Qadin.NET / İblisin Zəhəri - Fərid Rüzgar (dedektiv hekayə)

İblisin Zəhəri - Fərid Rüzgar (dedektiv hekayə)

İblisin Zəhəri - Fərid Rüzgar (dedektiv hekayə)

 

(dedektiv hekayə)

Səhər tezdən səslənən telefon zəngi onun yuxusuna haram qatdı. Gözlərini açıb baxmadan, əlini arxaya uzadıb sərrastlıqla, sanki baxıb götürürmüş kimi telefonu götürdü və cavab verdi:

     - Eşidirəm.

     - Sabahınız xeyir, Oktay bəy. – telefonun o biri ucundan orta yaşlı kişi səsi eşidildi. – Sizi narahat edən, Ceyhundur.

     - Hər vaxtınız xeyir. – Oktay Qafarov narazı səslə cavab verdi. – Sizi xatırlamadım.

     - Tanış deyilik. Telefon nömrənizi Cavad müəllimdən aldım. Sabiq polis işçisi.

Bu, Oktayın qanını bir az da qaraltdı. Bu adamdan, yəni, Cavad Xəlilovdan heç xoşu gəlmirdi. Ona görə yox ki, etdiyi məsuliyyətsizliyə görə işdən qovulmuşdu. Hamı kimi o da insandır və onun da səhvi ola bilər. Sadəcə, işdən qovulduğu üçün özündən başqa hər kəsi günahlandırırdı. Nə vaxt rastlaşırdılarsa, Cavad Xəlilov hər dəfə eyni mövzunu çərənləyirdi. Yəni, işdən qovulduğu üçün iş yoldaşlarını və rəisini günahlandırırdı. Qafarovun ona bir tərəfdən acığı gəlsə də, bir tərəfdən də yazığı gəlirdi. Çünki, sabiq olduğundan bəri, Xəlilovu heç yerdə işə götürmək istəmirdilər. Ona görə də, Qafarov ona demişdi ki, iş barəsində ona kömək etmək üçün çalışacaq.

     - Hə. Tanıyıram onu – Qafarov cavab verdi. – Buyurun. Eşidirəm sizi.

     - Dünən dostum Zaur zəhərlənərək vəfat etdi. – deyə, Ceyhun danışmağa başladı. – Onların evində mən və həyat yoldaşım qonaq idik. Bizdən savayı 6 nəfər də qonaq var idi və hamısı da mənim dostum və onların həyat yoldaşıdır. Tez-tez bir-birimizin evinə toplaşaraq belə yığıncaq keçiririk. Dünən də, belə yığıncaq təşkil etmişdik. Şərab qədəhlərə süzülərək mətbəxdə qoyulmuşdu. Yeməkdən sonra, şərab içəcəkdik. Lakin, Zaur mətbəxə keçərək, hamıdan əvvəl qədəhlərdən birini içdi. Çox keçmədi ki, qəfil özünü pis hiss edərək yerə uzandı. Ağzı köpüklənməyə başladı. Təcili yardıma zəng vursaq da, onlar gələnə qədər Zaur vəfat etdi.

     - Bəs polisə xəbər etmədiniz? – Qafarov maraqla soruşdu.

     - Əlbəttə etdik. Polislər gəldilər və sadəcə şərabdan zəhərləndiyini deyib, başqa heç nə etmədən getdilər.

     - Elə isə, mənə niyə zəng vurdunuz? – Qafarov yenə sual verdi. – Polis işçiləri öz işlərini artıq görüblər.

     - Üzr istəyirəm, Oktay bəy. – Ceyhun dedi, - Mən inanmıram ki, o şərabdan zəhərlənsin. Çünki şərabı mən almışdım. Mən isə, içki mövzusunda heç vaxt yanılmıram.

     - Nə demək istəyirsiniz.

     - Demək istəyirəm ki, məncə, onu qəstdən zəhərləyib öldürüblər. – Sonra, Ceyhun xahişedici bir tərzdə dilləndi. – Qonşumuz Cavad müəllim sizi məsləhət gördü.

