Qadin.NET / Dildar (hekayə)

Dildar (hekayə)

 

Dildar (hekayə)

 

Səni tanımaq suya möhtac səhra yolçusunu andırır; yanğılı cismin sevdası, qum dənəciklərinin sayı qədər sonsuz ümid, sərin ovuntu kimi. Sözlərindəki saflıq məlhəm kimi ürəyimi yumşaldır, həyatın səfasını dadmağı öyrədir və yaşamaq canıma əvvəlki qədər sıxıntı vermir.

Bu bizim hekayətimizdir. Qırılmaz dostluqla bağlanmiş ikiliyin, mənim və sevimli ruhumun.

Sevmək mənliyin arınması, sonsuz səadət hər kəsin diləyi ikən mümkünlüyünə  gündən- günə daha az inanmırıqmı? Nədir təbiətin insanlığa ən böyük nemətindən zövq almaqda bizə mane olan?  Xoşbəxtliyin anlardan ibarət olduğunu qəbul etmək, sevgidən umulan mənfəəti, mehriban ailə tablosunun görünməyən tərəflərini təcrübə etmək, yaxud uğurun zirvəsinə bayraq sancmağın onsuz da bir işə yaramayacağını dərk etmək bir insanı özündən, yaşamdan küsdürməyə yetərli deyilmi? Bəs əsl xoşbəxtliyin var olduğuna ümid verən və hətta bunu yaşadan dostdan kim imtina edər? Mən etmədim.

Hekayəmə "sabahın xəfif mehi", "quşların şən civiltisi" kimi cümlələrlə başlamağı çox istərdim, lakin  fışdırıq çalan küləyin zil səsi hələ də qulaqlarımda çınlayır. Otaq bumbuz olmuşdu. Axşamdan qalma dağınıqlığı güclə aralanmış göz qapaqlarımın arasından görə bilirdim. "Lənətə gəlsin bu soyuq! Görən hansı ağılla pəncərəni açıq qoymuşam?!" kimi ifadələri mızıldanaraq yerimdə qımıldanmışdım ki, qulağımın dibindəki xışıltı yuxulu beynimi canlandırdı. Qırış- qırış olmuş kağız parçasını açdığımda bütün bədənim ürpərdi, fikrim çaşdı. Həyəcanlandığımı da boynuma almalıyam, çünki bu mənim üçün tək yaşadığım evimdə adi hal deyildi. Yazdığımı xatırlamadığım, amma mənim xəttimlə yazılmış məktub idi bu. Barmaqlarımın arasında müəmma tutmuşkən, məktubun haradan gəldiyi ilə bağlı ikibaşlı fikirlər beynimdən süzülürdü: "pəncərədən düşmüş ola bilər/ amma mənim xəttimdir", "mən yazmış ola bilərəm/ niyə özümə məktub yazım ki". Bu günə qədər aldığım iyirmi dörd məktundan ilkincisini əlimdə tutmuşam və bunu hər kəslə paylaşmaq istəyim sonsuzdur.

 

Əzizim Aleyna,

bütün sabahların ayrı sehri, ayrı şövqü varkən hər günə əksini düşünərək başladığın üçün məyus oluram. Məktubumun səni təşvişə düşürəcəyini çox yaxşı biləcək qədər tanıyıram səni. Qıyıq gözlərində donmuş təkəbbürü də, qorxudan çırpınan ürəyini də gördüm. Zərifliyini, sevgini insanlığa qarşı hördüyün divarla qorusan belə daxilindəki təlaş gəmirici kimi ən gözəl hisslərinin sonuna çıxır! Bizi yerdən alıb yelə sovuran qanadlı xəyalları xatırlayırsanmı? Ah, necə də xoşbəxt idik! Zamanla qarşına məni hiss edə biləcəyin insanlar çıxdı, gördüyüm hər ümid işığını amansızca söndürsən də bir gün "ruhumun aynası" kəlməsini işlədəcəyin günü inamla gözlədim, amma olmadı! Özünü "hisslərinə tabe olma, Aleyna!" deyə hər gecə tənbeh edərdin.Ümidin, inamın göz yaşına qarışıb səni tərk etdiyi həmin gecələrdə yanında idim. Gördüyün hər gözəllikdə, iylədiyin hər çiçəkdə içinə doldum zamanla, olduğun hər yerdə səninləydim, Aleyna! Mən tanrının cismindəki nəfəsiyəm, O"nun ayrılıq əmrinə qədər səninlə olacağam!...

