Küləyə qarışmışdı balaca Yasəmən və Aynurların böyük xəyalları...
Bağışla, əsirdi, Bakı...
31 Dekabr, saat 22:00-da evdən çıxmağa hazırlaşarkən , oxucularımdan biri olan Sevda Muradovadan ismarıc gəldi...
Yeni ilə keçmədən, ~ Sevgi nədir ? ~ sualına sizdən bir cavab gözləyirəm ~
Düzü, təəccübləndim və gülümsətdi bu ismarıc. Heç nə yazmadım.
Güzgüdə özümdən - Necəsən ? soruşdum. - Pis, cavabı aldım. - Əla, dedim...
Evdən çıxdım və Bakıya qarışdım...
Söz vermişdim. Zəng edib təbrik etməyəcəkdim heç kəsi və heç kəsin də təbrik etməsini istəmirdim deyə telefonu söndürdüm. Yolüstü ancaq pivə içirdim. Boşalan hər şüşədə, özümə ~ Unutma. Heç kəsdən fərqli deyilsən ~ dedim. Bilirsiniz. Hər insan içdən içə özünün başqalarından fərqli olduğunu sanır. Yaxşıdan Pisə qədər. Ki, ~ Yaxşı insan ~ qaldığına dair son ümidimi , Suriyalıların 40-ı çıxmamış ölən və ölümlərindən heç 40 gün keçməyən uşaqlardan sonra, Türkiyənin taksim meydanında göstərdikləri şou qətlə yetirmişdi...
Küçədən Prado markalı maşınla keçən 3 həmyaşıdım, nəvəsi ilə evə çatmaqda olan çəlikli bir ağsaqqalın ayağının altına zırpaket atıb qəhqəhə çəkərək sürüb getdilər. Kişinin ürəyi dayanmışdı az qala. Nəvəsi ağlayırdı. Birtəhər ayağa qaldırdım.
Bu əclaflar belə etsin deyə biz o vaxt vuruşmuşduq ? ~ dedi, Ağsaqqal.
Bəli.. Həqiqətən bunlar baş versin deyə şəhidlər vermişdik və Dayım da o şəhidlər siyahısındaydı. Bu haqda çox düşünmüş və çox dilə gətirmişdim. Lakin, hər dəfə eyni mənanı verən, fərqli qurulmuş cümlələrlə qarşılaşmışdım.
Yasımız qəlbimizdədir. Çox biruzə verib düşmənləri sevindirmək lazım deyil
Xalqımız unutmayıb. Unutmayacaq. Səbrli və dözümlü olmalıyıq
Azərbaycan günü gündən güclənir və vaxtı çatanda qisasını alacaq
Bəlkə də adını çəksəm inanmayacağınız , amma xalqın tanıdığı insanlardan gələn cavablar idi bunlar. Məni heç vaxt başa düşməyəcəklərini dərk etdiyim bu insanlara sonsuza dək susmazdan əvvəl, gülərək ~ Yeyin. İçin. Kef edin ~ demişdim.
Bir iki şeir yazıbsan deyə özünü çox yuxarıdan aparma
Fahişələrdən yazmağa davam eləsən yaxşıdı
Səni adam yerinə qoymaq mənim səhvimdi
Son sözümdən sonra aldığım reaksiyalar...
Ən azından, yeni ilə keçməzdən əvvəl dövlətin təyin etdiyi bir şəxs, lazımı şəraiti yaradıb əlinə mikrofon alaraq heç olmasa, Şəhidlərimiz, Dövlət Neft Akademiyasında qətlə yetirilən gənclərimiz, Günəşli hadisəsində həyatını itirən işcilərimiz üçün xalqı bir dəqiqəlik sükuta dəvət edə bilərdi...
Bu sözlərim sizdə mənə qarşı Vətənpərvər və Tarixi çox yaxşı bilən bir gənc fikri yaratmasın. Bu sözlərim sadəcə, əzabını duyacaq qədər hissetdiyim vicdanımın sızıltılarıdır...
Böhrana uğrayan həyatlar Arxa Küçələrdə davam edirdi hələ də...
Bakı, səssiz və gizli gəlişimi, Mən, heç kəsin harada olduğumu bilməyişini, Həyat, mənim sürprizlərimi çox sevirdi...
