Bu gün evə gələrkən, bir yas çadırına rast gəldik. Dostlarımla bir az ölüm haqqında danışdıq. Mən yarı zarafat, yarı ciddi dedim ki; indi bu adam vəfat edib, burada ağlaşırlar onu itirdikləri üçün, amma o biri tərəfdə bunun əksidir. Bilirlər ki, yeni biri gələcək, onlarla daim orada yaşayacaq, onlar da toy–büsat qurublar, bunu gözləyirlər. Mənim bu sözüm dostlarımın yol boyu gülməsinə səbəb oldu. Mən belə bir söz eşitməmişdim ilk dəfə olaraq elə özüm işlətdim.
Amma bu dediyimə özüm də inandım. Yol boyu bunun xəyalını qurdum, mən gedərkən məni kimlər qarşılayacaq? Heç üzünü görmədiyim babam? Nədənsə tək onun qarşılamasını istədim. Çünki hər dəfə anam ondan danışanda özümü 4-5 yaşlı uşaq olaraq dizləri üstə oturan xəyal edərdim, simasını heç vaxt görməzdim. Xəyallarımda bir babamın yanında uşaq olardım ona görə məni qarşılamağa təkcə onun gəlməsini xəyal etdim.
Olmayacaq hər şeyin xəyalını qurarıq, həyata keçməsi mümkün olmayan, bircə gedəcəyimiz son mənzilin necə olduğunu, bizi nəyin gözlədiyini xəyal etmərik. Çünki dünyaya o qədər aludəyik ki, özmüzü bir filmə baxar kimi təsəvvür edirik, bizdən başqa hər kəs ölə bilər bircə biz yox, bu mənim uşaqlıq xəyalıma oxşayır özümüzü nağıllarda düşünərdim kimsə bizim haqqımızda danışır , biz də nağıl danışanın danışdıqlarına əsasən hərəkət edirik. Amma nağılların yalan olduğunu tez anladım.
Çox səy göstərdim babamla qarşılaşacağımız anı xəyalımda canlandıra bilmədim. Yəqin ki, bir dəfə də olsun canlı görmədiyimədir. Axı heç şəkilini belə görməmişdim, solmuş-saralmış bircə rəsmi vardı. Onu da anam bizdən saxlayardı. Atasından qalan tək xatirə o idi deyə qorxurdu onuda biz məhv edərik.
Xəyalımda həmişə bir bağçada oturmuş olaraq özümü təsəvvür edirəm sanki dünyada heç yaşamamış kimi, heç bir qəbahət işləməmiş kimi, nə bir sorğu nə bir sual, mən və təklik... dünyadakı yaşamımdan heç də fərqlənməyən bir mənzərə, ətrafımda boş-boş danışıb bu danışığın onlara heç bir xeyiri olmadığı halda israrla davam etdirən insanları o gözəllikdə yanımda təsəvvür edə bilmirəm.
İnsanlar o qədər lazımsız danışırlar ki, o qədər lazımsız işlərlə məşğul olurlar ki, mən onlardan qorxuram. İnsan olaraq yaşayacağımız iki dünya var, amma mən üçüncüsünü də istəyirəm onlardan qurtulmaq üçün, gözümü o qədər qorxudublar ki, onları orada da eyni halda təsəvvür edirəm.Yadıma bir nağıl düşdü ayı tapan qardaşlar vəsiyyətlərində hər hansı biri vəfat edəndə ayın yarısını kəsib onu məzarına qoymağı istəyirlər. Nəhayət qardaşların hamısı öldüyünə ayın parçaları o dünyada birləşib işıq saçır, ölülər məzarlarından çıxıb hay -küy salmağa başlayırlar ki, artıq yenidən görürük. Yenidən gördüklərin düşündükləri üçün də dinc durmurlar. Qorxuram təzədən yaşanılacaq yer tapdıqlarından ürəklərində qalıb həyata keçməyən bəd niyyətlərini davam etdirsinlər.Halbu ki, anam mənə oranı anladanda deyirdi orada korlar görəcək, lallar danışacaq, karlar eşidəcək, bir sözlə hər hansı bir əskiki olan orda ona sahib olacaq, amma mən yenə də insanlıqları əskik olanları orada insan kimi təsəvvür edə bilmirəm.
Ölmüş birinin gündəliyi: Xəyalların günü olmur