 

Mənə bu işdə kömək etsəniz, xəcalətdən layiqincə çıxaram və sizə minnətdar olaram.

Qafarov bir qədər düşünüb dedi:

     - Yaxşı. Günortadan sonra görüşüb ətraflı söhbət edərik.

Əlaqə kəsildi. Qafarov hiss etdi ki, artıq yuxusu qaçıb. Çarpayıdan qalxıb, adəti üzrə ilk gimnastik hərəkətlər etdikdən sonra, eyvana çıxıb siqaret yandırdı. Heç vaxt evinin içərisində siqaret çəkməzdi. Sonra, içəri girib səhər yeməyi hazırladı. Yeyib qurtardıqdan sonra bilgisayarının arxasına keçdi. Gündəlik xəbər saytlarını izlədi. Bu onun hər gün ardıcıl gördüyü iş idi.

Gün günortanı geridə qoymuşdu. Qafarov şəhər çay evlərinin birində əyləşib gözləyirdi. Çox keçmədi ki orta yaşlı, qarabuğdayı bir kişi ona yaxınlaşıb əl uzatdı. 

     - Salam, Oktay bəy.

Qafarov bu adamı səsindən tanıdı. Bu Ceyhun idi.

     - Salam, Mən olduğumu necə bildiniz? – deyə, soruşmuşdu ki, uzaqdan tanış səs eşitdi.

     - Salam, Qafarov. Necəsiz?

Qafarov bu səsin kimin olduğunu bilsə də, arxaya çevrilib onlara yaxınlaşan Cavad Xəlilovu gördü və bildi ki, Ceyhuna onu Cavad işarə edib göstərib. Xəfiyyə onun salamını da aldıqdan sonra hər ikisi stol arxasında əyləşib çay sifariş verdilər. Qafarov bir başa mövzuya keçərək Ceyhuna baxıb soruşdu:

     - Siz dediniz ki, mərhum dostunuz hamıdan əvvəl qədəhi içdi. Elədir?

     - Elədir. – Ceyhun təsdiq etdi.

     - Səhər dediklərinizdən belə nəticəyə gəldim ki, o gün mərhumun evində 10 nəfər olub.

     - Bəli. – Ceyhun yenə təsdiq etdi. - Mən, həyat yoldaşım Nərminə, dostlarım Sakit, Məhərrəm, Vasili, onların həyat yoldaşı Nigar, Zəhra, Yusenka, bir də ki, mərhum ev sahibi Zaur və onun həyat yoldaşı Zərifə.

     - Vasili ilə Yusenka yəqin ki rus cütlüklərdi. – Qafarov suallarına davam edirdi.

     - Artıq 10 ildir ki, Azərbaycanda yaşayırlar. Sakitin Moskvadakı dostu və ortağı idi. Sakitin sayəsində biz də tanıdıq. Çox mədəni insanlardı.

     - Bəs, digər dostlarınız necə insanlardı? – deyə, xəfiyyə fikrini həm söhbətinə daha da cəmlədi. - Mərhumla arasında inciklik və ya soyuq münasibətdə olanları var?

     - Əlbəttə ki, yox. – Ceyhun yenə etiraz etdi. - Lap yəqin bilirəm. Zaur çox yaxşı insan idi. Nəinki biz dostları, hətta qonşular da onun hörmətini saxlayır. Heç kimə qarşı paxıllığı və kini olmayıb. Ən çox mənimlə yaxın idi. Digər dostlarım da çox yaxşı insanlardı. Ən çətini də budur ki, onlardan əsla şübhələnə bilmirəm. Hətta, Zaura qarşı belə iş görmələrini heç gözləmirəm. Məndən olsa, dünənə qədər başlarına and da içərdim.

     - Ay qonşu, - bayaqdan susan Cavad söhbətə qarışdı. - Sən dostlarını elə tərifləyib başına and içdin ki, bu hadisə olmasaydı, mən onları mələk sayardım.