İçimizdə ən dərinə endiyimiz zaman özümüzü tapdığımız səssizlikdəki kimi, arxa küçələrin də dərinliklərinə endikcə səssizlik öz hökmünü bəlli edirdi. Zırpaket və fişəng atılmırdı bu dərinlikdə. Sırf, uşağların könlü açılsın deyə şam ağacı ilə süfrəni bəzəmişdi valideynlər...
Əvvəl 5 pivə heç nə idi. İndi 5 pivə və 10-a yaxın sigaretdən sonra bir az başım fırlanmışdı. Cismən zəiflədiyimin fərqindəydim. Sonuncu əməliyyatdan sonra Novruz həkim içki və sigaret qadağası qoymuşdu. Vecimə deyildi...
Bu dərinlikdə 2 ildir dəyişdiyini görmədiyim bir teatr var və hər səfərində eyni oyun səhnələnir. Birinin sonu, digərinin başlanğıcı olan bu iki küçənin sakinlərinə Emin adlı kiçik bir market xidmət edir. Marketdən 2 qapı solda, həmişə qapının ağzında içdiyini gördüyüm Yusif kişi, ondan 1 qapı aralıda köhnə, istifadə edilməyən, qapının ağzında yatan gaz31. Küçənin sonunda isə, gecələr işə çıxan həyat qadınları dayanırdı. Bu həyat qadınları tez tez dəyişir. Sadəcə birindən başqa. Yasəmən ...
Yəqin ki siz Yasəmən ilə mənim misralarımdan tanışsınız...
Günlükdən Sətirlər - 522-ci səhifə
Bir dəfə 1 Həyat Qadını belə demişdi...
Yuxularımda balaca bir qız görürəm...
Yağışın altında çətirsiz, islanır...
Hara qaçsın ?
Bilmir...
Kimə getsin ?
Ağlayır...
Oyanıram...
Bir darıxma gəlir...
Ən çox da Atam üçün...
Atam üçün darıxıram...
Günlükdən Sətirlər - 681-ci səhifə
Dincəlməliyəm dedi...
Ağzından saqqızı, üzündən gülüşü əksik olmayan...
Uzağdan yerişi...
Dincəlməliyəm...
Sabah, neçə əclafa daha özünü kişi hissetdirməliyəm...
Sonra, üzünü döndü...
Özünə döndü...
Uşaq kimi ağladı...
Ağladı...
Ağladı...
Ağladı...
Ağladı...
Ağladı...
Yuxuya gedənə dək...
Atasını 8, Anasını 17 yaşında itirmişdi. Son zəngi çalınmamışdı heç. Qardaşı doğuşdan qüsurlu idi. Dediyinə görə, bakirəliyini öz doğma əmisioğlu pozmuşdu. Gedə biləcəyi qapılar üzünə bağlanmış, kömək əli uzadanlar, qarşılığında ondan istifadə etmək istəmişdi...
Sonunda , Qardaşı üçün özünü insanlara təslim edib, həyatın qadınlarından biri olmuşdu...
Bir dəfə Son ümidin ? sualıma Qardaşımın yeriməsi cavabını vermişdi...
Özüm üçün ~ Unutma. Heç kəsdən fərqli deyilsən cümləsini işlətsəm də, ona baxdığım zaman başqalarından fərqli olduğu fikrinə qapılırdım. Fərqli deyildi. Amma fərqli olduğunu hissedirdim...
Ümumiyətlə, bir insanın başqa bir insana fərqli, əlçatmaz və ya başqa planetdən gəlibmiş kimi baxması, mənə həmişə axmaqca gəlib. Çünki, sən də onun kimi ola bilərsən. Sadəcə özünü dərk və özünü kəşf etməlisən...
O fərqli deyildi, çünki, dünyada onunla eyni talehi bölüşən saysız qadınlar var idi...
Heç kəsin onlara edəcək Duası və Ümidi qalmayan Qadınlar, Həyat Qadınlarıdır...
Bir neçə dəfə onunla bərabər olmuşduq. Müştərisi kimi deyil. Öz istəyilə...
Sevişərkən 24 yaşlı qadın, söhbət edərkən 8 yaşında balaca qız olurdu gözlərimdə...
Bəlkə də, atasını 8 yaşında itirmişdi deyə...
Bəlkə də qızlar, ataları ilə bir yerdə ölürdülər...
