Qadin.NET / Labirint (4)

Labirint (4)

Labirint (4)

Bu gun yenə günlərdən o gün. Eynilə uşaqlığımda olduğu kimi hisslərimi gizlətməyə çalışıram. Üzgünlüyümü, küskünlüyümü kiminsə görməyini istəmirəm. O vaxtdan illər keçsə də , mən heç dəyişməmişəm. 
Nə qəribədir... hələ də başıma bir iş gəldiyində, dara düşəndə səni günahlandırıram. Beynimdə eyni düşüncə “Sən olsan belə olmazdı”. Amma  heç vaxt küsmədim səndən. Bilirəm, sən də istəməzdin.
Yazmağa çətinlik cəkirəm, göz yaşlarım fikrimi ifadə etməyə imkan vermir. Halbuki başlamazdan əvvəl səninlə söhbətləşməyə qəti qərarlıydım. Dediyim kimi heç dəyişməmişəm. Sən gedəli beləyəm...
O vaxt 6 yaşım vardı. Hələ hərfləri tam bilmirdim. Amma adını yazmaği öyrənmişdim. Harda bir təbaşir, kömür parçası görsəm, onu alıb, yarımçıq tikilmiş evimizin divarlarına dilimlə sənə deyə bilmədiyim, çağıra bilmədiyim o kəliməni dəfələrlə yazırdım. Ağlamaq istəyəndə heç kim gorməsin deyə həyətin ən görünməz yerində sakitcə ağlayardım. Sonra da heç bir şey olmamış kimi evə gəlib başımı qarışdırarardım. Bunu neçə dəfə belə etmişəm, sayını xatırlamıram... Deyəsən indi də elə edirəm axı. Evdə heç kimin olmamasından istifadə edib, kədərimi dilsiz , ruhsuz bir klaviaturaya düzürəm. Evliyəm, məni başa düşən bir ailəm var, amma mən hələ də göz yaşımı gizlədirəm. Bu dəfə isə sirdaşım hörülmüş ev, her hansı bir səssiz həyət guşəsi deyil, monitordur...
Bunları yazmaq çox çətindi mənə. Bəzi insanlar öz hisslərini danışaraq yox, yazmaqla daha gözəl ifadə edirlər. Mən də belələrindənəm. Bəlkə də bu həvəskar yazarlığa, adını divarlara yazaraq başlamışam, heç fərqində də deyiləm...
1988-ci il... o il məktəbə gedəcəkdim. Evin 4-cü uşağı olmağıma baxmayaraq çox həyəcanlıydı. Məktəbə dair hər şey almışdı mənə. O ilə qədər xoşbəxt, diqqət  yetirilən uşaq olduğumu əminliklə deyə bilərəm.

Labirint (4)

Sentyabrın 1-i gəlib çatmaq bilmirdi ki, bilmirdi. Nəyisə bu qədər sevinclə gözlədiyimi xatırlamıram. Sevincli gözləyişlərimin sonunun , hər dəfəsində həyatın acı sürprizilə bitməsini artıq o ildən bəri müşahidə etməkdəyəm. “Həyatdan xoş bir şey gözləmə. Qramla verdiyini,  kiloqramla geri istəyən dünyadır”. Budur həyatdan aldığım dərs...

 

İyun ayinin 3-dən 4-nə keçən gecə evimizdə dəhşətli nalələrin səsinə oyandım... Başa düşmədim bir şey, amma o gözəl insanın üzünü niyə örtdüklərini dəqiqələr, saatlar kecdikcə anlamağa başladım. Anladıqca da ürəyimdəki simlər bir-bir qırılırdı sanki. Yaxinlaşıb o örtüyü qaldırmaqa cürətim də catmadı. Cox illər o fiikir mənə əziyyət verdi. ”Bəlkə mən cağırsam, oyanardı”...
Bir neçə gün ağlamadım, yəni gözümdən yaş axmadı desəm, daha doğru olar. Daxilimdə bir ömrə bəs edən matəmin addım səsləri eşidilirdi...
O il məktəbə getmək istəmədim. Niyəsini o vaxt anlamırdım. Öz özümü anlamadiğim  kövrəkliyimə görə qınayırdım. Hər kəsin mənə xoş davranmağı, anlamadığım hisslər yaradırdı. Anlamadığım nə çox şey varmış...

Bir yandan da, dabanımdakı yaranın tənzif dəyişdirmə vaxtı gəlib çatmışdı. O ağrıdıqca, mən ağlayırdım. Doğrusu yaram çox ağrımırdı, sadəcə mən ağlamağa bəhanə axtarırdım. Ağrı azaldıqca, mən daha çox ağlayırdım. Sağalmağını istəmirdim . O tənzif orda ömrüm boyu qalsın istəyirdim. Ondan qalan ən son toxunuş, ən son nəfəs idi mənimçün...

Kübra İ-va

4 yanvar 2016
GO BACK