     - Siz heç narahat olmayın, Ceyhun bəy. – deyə, Qafarov Ceyhunu arxayın etdi. – İnşallah, başına and içdiyiniz mələklərin arasında gizlənən iblisi tapıb ortaya çıxaracağıq. İndi isə, mərhumun evinə baş çəkmək istəyirəm. Bəlkə, əlimizə bir-iki ipucu keçdi.

 

Ortaq razılığa gəldikdən sonra, yarım saata yaxın çaylarını içib söhbət etdilər. Daha doğrusu, söhbəti edən sabiq polis işçisi idi. Və yenə, onun sevimli mövzusu. Sonra, hesabı ödəyərək, birgə stoldan qalxıb çay evindən çıxdılar.

Yarım saat sonra, onlar artıq mərhumun yaşamış olduğu binanın yanında idilər. Birlikdə yuxarı qalxmağa başladılar. Ceyhun irəlidə gedərək onları Zaurun evinə apardı. Qapını ağ saçlı, ağ bənizli ucaboy bir qadın açdı. Qafarov bunun kim olduğunu təxmin etdi.

     - Salam Yusenka. Gəlmək olar?

Qafarov düz təxmin etmişdi. Onlar içəri girdilər. Xəfiyyə qonaq otağında danışıq səsləri eşidib otağa daxil oldu. Otaqda 4 qadın var idi. Aralarında gözləri şişmiş qadının mərhumun yoldaşı Zərifə olduğunu anladı. Başsağlığı verib, stul çəkib qadınla üzbəüz əyləşdi və bu dəfə Zərifədən hər şeyi ətraflı soruşdu. Zərifə də, Ceyhunun danışdığı kimi hər şeyi danışdı. Qafarov onu dinlədikdən sonra, mətbəxə keçdi. Şərab şüşəsi və qədəhlər hələ də mətbəx stolunun üzərində idi. Biri boş, digəriləri dolu. Dünəndən bu günə heç nə dəyişilməmişdi. Bu Oktayın ürəyincə oldu. Boş qədəhi götürüb baxdı. Əlində çevirərək diqqətlə gözdən keçirdi. Cavada tərəf uzadıb dedi:

     - Bunu saxlayın zəhmət olmasa. Özümüzlə aparacağıq. – Sonra üzünü Ceyhuna tutdu. – Sizə bu gün bir az zəhmət verəcəm. Öncə sizin, sonra digər dostlarınızın evinə baş çəkmək istəyirəm.

     - Bu nə sözdür? Zəhmət niyə olsun ki? Əlbəttə, gedərik.

Qafarov evdəkilərə bir daha başsağlığı verib xudahafisləşdi və hər üçü evdən çıxdılar. İlk olaraq Ceyhun onları öz evinə apardı. Evə girdikdə, Qafarova çay təklif etdi. Oktay isə:

     - Hələ ki, daha çay içməyə vaxt yoxdur, Ceyhun bəy. Mümkünsə vaxt itirmədən mənə öz evinizdəki içki qədəhlərini gətirin. Bildiniz yəqin hansı qədəhləri deyirəm.

Ceyhun başı ilə təsdiq edib, qab rəfindən ayrıca yığılmış 10 qədəhi götürüb xəfiyyənin qarşısına qoydu. Qafarov qədəhləri bir bir gözdən keçirdi. Lakin birini daha uzun uzadı gözdən keçirdikdən sonra, onu da Cavada uzadıb saxlamağı xahiş etdi. Sonra, Ceyhundan xahiş etdi ki, onu digər dostlarının evinə aparsın.