Acınacaqlı bir hekayəsi var idi gözlərinin. Bir baxışlıq yaşamışdı sanki...
Onun müştərilərindən tək fərqim , vicdanlı bir əclaf olmağım idi yəqin...
Onun tək fərqi, mənim kimi axmağın yazılarını oxuması idi...
Marketə sigaret və pivə almağa girdim. Çıxıb, Yasəmən və tanımadığım yeni həyat yoldaşına doğru addımladım. Aramızda 3 metr mesafe qalmış, oturub divara söykənərək sigaret yandırdım. Əvvəlcə pivəni , sonra da Telefonu açdım. Devendra Banhart -İnaniel mahnısını qoşdum. Dünyanın yeni ilə keçməsinə 10 dəqiqə qalmışdı.
- Royal Qabarov, dedi.
- Yorğundu, dedim...
Yeni həyat yoldaşının adı Aynur imiş. Özü ilə olmağa dəvət etdi məni. Yasəmən bir şeylər pıçıldadı. Səsini kəsdi...
Yaxınlaşdı...
- Oturma, dedim, yanımda...
- Tək qalmaq istəyirsən, dedi. Amma tək qala bilmirsən. Payızı sevirsənsə, yarpağlardan imtina etməlisən.
- Nədi ? yoxsa sən də şair olmusan ? dedim, gülərək.
Mahnı qurtarana dək sakitcə dinlədik...
Mahnını gənc yazıçı dostlarımdan Ülvi Həsənli hədiyə etmişdi mənə.
Sasha Lazard - Angeli mahnısından sonra ən sevdiyim 2-ci mahnıya çevrilmişdi. Pivədən içib, sigaretdən nəfəslər alıb mahnıya qulaq asırdıq.
Mahnı qurtardı və yenidən başladı.
Güldü Yasəmən.
- Hələ vaxta var dedim. 1 saniyə qalmış gül ki, yeni il boyu güləsən.
- Yox, dedi. Ona gülmürəm.
- Nə ? ...
- Sən də bu mahnı kimisən. Replayda. Telefonun sönməsini gözləyirsən. Bezmisən.
Bir hekayə gəzindi ağlımın otaqlarında.
Balaca ölü qızın , balaca ölü oğlana danışdığı hekayə...
Hamının yaxşılığını istəyən bir uşaq var idi.
Hamı birləşib öldürmüşdü onu.
Yolçuları var idi, qatar qatar...
Xəstələri var idi, həkim həkim...
Gizlənmişdi, şəhər şəhər...
Bİr budağucu döymüşdü pəncərəni gecə yarsı...
Soruşdum - Sevgi nədir ?
- Böyük bir 0 dedi.
Əlimdən tutdu. Ayağa qalxdım. Pivəni başıma çəkdim. Sigaret yandırdım. Son saniyələr idi. İkimizdə 10-dan geriyə saymağa başladıq içimizdə. Və hər saniyədə bir hekayə sonlanırdı...
10. İsa Məsih, yenidən carmığa çəkildi Rafaelin kürəyində...
9. Aynalarda yumruq izləri qaldı özünü bağışlamayanların...
8. Yetimliyini yeni dərk edən uşaqlar susdu çarəsizcə...
7. Xəyalları küləyə qarışdı balaca qızların...
6. Ədaləti daşıdığı günlüyü yandırdıldı məhbusun...
5. Qırmızı lentlə boğaraq şəhid etdi bir əsgəri qız...
4. Ayağa qalxa bilmədi əlil arabasındakı adam...
3. Son ümidi öldü Yasəmənin...
2. Bir budağucu döydü pəncərəni...
1. Yumduq gözlərimizi...
0. Hekayə bitdi...
Normalda insanlar 10-dan 1-ə qədər sayar və qışqırıb sevinərlər yeni ilə keçərkən.
Arxa küçələrdə 0-a qədər sayılırdı...
Məhv olmuş həyatlar 0-a qədər sayırdı...
Bir maşın dayandı. Aynur Yasəməni çağrdı.
Yasəmən gözlərimə baxdı...
Gülümsədim...
Pivə şüşəsini atıb, bir sigaret daha yandırdım...
Arxamı dönüb yeriməyə başladım...
Maşın düz yanımdan keçdi...
Mahnı başa qayıtdı...
Bağışla, əsirdi Bakı...
Arxa küçələrdə 0...
Royal Qabarov