ancaq Allahın adıyla addım atmısan. Atam rəhmətə gedəndən anam da, atam da sən olmusan. Sənin haqqında heç kim güldən ağır söz deməyib, hamı sənin başına and içib. Madam ki, Allah yaxşı insanları mükafatlandırır, sən onda niyə bu vəziyyətdəsən? Niyə ağrıya layiq görüldün?

-   Belə danışma, oğlum. Günaha batırsan, bala. İstənilən övlada anası mələk kimi görünür. Ancaq mənim də müəyyən mənada yalnış addımlarım olub, əlbət. Allah istəsəydi mənim bütün müstəhəb əməllərimin mükafatını bu dünyada bəxş edərdi və mən axirət günü tamamilə xeyir əməlsiz qalardım. Mənim indi gözümdən axan hər göz yaşı, hər axşam bədənimə hakim olan qızdırma və.s mənim günahlarımı silir əziz balam. Mən əksinə çox xoşbəxtəm. Çünki ümidliyəm, Cənnətə layiq görüləcəyimə ümidliyəm, əziz oğlum. Heç vaxt bu dünyaya, dünya malına bağlanma, Ceyhun. Bura sınaq meydanıdır. Necə ki, hər bir abituriyent ali məktəbə qəbul olmaq üçün gecə-gündüzünü oxumağa sərf edir və sonda əziyyətinə uyğun mükafatlandırılır, eləcə bu dünya da Cənnətə layiq görülməkdən ötrü hazırlıq məkanıdır. Biz hər birimiz prezident təqaüdçüsü olmağa can atmalıyıq ki, heç olmazsa, təhsili ödənişsiz olan fakültəyə düşə bilək. Ancaq bu o demək deyil ki, əla qiymət ala bilməyəcəksənsə, heç oxumamalısan. Allah istənilən yaxşılığın qarşılığını on qat ödəyir. Pisliyimizin cəzasını isə sadəcə iki mislini qədər verir. O mərhəmətli və rəhimlidir. O bizim qəlbimizdə olanları bizdən yaxşı bilir. Bu yolda dayısına, puluna güvənənlər olduğu kimi, həyat imtahanında belələri şeytana uyanlardır. Ancaq istər tələbənin yalançı qiymətinin, istərsə də şeytana uyan bəndənin sonu uçurumdur, unutma bunu. Oğlum, sənə bir vəsiyyətim var, mənim gözümü açıq qoyma. Ruhumun narahatçılıq keçirməsinə imkan vermə. Mən səni düzgün tərbiyə etməyə çalışmışam. İmkan vermə şeytan zəifliyindən istifadə edib səni yoldan çıxarsın. Dediklərimə əməl etsən, əmin ol, mənim ruhum daim şad olacaq.

Anası ilə bu söhbətini, uşaqlığını tamam unutmuşdu bu illər ərzində. Dünya işlərinə, dünyadakılara başı o qədər qarışmışdı ki, ana vəsiyyəti tamamilə arxa plana çəkilmişdi. Namazını, orucunu və digər islami borclarını önəmsiz saymağa başlamışdı. Ateist dostlarının yalançı fərziyələrinə şərik olmuşdu. Möhürlənmişdi. Ancaq zamanında anasının verdiyi tərbiyə, hər namazda yoldaşı Fatimənin etdiyi dualar axır ki, nəticəsini gördü. Bu yuxu Ceyhunu ayıltdı. O təkcə 8 dəqiqəlik təbii yuxudan deyil, qəflət yuxusundan ayılmışdı.

-  Çox şükür, Allahım. Bağışla məni. Keç günahlarımdan, bir də haqq yoldan sapmağıma imkan vermə, ey Mərhəmət sahibi.

Birdən yaxınlıqdakı məsciddən azan səsi gəldi. Elə həmin andaca mətbəxin işığı yandı. Ceyhunun həyəcandan tükləri biz-biz durmuşdu. O, bunu bir işarət kimi, imana qayıdışının qəbulu kimi yozdu. Azan səsi hal-hazırda olduğu kimi bu qədər qəlbinə toxunmamış, damarlarında axan müsəlman qanını bu qədər coşdurmamışdı. Bismillah deyib, stolun üstündəki sudan bir qurtum aldı. Əlhəmdulillah deyərək, ayağa qalxdı. Dəstəmaz alıb, namaz qılmağa başladı.

-         Allahu Əkbər, Allahu Əkbər! Əşhədu Ən la İlahə İləllah!

Müəllif: Təsi Babayeva

13 may 2016
GO BACK