 

Dildar (hekayə)

 

Həmin səhər güzgüyə həmişəkindən daha diqqətlə baxdığımda simam gözlənilməz zərbə kimi içimi sarsıtdı. Solğunlaşmış dəri rəngi, asıq üz cizgiləri, bomboş baxışlar və kölgələnən göz çuxurları ilə sanki qarşımda özgə adam dayanmışdı. Haçan bu qədər dəyişmişdim? Gözlərimdəki nifrət kimə qarşı idi, qaşlarımın arasındakı çuxurlar nə idi belə? "Haradayam, hara gedirəm, burada nə işim var?" kimi suallar beyinimi yeyirdi. Gözlərimin içinə, ən dərinliklərə baxdıqca anlayırdım aynadakı insan olmadığımı! O düşmənə, məni gündən günə məhvə sürükləyən şöhrət düşkününə  bağırdım, səsim yetdikcə, gücüm çatdıqca, hirsim keçincəyədək bağırdım. Həyatın sırıdığı bütün zəhəri atdım içimdən...

Klinikaların dərman iyi bürümüş boğucu havasını heç vaxt sevməmişəm, amma orada idim. Aynanı yumruqla döyəcləməkdən sağ əlimdə əziklər və bir neçə kəsiklə çatdırılmışdım...

İki həftə sonra daha bir müəmmalı məktub masamın üzərində idi...

 

Sevgili Aleyna,

mənəvi kirdən arınmağın sevindiricidir.Ürəyinə batan tikanlar azalsa da səngimədiyini bilirəm. İndi mənə bir yaxşılıq et, kağız- qələm götür və qara tüstü kimi bürüyüb səni boğan hər peşmanlığı, təəssüfləndiyin hər səhvi sırayla yaz, düzəldə bilib bilməyəcəklərini ayır...

İkinci məktubdan sonra bir ay zaman zərfində yenisini almadım. İlk vaxtlarda ciddi yanaşmamaqla yanaşı müxtəlif bəhanələr tapsam da özümü səhvlərimi yazarkən tapdım. Bir səhifə, iki, üç, dörd yazdıqca yazır, daha sonra qruplara ayırmağa vaxt ayırırdım. Hər şey hazır  dediyim  gecənin səhəri üzümdə təbəssümlə masaya doğru atıldım. Yenə əzik üzük, amma sevimli məktubum orada idi...

 

SevgiliAleyna,

Bəzi insanların bəxş edilmiş ən gözəl duyğulara yiyələnə bilmədikləri doğrudur. Sən buna etibarsız, səadqətsiz, rəhmsiz deyə müxtəlif adlar qoyarsan. Çevəndəki hər kəsdə bu -sız, siz'lərdən mütləq vardır. Onlar bu şəkildə tərbiyə olundular, əzizim. Öyrəndikləri ilk oyunda udmağın vacib, udmaq üçün yıxmağın şərt, yıxılanı əzməyin zövq olduğunu öyrəndilər. Bu qaydaları xatırlayırsanmı?Heç unudulmayanlar  da xatırlanarmı?! 

Egonu doyuracaqsa, sevginin, mərhəmətin acizlərə xas duyğu oldugunu düşün. Bunun üçün Yaradanın sevgisinin parçaları olduğumuzu, cismimizə ruhundan üfürdüyünü unutmalısan.  Bizim hər birimiz dünyanın sevgi üzərində qurulan enerji  zəncirinin parçası olduğumuzu yaddan çıxarmalı, səhraya düşən günəş kimi tənha olmağı qəbul etməlisən... Hər şey o qədər də qəliz deyil, Aleyna. Qəlbini aç, gülümsə və düyaya sevgini payla...

 

Bir yandan həyatıma rəng qatan bu sevimli oyunun davam etməyini istəyərkən, digər yandan dəli kimi sirri faş etmək keçirdi ürəyimdən. Bu insanla üzbəüz oturub danışmalı, məktubundakı fikirləri haqqında nə düşündüyümü deməli idim. Mənim sevgidən yoxsul olmadığımı, əzməkdən zövq almadığımı lazım gələrsə dəfələrlə izah etməyə hazır idim. Həyat adlandırdığımız oyunun qaydalarının bu cür olduğunu, əslində çox saf düşündüyünü, bəlkə də dünyadan xəbəri olmadığı ilə məzəmmət etməkdən xoşhal olacaqdım. İyirmi yeddi yaşda iri holdingin baş meneceri olmağın nə qədər zəhmətli olduğunu, bu yolda məcbur olduqlarımı əslində heç istəmədiyimi izah etmək, sosial mövqeyin, maddi gücün faydalarını sadalamaq istəyirdim. Dişimlə, dırnağımla qazandığım uğurları dünyəvi sevgiyə, mənasız hisslərə qurban etməyəcəyimi bilməli idi! Səhvlərimi yazdığım siyahını cırdım və bu lənətə gəlmiş səhvlərə görə özümü bağışladığımı elan etdim.