Artıq hava qaralmışdı. Onların hər üçü, digər evləri gəzib sonda mərhumun evinə qayıtmışdılar. Evə girmədən öncə, Qafarov içərisində bir neçə qədəh olan torbanı Cavad Xəlilovdan alıb, Cavad və Ceyhunla söhbət etməyi qərara aldı:

     - Əlimə keçən ipucular vasitəsi ilə, yavaş-yavaş hədəfə tərəf yaxınlaşıram. Siz haqlısınız. – deyə Ceyhuna işarə elədi. – Onu həqiqətən də zəhərləyib öldürüblər. Həm də, bunu sizin dostlarınızdan biri eləyib. O iblis ən yaxın tanıdığı dostunu öldürməyi qərara alıb. Amma, bir sual meydana çıxıb…

Qafarov bunu demişdiki ev qapısının digər tərəfində qadın qışqırığı eşidildi. Onlar cəld qapının zəngini basdılar. Qapı bu dəfə Yusenka yox, başqa qadın açdı. Ceyhun cəld içəri girib soruşdu:

     - Nərminə, nə olub?

 

 

 - Bilmirəm. – qadın cavab verdi. – Nigara, Sakitin nömrəsindən zəng gəldi, o da zəngi açdı və nə eşitdisə birdən qışqırıb ağlamağa başladı. Deyəsən, Sakitə nəsə olub.

Bir neçə dəqiqə sonra, hamı Sakitgilin evinin qarşısında idi. Artıq nə baş verdiyi hamıya məlum idi. Qafarov və Cavad Xəlilov işəri daxil oldular. İçəridə bir neçə polis işçisi də var idi. Sakitin cəsədi dəhlizdə, evə giriş qapının ağzında yerə uzanmışdı. Sinəsindən iki güllə yarası almışdı. Qafarov içəridə sakitin qapıqonşusunu dinləyirdi. Yaşlı qadın qorxu içində gördüklərini danışırdı:

 

 

     - Evdən çıxıb Nigarı görmək istəyirdim. Gördüm qapı azacıq aralıdı. Yenə də, hörmətsizlik olmasın deyə, qapını döyüb çağırdım. Gördüm cavab verən olmadı. Qapını aralayanda Sakit müəllimi bu halda gördüm. Nə edəcəyimi bilmədim. Polis çağırdım. Polislər gəldikdən sonra, Sakit müəllimin mobil telefonu ilə Nigara zəng vurdular. Onlara ad siyahısında mən göstərdim nömrəni.

Qafarov qadını dinlədikdən sonra, Cavadı, Ceyhunu və digər dostları çağırdı. Onlarla təklikdə söhbət etmək üçün, boş otağa keçdilər. Cavaddan qədəh torbasını alıb sözə başladı:

     - Artıq, demək olar ki, mənə hər şey məlumdur. Zaurun Qatilinin kim olduğunu bilirəm. Onu, - Nigara baxıb dedi, - sizin həyat yoldaşınız Sakit öldürüb. Amma, bir şey də var ki, əslində öldürmək istədiyi Zaur olmayıb.

     - Bəs kim olub? – deyə Ceyhun maraqla soruşdu.

     - Bax, içki içərkən yalnız bu qədəhlərdən istifadə edən adam. – deyə, əlindəki qədəh torbasını göstərdi. – Sizin aranızda yalnız bir nəfər yığıncaqda öz qədəhini özü seçir.

Hər kəs, saçı dibdən qırxılmış, ağ bığ-saqqallı cavan oğlana baxdı. Bu Vasili idi. Vasili tərs-tərs Qafarova dilləndi:

     - Siz nə demək istəyirsiniz?

     - Nə demək istədiyimi yaxşı bilirsiniz. Dünən, Zaur öldükdən sonra, onun şərab içdiyi qədəhi dərhal tanıdınız. Bu sizin qədəhiniz idi.

