Qadin.NET / Hədiyyə saat

Hədiyyə saat

Hədiyyə saat

Bu gün bir işi görməkdə çətinlik çəkən birinə öz yardımımı təklif etdim. İnsanlar bir-birlərinə yardım etməyi unutduqlarından mənim bu təklifim ona təhqir kimi görünmüş olmalıdır ki, “mən uşağam, mənə kömək etmək istəyirsən?”, dedi. Məgər yardıma möhtac tək körpələrdir? Bəlkə də, dünyada yardıma möhtac olmayan elə körpələrdir. Çünki onlar necə yaşamağı, necə xoşbəxt olmağı böyüklərdən yaxşı bilirlər.

Ətraf təsirlərə baxmayaraq hər ötən gün özümü daha yaxşı və xoşbəxt hiss edirdim. Bu gün ilk dəfə tam əminliklə aynaya baxdım. Əvvəllər bunu etməyə ya qorxurdum, ya da tərifin verə bilmədiyim başqa bir hal olurdu. Təəccüblə tərəddüdün qarışdığı hisslərlə aynaya baxırdım. Özümü axtarırdım. Mən hardayam? Aynada görünən bu mənlərdən hansı əsl məndir? Nə vaxt aynaya baxanda özümü görəcəm? Özümlə tanış olacam? Bu gün o gün idi. Özümü aynada tapa bildim. Çünki qarşımda bir mən durmuşdu, özüm olan mən. Toxundum, həm aynaya, həm özümə mən idim, nəsə möhtəşəm bir kəşf etmiş kimi gülümsəyərək baxan, dəfələrcə özümə baxdım, bu hissi anlatmaq çox çətindir. Çünki aynada özümü görürdüm, kor aynada ilk dəfə özünə necə baxırdısa, mən də elə baxırdım. Heyrətlə, təəccüblə və ən əsası sevinərək. 

Hədiyyə saat

Artıq əvvəlki kimi yalnızlıqdan qorxmurdum. Hər fikirə daldığımda, getdiyim hər yerdə  özümü tək hiss edərdim. Bu insanlar hardadı? Niyə görünmürlər? Bəs mən niyə təkəm? Artıq bu sualları özümə vermirəm. Çünki insanlar məni görməsə də, mən onları görürəm. Mənim üçün kimin məni necə görməsi, mənim haqqımda olan düşüncəsi önəmli deyildi, mənim onları görməyim və onlar haqqında nə düşündüyüm önəmli idi. Bu düşüncələrlə də, artıq özümü yalnız hiss etmirdim.

Keçən hər gün mənə yeni bir ümid, yeni bir həvəs gətirirdi. Bu günün payına hansı düşəcək? Həyacanla və səbirsizliklə gözləyirdim. Əslində bu gün digər günlərdən önəlmli idi. Axı bu gün mən doğulmuşdum. Heç vaxt alacağım hədiyyələr haqqında bir göndərməm olmayıb. Kim nə alsa, sevinərək qəbul etmişəm, bu gündə nə alacağım önəmli deyildi, nə verəcəkləri önəmli idi. İlk baxışdan eyni fikir kimi görünür. Amma məni düşünərək mənə laiq gördüklərini mənə maraqlı idi. 

Hədiyyə saat

Bir dostum mənə divar saat alıb, amma batareyası yoxdur. Batareya almağıda mənim öhdəmə buraxıb. Bunu bilərək və istəyərək, hər hansı bir mənanı verərək aldığını düşünmürəm, çünki bilirəm, büdcəsinə bu uyğun olub. Lakin mən buna başqa məna verdim. Doğurdanda zaman mənim üçün durub, bu vaxta qədər yaşamırdım, indi də yaşadığım sayılmaz, amma nəfəs almağa başlamışam. Saatı evə gətirdim. Evdəkilər təklif etdilər ki, batareya taxıb otağının divarından as, onların dediyi kimi etdim. Saatı divara vurdum, amma batareyasız. Nə vaxt yaşamağa başlasam, o saatı da işlək vəziyyətə gətirəcəm.

Saat işləyib zamanın keçdiyini kimə görsədəcək? Mənəmi? Mən dedim axı, mən yaşamıram.

Ölmüş birinin gündəliyi: bu gün doğum günüm idi.

 

 

 

9 sentyabr 2015
GO BACK