 

Növbəti həftə Liliyadan Bakıya qonaq gələcəyi ilə bağlı gələn ismarıcda onu qarşılamağımı istəyirdi. Cümlələrində xahişdən daha çox boynuma borc olduğunu eyham vururdu. Evdə çox nadir hallarda yemək yediyimə görə buz dolabım bom- boş idi, ancaq mən nəsə almaq üçün zəhmət çəkmədim. Onu qonaq edəcək restoranları çox yaxşı bilirdim. Hansılarında ki, menyu həm onun vərdiş etdiyi Avropa yeməkləri, həm Azərbaycan təamları ilə boldur.

Onu hava limanında qarşıladığımda axşam saat səkkiz idi. Balaca bacımı bağrıma basıb onun üçün nə qədər darıxdığımı demək istəsəm də xəfif, soyuq qucaqlaşma ilə kifayətləndik. Məndən fərqli olaraq o Almaniyada təhsil almağı seçdi və öz seçimində yanılmadığını hər dəfə bizə sübut edir. Keçən illər ərzində nə qədər yadlaşmışdıq ki, söhbət etməyə mövzu belə tapmırdıq. Məni görməyə gəldiyi üçün təşəkkür etməyə ağzımı açmışdım ki, yeni sevgilisinin onu Şahdağa xizək sürməyə dəvət etdiyini dedi. İsveçrədə daha maraqlı olmazdımı deyə soruşdum, yaxşı ilə pisi məndən daha yaxşı seçə bildiyini üzümə vurmağı yadırğamadı.

 

O gecə hərəmiz bir küncə çəkilib yatdıq. Doğrusu mən belə düşündüm. Səhər alışmadığım səs- küylə oyandım. Qonaq otağıma keçdiyimdə evimdə bir neçə tibb işçisi yığılmış nəyi isə müzakirə etdiklərini düşündüm və düşüncəmdə haqsız deyildim. Liliya ilə baxışlarımız toqquşduğunda onun ağlamaqdan qızarmış gözlərindəki nifrət məni ürkütdü. Boyanmış sarı qaşlarını çatıb düşmən gözüylə mənə baxırdı. Bütün iradəmi toplayıb burada nə baş verir deyə yüksək səslə soruşdum. Bacım ortalıqdaki telefonu qaparaq əlimə basdı ki,"Al bax! Sənin zır dəli olduğunu demişdim!".

Görüntüdə gözlərimi tavana dikmiş halda masa arxasında oturub nəsə yazırdım. Liliya fikrimi cəmləməyə imkan vermədən " Ayda ildə bir dəfə evinə qonaq gəldim, onda da gecəmi zəhərlədin! Məni nə qədər qorxutduğunu dərk edirsənmi? Ürəyim çıxacaqdı! Müqəvva kimi ortalıqda gəzib, səslər çıxardıb sonra da gözlərini başdanxarab kimi yuxarı dikib nəsə yazmağına nə deməli? Yaxşı ki, kameraya çəkmək ağlıma gəldi. Valideynlərimizə zəng vurmuşam. Axşamüstü çatacaqlar. Elə günü bu gün səni dəlixanaya..."

 

Eşidə bilmədim. Bayılmışdım. Atam sözünü demiş, hər kəsdən məni rahat buraxmağını tələb etmişdi. Hazırda isə sevimli evimdə masa arxasında əyləşib gələcəyimə dair planlarımı yazdıqdan sonra başıma gələn bu qəribə hadisəni yazdım. Axırıncı dəfəki məktub əlimə keçmədi, amma o məktub sonuncu deyildi.

Ruhumu tanımaq səhra yolçusunun su sevdasını andırır: yanğılı cismin sevdası, qum dənəciklərinin sayı qədər sonsuz ümid, sərin ovuntu kimi.  Daha öncə dünyada heç nə məni bu qədər xoşbəxt etməmiş, bu qədər sevgi dolu qılmamışdı. Onunla özümü, həyatı sevməyi öyrəndim və o,Tanrının mənə verdiyi ən qiymətli əmanətidir.

Pitimat Qazaxova

12 noyabr 2015
GO BACK