Vasili söz tapa bilməyib qaçmaq istədikdə, Cavad Xəlilov cəld onu yaxaladı. Qolunu arxaya cevirib, köynəyinin yaxasından yapışdı. Qafarov Vasilinin qarşısına keçib davam etdi:

     - Bəli, sizin həmişə şərab içdiyiniz qədəh idi. Çünki, hər dostunuzun evində bir qədəh seçib, altını cızaraq nişan qoymusunuz. Sakitlə Moskvadan dostsunuz. Deməli, ən yaxın onunla dostluq edirsiniz. Odur ki, Sakitə öz nişanınız haqqında demisiniz. Sadəcə, belə bir sual var. Siz iki yaxın dostun arasında nə baş verdi ki, o sizi öldürmək istədi və siz də, Sakitin sizi öldürmək istədiyini başa düşüb onu öldürdünüz? – İstehza ilə gülərək davam etdi. – Bunun mənə aidiyyatı yoxdur. Hər şeyi polisə izah edərsiniz. – Cavada baxaraq dedi. – Necə yaxalamısınız, elə də polisə təslim edin. Amma, cinayətkarı mənim ifşa etdiyimi onlara deməyin.

Sonra, Qafarov Ceyhuna üzünü tutdu:

     - Mənimlə təkliyə gələ bilərsiniz? İndi də, mənim sizdən bir xahişim olacaq. Yerinə yetirsəniz, ödəşərik.

Ceyhun ürəkdən razılaşıb xəfiyyə ilə izdihamdan uzaqlaşdı.

Səhəri gün, telefon zəngi yenə də Oktay Qafarovun yuxusuna haram qatdı. Qafarov eyni tərzdə telefonu götürüb cavab verdi:

     - Eşidirəm.

     - Qafarov, sabahınız xeyir. – Səs Cavad Xəlilova məxsus idi. – Dediklərimə inanmayacaqsınız. Az əvvəl, polis bölməsində, rəisin qəbulundaydım. Məni çağıtdırmışdı. İşə qayıtmağımı istədi. Başa düşürsünüz? Dünənki qatilin yaxalanmasına görə mənə təşəkkür etdi.

     - Doğurdan? – Qafarov gülümsüyərək dedi. – Sizə görə sevindim.

     - Bir də ki, Vasili ilə Sakitin arasındakı düşmənçilik aydın oldu. Sakit evdə olmadığı vaxt, Vasili Nigara təcavüz etməyə cəhd edibmiş. Nigar da, Sakitə deyibmiş bunu. Hər şey belə başladı. Nigar xahiş etmişdi ki, Sakit məsələni boş versin. İstəmirdi ki, öz adı pis yerlərə yozulsun. Bir də ki, Hadisə yerinə sizdən əvvəl gələn polis işçiləri, işlərinə laqeydliklə yanaşdıqları üçün işdən azad olundular.

     - Aydındır. – Qafarov qısa cavab verdi.

     - Söhbətdən qaçmayın, Qafarov. – Xəlilov şübhəli-şübhəli dilləndi. – Orada sizin kimi tanınmış xəfiyyənin haqqında yox, sırf məndən danışıldı. Gəl ki, bütün işləri siz görmüşdünüz. Siz nə etdiniz ki, qəhrəman mən oldum?

     - Elə böyük bir şey deyil. – xəfiyyə cavab verdi. – Sadəcə, qonşunuz Ceyhundan xahiş etdim ki, hər kəsə, hər işin sizin gördüyünüzü danışsın. Sizə iş sözüm vardı. Xatırladınız? Sözümü tutdum.

     - Sizə xəcalətli oldum. – Cavad sevinclə səsləndi. – Bu yaxşılığınız məni borclu saxlamaz. İnanın.

     - Heç nəyə ehtiyyac yoxdu. Çox sağ olun. Bu dəfə işinizə diqqətli yanaşın, o zaman borc ödənər.

     - Razı deyiləm, Qafarov. – Xəlilov etiraz etdi. – Gəlin, belə razılaşaq. İlk əməkhaqqımla sizi yaxşı nahara qonaq edəcəm.

     - Sizə necə xoşdursa. – Qafarov gülümsündü. – Elə isə, ayın sonunda görüşərik.

Xudahafisləşib əlaqəni kəsdi. Düşündü ki, ən azından bu görüşdə başqa mövzular olacaq. 

S O N

3 aprel 2016
GO BACK