Həzrəti Musa bir gün tək başına dağları gəzərkən, uzaqda yoxsul və tənha bir çobanı görür. Çoban dizi üstə çökmüş, əllərini səmaya açıb dua edirmiş. Bu hal həzrəti Musanın çox xoşuna gəlmiş, amma yaxınlaşıb çobanın duasını eşidincə çox təəccüblənmiş. “Qurban olduğum Allahım. Bir bilsən, Səni nə qədər istəyirəm. Təki sən istə, nə istəsən edərəm. Sürüdəki ən yağlı qoyunu kəs desən, Sənə görə gözümü qırpmadan kəsərəm. Qoyun qovurması gözəldir Allahım, quyruq yağını da plova qatarsan dadından yeyilməz olar.” Hz.Musa duaya qulaq asa-asa çobana yaxınlaşmış. “Yetər ki, Sən istə, ayaqlarını yuyaram. Qulaqlarını təmizləyər, bitlərini öldürərəm. Mən Səni nə qədər çox istəyirəm, Sənə vurğunam!”. Eşitdikləri qarşısında Hz. Musa çox əsəbləşmiş, bağıraraq çobanın duasını kəsmiş: “Sus, cahil adam! Nə etdiyini düşünürsən, Allah heç plov yeyirmi? Allahın ayaqlarımı var yuyasan? Belə duamı olur! Bütünlüklə günaha girirsən. Dərhal tövbə et!”. Çoban, hz.Musadan töhməti eşidincə qulaqlarına qədər qızarır, utandığından yerin dibinə girir. Üzr üstünə üzr istəyir, bir daha belə dua etməyəcəyinə and içir. O gün axşama qədər, hz.Musa çobanın yanında qalıb ona dualar öyrədir. Sonra “Allah məndən razı olar, yaxşı bir iş gördüm” deyə düşünüb, yoluna davam edir. Amma o gecə bir səs eşitmiş. Səslənən Allah (c.c) “ Ey Musa, sən bu gün nə etdin? Sən ayırmağamı gəldin, birləşdirməyəmi? O, qərib çobanı tənqid etdin. Ağzından çıxan sözü bilməsə də, o çoban inancında səmimi idi. Qəlbi təmiz, niyyəti xalisdi. Biz kəlmələrə baxmırıq, kəlmələrə baxsaq yer üzündə insan qalmaz! Biz çobandan razıydıq. Başqasına mədh olan söz, sənə pisdir. Ona bal olan sənə zəhərdir. Sən eşitdiklərini inkar və küfr saydın, amma bilsən, bir qəbahəti varsa belə, onunki nə xoş qəbahətdir.” Hz. Musa xətasını anlayır. Həmin günün sabahı günəş doğar-doğmaz, çobanı görmək üçün təkrar dağa çıxır. Çoban yenə dua edirmiş, amma dünənki həyacanından, səmimiyyətindən əsər qalmamışdır. Öyrədildiyi kimi dua etməyə çalışdığından, aman bir xətalı söz deməyim deyə çapalayır, kəkələyir, tərləyirdi. Hz. Musa, çobana etdiyindən peşman olub kürəyinə əlini çəkib və deyir: “ Ey dost, mən xətalıyam, nə olar əfv et. Bildiyin kimi dua et. Allahın nəzərində beləsi daha qiymətlidir. Çoban, Musadan bunları eşidincə təəccüblənir, amma bir o qədər də, rahatlayır. Fəqət o, artıq bir üst mərhələyə vasil olduğundan, məsum inkarına, dadlı günahında dönməyib, Musanın öyrətdiyi əzbərçilikdə də qalmayıb, bütün bunların kənarına çıxmış, Rəbbinə yaxın xoşbəxt, məsud, mübarək bir həyat sürmüşdür. Qissədən hissə: Səni Rəbbinə yaxınlaşdırmaq üçün başqalarına deyil, ürəyinə ehtiyacın var. Bütpərəstlik, İslam işığının endirilməsi ilə aradan getdi. Dinimizin ən böyük gücü, səni Yaradan (Allah cc) ilə qul arasında bütün vasitəçilərin, ara pillələrin, qaldırılmış olmasıdır. Mənim şəxsi fikrim, insanın öz başına, gecələr öz içinə çəkilib ibadət etməsi, oxuması, düşünməsi; insanı daha rahat işığa qovuşdurur. Sən namazını nizamlı olaraq qılırmısan, Quran-i Kərimi haqqıyla oxuyursanmı, Peyğəmbərimizin (s.əs) hədislərini haqqıyla oxuyub anlaya bilirsənmi?; bunları gerçəkləşdirirsənsə, deməli işiğa çatmısan; başqa bir şeyə ehtiyacın yoxdur. Kimlərin Allah (cc) yaxın qullar olduğu, Quran-i Kərimdə çox açıq qeyd edilmişdir. Bu şərtləri yerinə yetirsən, doğru yolu tapmış olarsan.